Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:25

Dünyada azad olmayan 45 ölkə və 8 ərazi var


«Freedom House» ölkələrin 46 faizini azad, 30 faizi isə qismən azad ölkə adlandırıb
«Freedom House» ölkələrin 46 faizini azad, 30 faizi isə qismən azad ölkə adlandırıb

Ofisi Vaşinqtonda yerləşən «Freedom House» təşkilatının araşdırmalarına görə, dünyada azad olmayan 45 ölkə və 8 ərazi var. Pislərin pisi, yəni insan haqlarını ən çox pozan ölkələr Birma, Kuba, Liviya, Şimali Koreya, Sudan, Suriya, Türkmənistan və Özbəkistandır. Təşkilat reytinqində bu ölkələrə ən aşağı -7 bal qiymətini verib. Azad ölkələr bir balla qiymətləndirilib. Təşkilat ölkələrin 46 faizini azad, 30 faizi isə qismən azad ölkə adlandırıb.


Hesabatı ABŞ Konqresinə təqdim edən, «Freedom House»un İcraçı Direktoru Cennifer Uinsdor BMT-nin yeni yaradılmış İnsan Haqları Şurasını və demokratik ölkələri hesabatda qeyd olunmuş problemlərə diqqət ayırmağa çağırıb.


Sentyabrın axırlarında BMT-nin İnsan Haqları Şurası Cenevrədə ilk toplantısını keçirəcək. İnsan Haqları Şurasının 47 üzvündən üçü Çin, Kuba və Səudiyyə Ərəbistanı «Freedom House»un pislərin pisi siyahısına daxil edilib.


«Freedom House» təşkilatı Vaşinqtonda yerləşir. Müstəqil və qeyri hökumət təşkilatı olan Freedom House son bir il ərzində 192 ölkədə və 14 ərazidə azadlığın səviyyəsi ilə bağlı araşdırma aparıb. Təşkilatın istifadə etdiyi metodologiyada ölkələr siyasi hüquqların və mülki azadlıqların səviyyəsinə uyğun olaraq azad, qismən azad və azad olmayan ölkələr kateqoriyasına bölünür.


Xatırladaq ki, Azərbaycanda BMT-nin İnsan Haqları Şurasına üzv seçilib. Bununla belə, «Freedom House» Azərbaycanı azad olmayan ölkə kimi göstərir. Təşkilat Azərbaycandakı siyasi azadlıqlara 6, mülki azadlıqlara 5 bal verib. Azərbaycanla müqayisədə Gürcüstan və Ermənistan daha yaxşı qiymətə, qismən azad ölkə statusuna layiq görülüb.


«Freedom House»un Budapeştdəki Avropa ofisinin əməkdaşı Kristi Evenson deyir ki, Azərbaycanın reytinqdə aşağıda göstərilməsinin bir səbəbi də 2005-ci ildəki parlament seçkilərinin ciddi pozuntularla keçməsi və buna görə geniş tənqid olunmasıdır: «Azərbaycanın topladığı bal əvvəlki illərdə olduğundan fərqlənmir. Belə ki, biz hesabatın əhatə etdiyi dövrdə siyasi islahatların aparılması üçün cəhdlər görməmişik. Bizim gördüyümüz mübahisəli seçki prosesi, ədalətli görünməyən məhkəmə prosesləridir, sərbəst toplaşmaq məsələsi də Azərbaycanda problem olaraq qalır».


Hakim Yeni Azərbaycan partiyasından Milli Məclisin üzvü Aydın Mirzəzadə «Freedom House»un Azərbaycanı qeyri azad ölkə adlandırması ilə razılaşmır. O hesabatı qərəzli adlandırır: «Freedom House Azərbaycanı, görülən işdən fərqli olmayaraq həmişə mənfi qələmə verməyə çalışır. Heç vaxt inkişafı görmək istəmir. Ona görə də, Azərbaycanda bu təşkilata biganə qalmalıdır».


Keçmiş prezident Heydər Əliyevin dövründə Azərbaycan bir neçə il ardıcıl «Freedom House»un illik hesabatlarında qismən azad ölkə kimi göstərilmişdi. Lakin son iki ildə Azərbaycan qeyri-azad ölkə kateqoriyasında möhkəmlənib.


Müxalifətdəki Müsavat partiyasının başqanı İsa Qəmbər isə «Freedom House»un hesabatını obyektiv sayır: «Burada təəccüblü heç nə yoxdur, çünki Azərbaycanda avtoritar, polis rejimi hökm sürür. Verilən qiymət, təəssüf ki, gerçəkliyə uyğundur».


Ümumiyyətlə isə, «Freedom House»un araşdırmaları dünyada son on ildə azadlıqların azalmasına deyil, artmasına doğru təmayülün olduğunu göstərir.


XS
SM
MD
LG