Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:37

Azərbaycanın siyasətdə Şərq, sərvətdə Qərb olmaq arzusu təhlükədə


İlham Əliyev Moskvada
İlham Əliyev Moskvada

-

Cənubi Qafqaz üzrə tanınmış təhlilçi Thomas De Waal ABŞ-ın Xarici Əlaqələr Şurasının «Foreign Affairs» məcmuəsində Ukraynadakı böhranın digər postsovet ölkələrinin xarici siyasətini sərt seçimlə üzləşdirdiyini iddia edir.

De Waal eyni məcmuədə dərc olunmuş başqa bir müəllifin – London Universitetindən James Yan-ın məqaləsinə istinadən yazır ki, Azərbaycan indi ya Qərbin liberal qayda-qanunlarından geri çəkilməli, Rusiya və İranla daha rahat münasibətlərdə olmalı, ya da tam Qərbə arxalanıb regional çətinliklərə sinə gərməlidir.

Thomas De Waal bununla razılaşmır və düşünür ki, məsələ bir az başqa cürdür. Təhlilçinin fikrincə, özünün enerji sərvəti ilə qüvvətlənmiş Azərbaycan indi belə hesab edir ki, üçüncü bir yolu seçəcək qədər qüdrətlidir. Yəni bu yolla həm Rusiyasayağı avtoritar model qurmaq olar, həm də enerji və təhlükəsizlik məsələlərində özünü Qərbin «strateji partnyoru» kimi göstərə bilər.

Təhlilçinin qənaətinə görə, indi Azərbaycanın bu «üçüncü yolu» sınağa çəkilir. Müəllif son aylarda Azərbaycanın insan hüquqlarına Avropada ən şiddətli hücumlarına və Ermənistanla münasibətlərdə daha davakar mövqeyinə diqqət çəkir.

HƏRB VƏ NEFT

Thomas De Waal yazır ki, Azərbaycan özünün türklüyü və şiə məzhəbi, ancaq dünyəvi ənənələri, demokratik, eyni zamanda avtoritar tarixi ilə keçmiş Sovet İttifaqının ən mürəkkəb və maraqlı ölkəsidir.

De Waal-ın qənaətincə, qonşu Ermənistanla münaqişədən məğlub çıxması Azərbaycanın bütün sonrakı xarici siyasətində dərin iz buraxıb.

Müəllif yazır ki, indi yaşanan ikinci neft gəlhagəli Azərbaycan siyasətini formalaşdıran bir başqa önəmli faktora çevrilib.

Bakıda «əsrin kontraktı»nın imzalanması - 1994
Bakıda «əsrin kontraktı»nın imzalanması - 1994

Məqalədə deyilir ki, hakimiyyətin Heydər Əliyevdən oğluna ötürülməsi də 20 il əvvəl xarici investorlarla imzalanmış sərfəli neft kontraktı fonunda baş verib.

Müəllif qeyd edir ki, neft gəlhagəli Azərbaycanda 2000-ci illər ərzində dünyanın ən böyük iqtisadi artımını təmin edib və ona postmüstəqillik dönəmində yoxsulluğun kökünü kəsməyə, müharibə qaçqınlarını evlə təmin etməyə imkan yaradıb. Ölkə BMT Təhlükəsizlik Şurasına üzv olub, «Eurovision» Avropa Mahnı Müsabiqəsinə ev sahibliyi edib.

NAZİR OLİQARXLAR

De Waal daha sonra fikrini belə tamamlayır: «...amma bu, yeni oliqarx sinfini də yaradıb».

Məqalədə bildirilir ki, yeni zənginlərin şəxsi təyyarə də almaq imkanı var, Avropanın futbol klublarını da.

De Waal-ın fikrincə, elə buna görə siyasi elitanın başlıca niyyəti mövcud siyasi və iqtisadi iyerarxiyanı qoruyub saxlamaqdır.

O yazır ki, fövqəladə hallar, nəqliyyat və daxili işlər nazirləri – Kəmaləddin Heydərov, Ziya Məmmədov və Ramil Usubov kimi oliqarx-siyasətçilər öz siyasi nüfuzlarından sərvətlərini qorumaqdan ötrü yararlanırlar:

«Prezident imtiyazlı bir şəkildə dövlətin başında oturub, ancaq o da tabeliyində olanların hamısına tam nəzarət edə bilmir».

İlham Əliyev Seulda Nüvə Təhlükəsizliyi sammitində - 2012
İlham Əliyev Seulda Nüvə Təhlükəsizliyi sammitində - 2012

Məqalədə deyilir ki, bu oliqarx-nazirlər özlərinə tam legitimləşdirilmiş silahlı qüvvələr yaradıblar.

VAŞİNQTON YENİ KREMLDİRMİ?

Təhlilçi daha sonra yazır: «Azərbaycanın xarici siyasəti məhz bu kontekstdə anlaşılmalıdır, ölkə elitası xarici qüvvələrlə bağların qurulmasında maraqlıdır. Düzdür, bir şərtlə ki, bu, daha böyük hədəflə – Azərbaycanın avtoritar quruluşunu qoruyub saxlamaq hədəfi ilə toqquşmasın».

Müəllif Heydər Əliyevin 1990-cı illərə aid bir kəlamını da xatırladır: «Vaşinqton yeni Kremldir».

Azərbaycanın özünü Qərb rəsmilərinə üç baxımdan sərfəli tərəfdaş kimi təqdim etdiyini bildirən De Waal yazır ki, bu ölkə Əfqanıstana gedən hərbi yüklər üçün tranzitdir, İsraillə yaxındır və İrana qarşı sanksiyaların həyata keçirilməsində rol oynayır, üstəlik, Rusiyaya alternativ olaraq, Avropadan ötrü enerji təchizatçısıdır.

Müəllif, nə qədər doğru olsa da, bütün bunların aşırı qiymətləndirilməməsi zərurətini vurğulayır. O bu zaman artıq Vaşinqtonun İranla dialoqda olmasına, bir zamanlar ambisiyalı Cənub Dəhlizi Layihəsinin yığcamlaşdırılmasına diqqət çəkir.

Foto: Arxiv
Foto: Arxiv

Hazırkı plana görə, Azərbaycan 5-6 ildə Cənubi Avropaya – İtaliya və Yunanıstana 10 milyard kubmetr qaz axıdacaq. Bu, Avropanın ümumi qaz istehlakının yalnız iki faizidir:

BAL AYI BAŞA ÇATIR

«Belə görünür ki, Azərbaycanın Qərbin əsas neft nəhəngləri ilə bal ayı da başa çatmaqdadır. Fransanın «Total» şirkəti öz payını satıb, Norveçin «Statoil» şirkəti isə öz töhfəsini xeyli azaldıb. Bakı indi yeni variantlar axtarır».

Müəllif düşünür ki, sentyabrın 12-də SOCAR-ın Malayziyanın «Petronas» dövlət neft şirkəti ilə imzaladığı saziş bu baxımdan dönüş nöqtəsi ola bilər.

De Waal Azərbaycanın Rusiya ilə münasibətlərinin mürəkkəb olaraq qalmasını da diqqətə yetirir və yazır ki, keçmiş ağasına şübhə Azərbaycan milli ideologiyasının özəyindədir.

Müəllif indi Rusiya ilə hər zaman olduğundan daha yaxın münasibətlərin mövcudluğunu da qeyd etməyi unutmayıb.

XS
SM
MD
LG