Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:54

Rəqabətə davamlılığına görə Azərbaycan 64-cü yerdədir


«Gön-Dəri» zavodu, 5 may 2005
«Gön-Dəri» zavodu, 5 may 2005

ABŞ iqtisadiyyatı rəqabətə davamlılıqda liderliyi itirdi. İqtisadiyyatın rəqabətə davamlılığı baxımından bu il birincilik Birləşmiş Ştatlardan İsveçrəyə keçdi. Cenevrədəki Dünya İqtisadi Forumunun tərtib etdiyi siyahıya görə, ötən il rəqabət qabiliyyətinə görə, birinci yerdə olan ABŞ iqtisadiyyatı bu il 6-cı yerə düşüb. İlk beşlikdə İsveçrənin ardınca Finlandiya, İsveç, Danimarka və Sinqapur gəlir.


Səbəb nədir? Niyə iqtisadiyyatın rəqabətə davamlılığı bəzi ölkələrdə irəliləyir, bəzilərində geriləyir, bəzilərinin iqtisadiyyatı isə ümumiyyətlə, rəqabətə davamlı deyil? Forumun baş iqtisadçısı Auqusto Lopez Klarosun sözlərinə görə, Birləşmiş Ştatların iqtisadiyyatı rəqabətə davamlı olaraq qalır. Birinciliyi əldən verməsini isə Karlos ölkənin büdcə kəsiri ilə izah edir.


Ümumiyyətlə isə, rəqabətə davamlılıq bir neçə meyar əsasında götürülür. Qurumlar, infrastruktur, makroiqtisadi idarəçilik, səhiyyə və təhsil, texnoloji hazırlıq, biznes səriştəsi və innovasiyalar.


Keçmiş kommunist ölkələri arasında rəqabətə davamlı iqtisadiyyatı 125 ölkə arasında 25-ci yerdə olan Estoniya yaradıb. Onun ardınca 29-cu yerdə Çexiya gəlir. Rəqabətə davamlılığına görə 64-cü yerdə olan Azərbaycan iri qonşularından bir az geri qalır. Amma Ermənistanla Gürcüstanı xeyli üstələyir. Türkiyə 59-cu, Rusiya 62-ci, Ermənistan 82-ci, Gürcüstan 85-ci yerdədir. İranla bağlı hesablama aparılmayıb.


ABŞ iqtisadiyyatı rəqabətə davamlılıqda liderliyi itirdi. İqtisadiyyatın rəqabətə davamlılığı baxımından bu il birincilik Birləşmiş Ştatlardan İsveçrəyə keçdi.

Bakıdakı İqtisadi Araşdırmalar Mərkəzinin eksperti Azər Mehtiyev «Azadlıq» radiosuna müsahibəsində bu göstəricinin dolayısı ilə neft amilinə bağlı olduğunu deyir. İqtisadiyyatın inkişafının birtərəfli olması barədə mütəxəssislər arasında geniş yayılmış fikirlərlə Azərbaycan hökuməti razılaşmır. İqtisadi İnkişaf naziri Heydər Babayev bu yaxınlardakı çıxışında qeyri-neft sektorunda 10 faiz artım olduğunu demişdi. Rəqabətə davamlılıq reytinqi çox hallarda ölkələrin iqtisadi qüdrətləri ilə uzlaşmır.


Bunun səbəbi nə ola bilər? Siyahının başında duran İsveçrənin misalına qayıdaq. Dünya İqtisadi Forumu bu ölkənin ən rəqabətə davamlı iqtisadiyyat yaratmasını belə izah edir: «İsveçrənin ən yüksək reytinqi dünya səviyyəli innovasiyalar imkanı və yüksək dərəcədə mükəmməl biznes mədəniyyətinin bir arada olmasıdır. İsveçrənin elmi araşdırmalar üçün inkişaf etmiş infrastrukturu var və araşdırma mərkəzləri ilə sənaye əlbirdir. Şirkətlər araşdırma və inkişafa səxavətlə pul xərcləyirlər». Bu izahdan belə görünür ki, ilk baxışdan iqtisadi faktor kimi görünməyən amillər də iqtisadiyyatın rəqabətə davamlılığında önəmli rol oynayır.


İqtisadçı Azər Mehtiyevə görə, Azərbaycan innovasiyaları önə çəkən bir yol tutsa, iqtisadiyyatın rəqabətə davamlılığı artardı: «Ölkə iqtisadiyyatının neftdən asılılığının gücləndiyi bir şəraitdə qeyri-neft sektorunun inkişafı üçün çox vacib olan innovasiya sferası hələ ki, tənəzzüldədir».


Rəqabətə davamlı iqtisadiyyatlarla bağlı reytinqin açıqlanması bir məsələyə görə də maraqla gözlənə bilərdi. Dünya iqtisadiyyatında balansı dəyişəcək potensialı ola bilən dörd ölkənin, yəni Hindistan, Çin, Rusiya və Braziliyanın iqtisadiyyatı gerçəkdən nə vəd edir? İndi aydın olur ki, 125 iqtisadiyyatın rəqabətə davamlılığı siyahısında onların hamısı orta yerləri tuturlar. Hindistan 43-cü, Çin 54-cü, Rusiya 62-ci, Braziliya 66-cı.


XS
SM
MD
LG