Mətbuatda infrastruktur layihələrinin keyfiyyətinə şübhə yaradan təhlillər tez-tez yer alır. İnfrastruktur layihələri deyəndə, əsasən yolların, rabitənin və s. əsas baza sahələrin inkişafı üçün həyata keçirilən işlər başa düşülür. Müstəqil jurnalist Çingiz Sultansoy Avropa və Asiya arasında İpək yolunun bir hissəsi olan Bakı-Qazıməmməd magistralının keyfiyyəti ilə bağlı araşdırma aparıb. Onun dediyinə görə, həmin yola 36 milyon dollar xərclənib, bunun çox hissəsini – 32 milyon dollarını kredit kimi İslam İnkişaf Bankı və Ərəb İqtisadiyyatlarının İnkişafı Küveyt Fondu ayırıb, qalan 4 milyon dollar isə dövlət büdcəsindən verilib. Keçən il həmin 44 kilometrlik yolun təntənəli açılış mərasimi olub, amma cənab Sultansoy deyir ki, bundan cəmi bir neçə ay sonra yolun keyfiyyətsiz salındığı aşkarlanıb: «Açılış mərasimindən iki ay keçməmiş yolda çatlar və çalalar əmələ gəldi. Amma buna görə heç kəs cəzalandırılmadı».Çingiz Sultansoy araşdırmalar zamanı yolun tikintisində yeyinti hallarına yol verilməsi qənaətinə gəlib.
Bakı-Qazıməmməd yolunu Türkiyənin «Turan Xəzinədaroğlu» şirkəti tikib. Hakimiyyət nümayəndələri də sözügedən şirkətin keyfiyyətsiz iş görməsiylə razılaşırlar. Amma Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyev bunun istisna hal olduğunu deyir və bütün infrastruktur layihələrinin keyfiyyətinə şübhəylə yanaşmağı düzgün saymır. Onun sözlərinə görə, bu cür layihələrin həyata keçirilməsi əsasən xarici şirkətlərə tapşırılır, onlar da əksər hallarda öhdələrinə düşən işi vaxtında və keyfiyyətlə başa vururlar: «Xarici şirkətlər yerli şirkətlərlə müqayisədə daha dəqiq işləyirlər, həm işləri vaxtında, həm də keyfiyyətli görürlər».
Cənab Haqverdiyev deyir ki, bəlkə də 5-6 il həyata keçirilən layihələrə nəzarət zəif olub. Amma onun sözlərinə görə, artıq Nəqliyyat Nazirliyinin tərkibində yolların keyfiyyətinə nəzarət edən ayrıca bölmə var.
Azərbaycanda yol, suvarma və bəzi başqa infrastruktur layihələri həyata keçirən beynəlxalq qurumlardan biri də Dünya Bankıdır. Bankın Bakıdakı nümayəndəliyinin əməkdaşı Zaur Rzayev deyir ki, onlar dünyanın başqa ölkələrində olduğu kimi, Azərbaycanda da kredit verməklə işlərini bitmiş saymırlar, tenderlərin keçirilməsi və işlərin keyfiyyəti ilə bağlı yerli hökumət və icraçı şirkətlər qarşısında şərtlər irəli sürürlər. Belə bir nəzarət mexanizmi olduğu üçün onların maliyyəsi ilə həyata keçirilən layihələrin keyfiyyətindən narazılıqları yoxdur.
«Turan» İnformasiya Agentliyinin eksperti Toğrul Cuvarlı isə bildirir ki, heç də bütün beynəlxalq qurumlar verdikləri kreditlərin aqibəti ilə maraqlanmırlar. Onun fikrincə, dövlət büdcəsinin vəsaiti ilə həyata keçirilən infrastruktur layihələrinə nəzarət daha zəifdir. Cənab Cuvarlı deyir ki, kreditlər Azərbaycana elə-belə verilmir, həmin pulları sonradan faizlə qaytarmaq lazım gələcək. Onun fikrincə, layihələr keyfiyyətsiz icra edilərsə, bu, ölkənin gələcəyi üçün problem yarada bilər: «İnfrastruktur layihələrinin həyata keçirilməsi hər bir ölkə üçün çox vacibdir, bu, iqtisadiyyatın inkişafına xidmət edir. Amma pul düzgün xərclənmirsə, onda 5, 10 ildən sonra bunları yenindən qurmaq lazım olacaq və onda dövlətin pulu olmaya da bilər».
Hökumət neftdən gələn pullarla yaxın illərdə daha çox infrastruktur layihələri həyata keçirmək niyyətində olduğunu deyir. Toğrul Cuvarlı isə hesab edir ki, belə layihələrin icrasına Hesablama Palatası və Maliyyə Nazirliyi ciddi nəzarət etməlidir. Hətta qeyri-hökumət təşkilatları da bu məsələdə şəffaflığı təmin etməli və cəmiyyəti xərclənən pulların aqibəti ilə bağlı mütəmadi məlumatlandırmalıdır.