Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Həsən Hüseynlinin oğlu: «Atama qarşı təzyiq həmişə olub»


Həsən Hüseynli
Həsən Hüseynli
-
Martın 31-də Gəncədə saxlanılan QHT rəhbəri Həsən Hüseynlinin hazırda Nizami rayon Polis şöbəsində saxlandığı bildirilir. Hələki ona yaxınları ilə görüş verilmir.

Onun Gəncə Aqar Universitetində oxuyan 19 yaşlı oğlu Azər Hüseynli AzadlıqRadiosuna atasının həbs olunması səbəblərindən danışıb.

Azər Hüseynli
Azər Hüseynli
-Atanızla bağlı hansı məlumatlar var, harda saxlanılır?

- Nizami polisində olduğunu deyirlər. Hətta belə bir məlumat da aldıq ki, polis idarəsinə qolu sarıqlı bir nəfər gətirilib və guya o, atam tərəfindən bıçaqlanıb.

-Həmin adamın kimliyi sizə bəllidirmi?

-Biz bilmirik. Polislərdən də soruşanda deyirlər ki, biz bilmirik, tanımırıq...

-Saxlanmazdan əvvəl atanızla kiminsə arasında hansısa bir problem olubmu?

-Mərkəzi poçtun yanında bir nəfər onu təhqir edib, deyib ki, güya atam hardasa onun ayağını tapdayıb. Həmin adam maşından düşüb atamı sinəsindən vurub, atam da təəccüblənib ki, bu nə məsələdir. Bu hadisədən sonra hadisə yerinə bir qadın gəlib və atama deyib ki, utanmırsan, o cavan oğlanı döyürsən...Bu hadisədən dərhal sonra atam AzadlıqRadioauna bu barədə danışıb və baş verənlərin ona qarşı olan təxribat olduğunu deyib. Ordan evə gələndə isə həbs olunub. İndi də məsələni bıçaqlanmaya gətirib calayıblar.

“ATAMA QARŞI TƏZYİZ HƏMİŞƏ OLUB”

-Atanız indiyə qədər buna oxşar hadisələrlə üzləşibmi?

-Əlbəttə, atama qarşı belə təzyiqlər çox olub. Atamı bir neçə dəfə polisə çağırıblar. Həmişə də atam polisə gedirdi və izahatı alınırdı, evə gəlirdi. Bu dəfə tam fərqli oldu, atamı saxladılar.

-Əvvəllər atanız polisə niyə çağrılırdı ki?

-Atama təzyiqlər rəhbərlik etdiyi təşkilat demokratiya, insan hüquqları, liderlik mövzularında bir sıra layihələr həyata keçirməyə başlamasından sonra başlayıb.

-Söhbət hansı layihələrdən gedir?

-İlk olaraq Amerika səfirlyi, Amerika Təhsil Mərkəzinin maliyyələşdirdiyi Liderlər Akademiyası layihəsi olub. Daha sonra atamın rəhbərlik etdiyi «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzi Marşal Fondunun, Avropa Birliyinin, Avrasiya Fondunun dəstəyi ilə layihələr həyata keçirirdi. Son vaxtlar bu layihələrə tələbələr qoşulmağa başlamışdı. İcra hakimiyyətindən həmişə buna maneələr yaradılırdı. Hətta həmin layihələrdə iştirak edən tələbələr də bir neçə dəfə polis bölməsinə çağrılıb, onlar atamın rəhbəri olduğu mərkəzə niyə gedib-gəldikləri ilə bağlı sorğu-sual edilib.

-Bəs atanızın bu baş verənlərə münasibəti necə olub?

-Həyata keçirilən layihələrin sonunda düşərgələrə gedilirdi. Amma dəfələrlə atama belə düşərgələrin təşkili üçün icazə verməyiblər. Atam Avropa Birliyinə və Amerikanın Azərbaycandakı səfirliyinə müraciət edəndən sonra bu düşərgələrin, kampların keçirilməyinə icazə verilirdi. Əslində məqsəd təşkilatın fəaliyyətini dayandırmaq olub. Atam hər hansı siyasi partiyanın üzvü deyil, sadəcə müxalif fikirli bir insandır. Çoxları bilir ki, atam gənclərin xaricdə təhsil almasında xeyli işlər görüb.

“HƏR ZAMAN İZLƏNİRDİ”

-Deyirsiz atanızı bundan əvvəl də polisə çağırıblar, bəs belə dəvətlər icra hakimiyyyətindən də olubmu?

-Yox, icra hakimiyyətinə çağırmayıblar. İcra hakimiyyətindən daha çox universitet rektorlarına təzyiqlər olurdu ki, onlar tələbələrin atamın keçirdiyi layihələrə qoşulmasının qarşısını alsınlar. Belə ki, hər layihə ilə bağlı keçirilən tədbirlərdə şəkillər çəkilirdi, xəbərlər hazırlanırdı və bununla da mərkəzin fəaliyyəti izlənirdi. Tələbələr deyirdilər ki, bizi hər dəfə rektorluğa çağıranda həmin fotolar qarşımıza qoyulurdu. Sadəcə hər zaman izlənilirdik ki, hardayıq, nə edirik, hansı tədbiri keçiririk və s.

-Azər, bəs sənə qarşı da təzyiqlər olurmu?

-Əlbəttə olur, amma çalışıram ki, ehtiyatlı olum, bütün hərəkətlərimə fikir verirəm, yolda gedəndə belə ehtiyatla gedirəm ki, hər an mənə qarşı hər hansı hadisələrdən uzaq olum. Yəni bacardığım qədər ehtiyatlıyam, amma belə görünür ki, istəsələr hər şey edə bilərlər.

Həsən Hüseynlinin saxlanması ilə bağlı nə Gəncə polisindən hər hansı məlumat almaq mümükün olmayıb.

DİN: HƏSƏN HÜSEYNLİ BIÇAQLA BƏDƏN XƏSARƏTİ YETİRİB

Daxili işlər nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda isə deyilir ki, Həsən Hüseyinli öz həmyerlisi olan Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirdiyi üçün saxlanılıb.

Məlumata görə, qol nahiyəsindən yaralanan Arzu Qəhrəmanov xəstəxanaya yerləşdirilib, Həsən Hüseynliyə Gəncə Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Nazirlik hesab edir ki, mətbuatda Həsən Hüseyinliyə qarşı təxribat törədilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və Həsən Hüseyinli törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb.
XS
SM
MD
LG