Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:14

"...Qorxudan xəbər verən istintaq"


-
Aprelin 30-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

“Leyla Yunusun istintaqa cəlb olunması hakimiyyətin qorxusundan xəbər verir”.
Bunu “Azadlıq” qəzetinə AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib.
“Bu gün Azərbaycanda QHT-lərin fəaliyyəti iflic edilib. QHT rəhbərləri müxtəlif yollarla həbs edilirlər. Leyla Yunusa qarşı baş verənlər də hakimiyyətin bu adamdan qorxduğunu göstərir. Çünki Leyla Yunus öz fəaliyyəti ilə müstəsna işlər görüb və Azərbaycandakı vəziyyəti dünya miqyasına çıxarıb. Hakimiyyət beynəlxalq aləmdə ifşa olunmamaq üçün Leyla Yunusu zərərsizləşdirmək istəyir”.

LEYLA YUNUSLA BAĞLI BIR SIRA SUALLAR

“Yeni Azərbaycan” isə yazır ki, “Leyla Yunus hər zaman anti-azərbaycançı mərkəzlərin “istinad nöqtə”lərindən olub”. Qəzet yazır ki, “əgər Rauf Mirqədirova açılmış cinayət işi ilə bağlı hansısa qaranlıq bir məqam yoxdursa, görəsən L. Yunus hansı səbəblə tələb-tələsik Azərbaycanı tərk etmək məcburiyyəti hiss edir? İkinci bir tərəfdən, onun Fransa səfirliyi tərəfindən 2 saat içində 5 illik viza ilə “təmin olunması” da bir sıra suallar yaradır”.

Leyla Yunusla bağlı xəbərləri ətraflı burdan oxu


AZƏRBAYCAN İNDİ TƏKLİF OLUNANI BƏYƏNMİR


“Avropa İttifaqı tərəfindən indi təklif olunan Assosiasiya çərçivəsi Azərbaycanın və Avropa İttifaqı ehtiyaclarını əks etdirmir”.

“Media forum” saytı yazır ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu sözləri Vişeqrad Qrupu-Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edərkən deyib.

Amma nazir “biz ikitərəfli strateji çərçivəni inkişaf etdirmək üçün Avropa İttifaqı ilə yaxından işləməyə hazırıq”deyə, bildirib.

“...ƏLLƏRİMLƏ ONU BOĞARAM...”

“Elşad Abdullayev Bakıya gəlsə əllərimlə onu boğaram”. “Yeni Müsavat” yazır ki, bunu aprelin 29-da Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə həbsdə olan keçmiş deputat Gülər Əhmədova deyib.

“Mənə 94-cü ildə dedilər ki, Azərbaycanı dağıtsa bu Elşad dağıdacaq”.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev Fransaya mühaciət edəndən sonra qalmaqallı video yayıb və həmin video yayılandan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Daha sonra o həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 3 il azadlıqdan məhrum edilib. Hökmə görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb.

Apellyasiya şikayətində Gülər Əhmədovaya bəraət verilməsi xahiş olunur.

“...AZƏRBAYCAN ÜÇ İSTİQAMƏTDƏ İTİRƏ BİLƏR”

“Bizim yol” qəzetinə görə, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından Azərbaycan da ziyan çəkə bilər. Qəzet bu qadağaların Azərbaycan iqtisadiyyatına üç istiqamətdə zərər vura biləcəyini qeyd edir.

“Birincisi, Rusiya iqtisadiyyatının zəifləməsi orada yaşayan 2 milyondan çox azərbaycanlının sosial yaşayışını ağırlaşdıra bilər. Habelə bu ölkədən Azərbaycan ailələrinə göndərilən vəsaitin həcmi azala bilər. İkincisi, sanksiya tətbiq olunan şirkətlərlə Azərbaycan şirkətləri arasındakı hər hansı bir əməkdaşlığa mənfi təsir göstərəcək. Nəhayət, Dövlət Neft Fondunun investisiyaları təhlükədədir...”
XS
SM
MD
LG