Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:44

«Türklər çirkli işi görməyəcək»-Mətbuat icmalı


-

Erdogan niyə İD yaraqlılarına qarşı getmək istəmir?

O doğrudanmı bunun əvəzində Bashar Asadi devirmək istəyir? Qərb Türkiyənin hərəkət etməsini istəyirsə, bunun nəticələrini də hesablamalıdır.

Diktatoru yıxmaq prinsip, şərəf məsələsidir, ancaq dikaturadan da pis vəziyyət olarmış.

Ebola dünyaya bir ilə 32 milyard dollar ziyan vura bilər.

Erdoganın təhlükəli oyunu. New York Times qəzetindəki məqalə belə adlanır. Qəzet yazır ki, bir vaxtlar müsəlman dünyasının lideri olmaqda iddialı Erdogan bu dəfə də liderdir. Ancaq başqa cür. Türkiyə tankları sərhəddə passiv dayanıblar. Bu, Erdoganın sinik siyasi hesablamasıdır.

Kobanidə kürdlərə kömək etməkdən imtina edən Erdogan nəinki kürdləri zəiflətmək istəyir, o həm də Obamanın iradəsini sınaqdan keçirmək istəyir ki, ABŞ Türkiyəyə Suriya lideri Bashar Assadi devirməyə kömək edəcəkmi?

Erdogan qorxur ki, Suriya kürdlərinin müdafiəsi kürdləri gücləndirsin. Ancaq evdə oturmaq da ona mürəkkəb vəziyyət yaradır. Onun Suriya kürdlərinə kömək etmək istəməməsi kürdlərin hökumət əleyhinə nümayişlərinə gətirib, nəticədə 21 adam ölüb. İslam Dövləti yaraqlıları Kobani şəhərini tutanda isə kürdlərin qəzəbi alovlanacaq.

“QƏRB ƏLİNİ BATIRMAQ İSTƏMİR”

Daily Telegraph qəzeti başlığa çıxarıb ki, "Türklər Qərbin yerinə çirkli işi görməyəcək". Əgər bu, kürdlərin müstəqilliyinə gətirirsə, Türkiyə ordusu islam dövləti yaraqlılarını əzməyəcək.

Qəzet yazır ki, Qərb İslam Dövləti yaraqlılarını dağıtmaq istəyir, ancaq “əlini batırmaq istəmir”. “Ayağının yerə dəyməsi Obama və Cameron üçün tabudur”.

Ona görə bütün gözlər Türkiyəyə dikilib ki, problemi Ankara həll etsin.

NATO-da ikinci ən böyük ordusu olan Türkiyə İD yaraqlılarını asanlıqla əzə bilər. Ancaq ABŞ Dövlət katibi John Kerrynin çağırışlarına baxmayaraq sərhəddə dayanan Türkiyə tankları yerindən tərpınmir.

Kobani kürd şəhəridir, əsas məsələ də bundadır. Sərhəddin hər iki tərəfində kürdlər Türkiyənin hərəkət etməsini istəyir və tələb edir. Türkiyə isə gözləyir. Türkiyənin NATO tərəfdaşları üçün vəziyyət aydındır: İD problemdir və kürdləri silahlandırmaq lazımdır. Türkiyə üçünsə, kürdlərin dövlət iddiaları ölümcül təhlükədir.

Reallıq budur ki, 2002-ci ildən Türkiyənin və onun Qərb müttəfiqlərinin baxışları bu məsələdə ayrılır.

Qəzet onu da yazır ki, Erdoğan İD yaraqlılarına zərbə endirməyə razılaşsa bunun əvəzində nə istəyəcək?

Bashar Assad rejimini dəyişməyə icazə verməsələr Erdogan hərəkət etməyə bilər.

İstənilən hərəkət isə birtərəfli olacaq. Regionda diktə edən Vaşinqton və ya London olmayacaq. Yalnız Ankara olacaq. İD problemi yox olacaq. Ancaq yeni vəziyyət qaneedici olacaqmı? Məsələn, İsrail Suriyada Assadin yerinə Türkiyə vasitəsilə Hamasın gəlməsinə şad olacaqmı?

Qəzet yazır ki, Türkiyəni oyuna qoşmaq istəyənlər bütün bunları hesablamalıdırlar. İD yoxa çıxacaq, dünya isə başqa başağrısı qazanacaq.

DİKTATOR DEVRİLƏNDƏ...

Almaniyanın Spiegel qəzeti yazır ki, hər hansı bir ölkədə diktator devriləndə sevinirik. Ancaq İraq müharibəsi , indi də İslam Dövləti yaraqlıları göstərir ki, diktatorların alternativi onlardan da pis ola bilər.

Qəzet yazır ki, 2003-cü ildə almaniyalı müəllif Hans Magnus Enzensberger Saddamın devrilməsini bayram edirdi. O niyə yadda qalıb? Çünki o vaxt Almaniya ictimaiyyəti demək olar ki, bütünlüklə ABŞ-ın İraqa müdaxiləsinin əleyhinə idi. Yalnız Enzensberger kimi şəxslər buna haqq qazandırırdı.

Qəzetin müxbiri Christiane Hoffman yazır ki, o, Saddam Huseinin devrilməsi ərəfəsi İraqda Halabja şəhərində olmuşdu. 1988-ci ildə Saddam Husein burda zəhərli qazla minlərlə kürdü öldürmüşdü. Uşaqlar küçədə oynadığı, qadınlar dükana getdikləri yerdəcə ölmüşdülər. Müxbir yazır ki, o, salamat qalanlarla görüşmüşdü.

Onların ağ ciyərləri demək olar ki, məhv edilmişdi. Onlar da yavaş-yavaş ölüb-gedirdilər. O bunları görəndə qəti qərara gəlib ki, diktatoru devirmək prinsip məsələsidir.

Ancaq Hoffman yazır ki, bütün bunların sonunda 10-12 ildən sonra belə çıxır ki, İraqa müdaxilənin əleyhinə olanlar daha haqlı imiş.

2003-cü ildə Enzensberger yazırdı ki, bəziləri İraqa müdaxilədə 200 min adamın ölə biləcəyini deyir, bu, proqnoz absurddur. Ancaq 11 ildən sonra məlum olur ki, ölənlərin sayı dəfələrlə çoxdur. Regionda xaos və anarxiya yarandı. Bu da İslam Dövləti yaraqlılarının meydana çıxmasına yol açdı.

EBOLA 32 MİLYARD ZİYAN VURA BİLƏR

Dünya Bankı bildirir ki, Ebolanın dünya üçün fəlakətli iqtisadi nəticələri ola bilər. Washington Post qəzeti yazır ki, Bankın hesablamasıma görə, əgər Ebola xəstəliyi Liberiya, Qvineya, Syerra Leone regionundan kənara yayılsa, 2015-ci ilin sonuna Ebolanın vurduğu ziyan, onunla mübarizəyə çəkilən xərclər 32 milyard dolları ötəcək.

Ancaq Bank bildirir ki, hər şey pulla ölçülmür. Gələn ilin yanvarına xəstələrin ümumi sayı 1 milyon 400 minə çatacaq. Bank onu da xatırladır ki, hazırda bu virusa yoluxanların 80 faizi ölür.

İqtisadiyyata qayıtsaq, China Union kimi iri şirkətin Liberiyada işləri avqust ayından dayanıb. Ölkədən rezin ixracı demək olar ki, kəsilib, yeni palma yağı zavodu tikilməli idi, yarımçıq saxlanıb.

Syerra Leonedə dizel yanacağı satışı 25 faiz azalıb. Çünki səyahət, və yük daşımalar azalıb. Düyü əkən fermerlər indi toxumları özləri yeyir, çünki ərzaq ala bilmirlər.

Qvineyada palma yağı istehsalı 75 faiz azalıb. Xarici şirkətlər öz işçilərini ölkədən çıxarır.

XS
SM
MD
LG