DONBASS: MÜHARİBƏNİ YOXSA DÖYÜŞÜ UDUZAN UKRAYNA
Ötən həftə ərzində Rusiyameylli yaraqlıların əks-hücumları haqda müxtəlif fikirlər var. Ukrayna tərəfi itkilərin ağırlığına baxmayaraq əmin edir ki, Ukrayna ordusu döyüşü uduzub, müharibəni yox, həm də Donbass separatçılarına yox, arxadan hücuma keçən Rusiyanın nizami hərbi hissələrinə. Separatçılar isə əmindirlər ki, müharibənin gedişində dönüş yaranıb. Rusiyameylli mənbələr Ukrayna ordusunun daha bir istiqamətdə məğlubiyyətinin qaçılmaz olduğunu xəbər verir - Azov dənizi sahilindəki Mariupol şəhərinin mühasirəyə alındığı iddia olunur. Ukrayna tərəfi bunu inkar etsə də, vəziyyətin həqiqətən necə olduğunu məyyənləşdirmək mümkün deyil. Ancaq o məlumdur ki, Mariupolun şərqində və şimalında olan kəndlər separatçıların əlinə keçib. Bunu dolayısı ilə Mariupolda çəkilən video təsdiq edir. Bu şəhərin yaxınlığında olan Şirokino kəndindən Ukrayna sərhədçilərinin hərbi kateri sıradan çıxarılır. Yerli media 6 nəfərin yaralandığını, katerin isə sıradan çıxdığını yazır.
Avqustun 31-də xəbər yayıldı ki, separatçılar daha bir uğur əldə edib, uzun müddət Ukrayna ordusunun əlində olan Donetsk aeroportunu ələ keçirib. AzadliqRadiosunun Donetskdə olan müxbiri bu xəbəri təsdiqləmir, bildirir ki, aeroport tərəfdə döyüşlər qeydə alınmayıb, şəhərin başqa rayolarında isə bombardıman və atəş səsləri eşidilir.
İlovaysk mühasirəsindən Ukrayna hərbi hissələrinin qalıqlarının çıxması haqda xəbərlər gəlməkdə davam edir. Ümumi mənzərə belədir ki, humanitar dəhliz verməyi vəd edən Rusiyameyllilər onları atəşə tutduğundan mühasirədən döyüşə-döyüşə çıxıblar. Rusiyameylli saytlar İlovaysk yaxınlığında əsir düşən Ukrayna əsgərlərinin videoları ilə dolub. Bir çox hallarda onların alcaldılması səhnələri var. Öz növbəsində, Ukrayna tərəfi mühasirədən çıxan hərbi hissələrdən birinin yolüstü Rusiya desantçılarını əsir aldığını iddia edir.
Ukrayna təhlükəsizlik xidməti növbəti telefon danışığının səsini yayıb. Separatçı DNR qurumunun lideri A.Zakharchenko ilə Moskva nümayəndəsinin söhbəti ehtimal olunan bu səs yazısında İlovaysk yaxınlığında əsir düşən Ukrayna əsgərləri ilə bağlı xüsusi plan müzakirə olunur. Bildirlir ki, Qərb DNR və LNR-i terrorçu təşkilat siyahısına daxil etmək istədiyindən Moskva onları qabaqlamaq və Ukrayna ordusunun hərbi cinayətləri haqda dünyaya səs salmaq istəyir. Bunun üçün Zakharchenkodan xahiş olunur ki, Ukrayna əsirlərinin Moskvadan gələn xüsusi istintaq qrupu tərəfindən dindirilməsinə şərait yatadılsın.
UKRAYNA GƏMİSİNİ RUS AVİASİYASI VURUB
Azov dənizində Ukrayna hərbi katerinin havadan vurulduğu da iddia olunur. Sosial mediada yayılan bu fotonu təsdiqləmək imkanımız yoxdur. Lakin 6 nəfərin yaralandığı, gəminin isə yandığı bu hücumun separatçıların əlində olan Şirokino qəsəəbəsindən həyata keçirilməsi ehtimalı ilə rəqabətə girə biləcək güclü arqumentdir. Deyəsən, Ukraynanın təyyarələrini sıradan çıxaran Rusiyameyllilər (Rusiya?) indi də onun gəmilərinə keçiblər.
Xatırladırıq ki, bütün bunlar Ukraynanın NATO-ya daxil olmaq arzusunu, NATOnun isə yox demək fikrində olmadığını dilə gətirdiyi bir vaxta təsadüf edir.
#Ukrayna Böhran üzrə kontakt qrupu bu gün görüşür http://t.co/HnWIjvPeur
— AzadliqRadiosu (@RadioAzadliq) 1.9.2014
Kontakt qrupunun iclasına Donetsk separatçıları da gəlib
Ukrayna böhranı üzrə kontakt qrupunun iştirakçıları Minskə gəlib.
İclasın təşkilatçısı ITAR-TASS agentliyinə deyib ki, özünü Donetsk Xalq Respublikası adlandıran separatçıların nümayəndə heyəti də iclasa gəlib.
Kontakt qrupunda Ukrayna, Rusiya, ATƏT təmsil olunub.
İclas ərəfəsi Rusiyanın xarici işlər naziri Lavrov ümid etdiyini bildirib ki, bu iclas Ukraynanın şərqində şərt qoyulmadan dərhal atəşkəs elan olunması məsələsinə baxacaq.
Ukrayna üzrə kontakt qrupu sentyabrın 1-də Minskdə toplaşır.
Avqustun 31-də Rusiya prezidenti Vladimir Putin deyib ki, «Ukraynanın şərqində yaşayan əhalinin qanuni maraqlarının qorunması məqsədilə həmin ərazidə dövlətçilik» üzrə danışıqlar aparılmalıdır. Putinin sözçüsü Dmitry Peskov daha sonra bildirib ki, Putinin bəyanatı DNR və ya Ukraynanın separatçı Luqansk ərazisinə Kremlin dəstəyi anlamına gəlmir. Peskov deyib ki, bu regionlar Ukraynanın bir hissəsi olaraq qalmalıdır.