Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:55

Günel Mövlud. Potensial qatillər


Günel Mövlud
Günel Mövlud

-

Bu günlərdə boşanan qızından şübhələndiyi üçün onun başını kəsən atanı yadımıza salaq. Bizdə bir çox atalar, qardaşlar qızlarının, bacılarının potensial qatilləridir...

Günel Mövlud

BOŞANAN QADIN NƏ ETMƏLİDİR?

Mövzu aktualdır. Kim nə deyir, desin.

Boşanan qadınlarımızı nə gözlədiyinə baxaq. Onlar boşanan kimi bir qəbilə insan onlara düşmən kəsilir. Valideynlər, bacı-qardaş onları namuslarını ləkələməkdə, başlarını aşağı eləməkdə suçlayır.

Qohumlar, qonşular, iş yoldaşları qeybətlərini edir, namussuzluğu barədə söz-söhbət yayır. Boşandıqlarına görə töhmət, danlaq, bəzən də təhqir eşidirlər. Boşanan qadın bunlara dözməli, bu danlaqlarla, təhqirlərlə yaşamalıdır.

Amma bu hələ tam mənzərə deyil. Boşanan qadının bəzən bir, iki, üç uşağı olur. Belə olanda qadın həm də uşaqlarını böyütməlidir. Uşaqlarını özü barədə gəzən söz-söhbətlərdən qorumağa çalışmalıdır. Məktəbdə, bağçada, həyətdə uşaqlarının atasızlığını üzlərinə vurulduğunu görməli və bunu da həzm etməlidir. Çətindir. Çox çətindir.

Çox vaxt boşanan qadın uşaqlarını ata-anasının, qardaşlarının yanında böyüdür. Burada həm maddi, həm mənəvi amillərin rolu var. Qadınların çoxu hələ az qala uşaq ikən ərə verildiyindən, zorla, ya öz razılığı ilə tez ərə getdiyindən, heç bir sənət, peşə sahibi olmurlar.

Buna görə də, boşanan qadının qarşısında dayanan ən vacib problemlərdən biri iş tapmaq olur. Harda işləsin, nə iş görsün? Bu sualın cavabı bəzən çox ağır olur. Onlara ya cüzi əməkhaqqı qarşılığında ən çirkli, zibilli işlər təklif olunur, ya da əxlaqsız təkliflər edilir. Belə işlərə razılaşmayan qadınlar məcbur olub, uşaqlırını ata-qardaş yanında böyüdürlər ki, heç olmasa, bir parça çörək verəni olsun.

Mənəvi amilin rolu daha böyükdür. Ərindən ayrılan qadına münasibət onsuz da barmaqarası olduğundan, qadın tək yaşamağa çəkinir. Çünki cəmiyyət ayrılan, üstəlik də, tək yaşayan qadına əxlaqsız kimi baxır. Ən yaxşı halda ondan şübhələnir. Sorğu-suala tutur. Uşaqları gözüqıpıq olur. Boşanan qadının uşaqları bağçada, məktəbdə, həyətdə alçaldıcı suallara məruz qalır, bəzən lağa qoyulur, atasızlıqları üzlərinə çırpılır.

Ailəsində yetkin kişi olmayan uşaq yaşıdlarının yanında gözüqıpıq olur. Yazıçı Əkrəm Əylislinin «Tənha narın nağılı» povestində bu məqam çox gözəl təsvir olunub. Qonşu kişisi Sadığa acıqlananda, uşaq buna sevinir. Çünki qonşu kişi bununla başqa uşaqlara bu ailəyə yaxın olduğunu göstərmiş olur. Yaşıdları isə ondan çəkinib, Sadığı rahat buraxırlar.

Beləliklə, boşanan qadın həm maddi, həm mənəvi səbəblərə görə atasının, qardaşının yanında yaşamağa məcbur olur. Amma çox vaxt ən dözülməzi də elə bu olur. Ata, qardaş, bəzən lap ailədəki qadınlar da boşanan qadına düşmən kəsilirlər.

Hər addımda, hər hərəkətində qüsur axtarır, ən xırda şeyə görə danlayır, hər şeyə görə ondan şübhələnir, öz doğma qızlarına, bacılarına az qala əxlaqsız kimi baxırlar. Yazıq qadın da, dolanışığı, el töhmətini nəzərə alıb, bunları udur, barışır. Balalarını düşünür, özünün adını düşünür, yazıq heç olmasa ikinci dəfə təmiz adla ailə qura bilsin deyə, doğmalarından gördüyü alçaldıcı, təhqiramiz münasibətlə barışır.

Amma belə gərginliklər bəzən faciə ilə nəticələnir. Analarının daima təhqir olunduğunu, danlandığını görən uşaqlar travma alır. Hələ mən, ailədə bu uşaqlara qarşı babanın, dayının münasibətini demirəm. Yazıq uşaqlar ən xırda şeylərə görə danlanırlar. Ən xırda sevinclərin həsrətini çəkirlər. Ən ucuz oyuncağa, ən sadə gəzintiyə, ən ucuz şirniyyata belə həsrət qalırlar. Bəli, bəlkə də, boşanan qızının uşaqlarına yaxşı münasibət göstərən, əzizləyən baba-nənələr, dayılar var, amma onlar azdırlar. Uşaqlar travma ilə böyüyür. Bəzən də boşanan qadının hansısa ən sadə hərəkətindən şübhələnən ata, qardaş onu döyür, hətta öldürür. Bu günlərdə boşanan qızından şübhələndiyi üçün onun başını kəsən atanı yadımıza salaq. Bizdə bir çox atalar, qardaşlar qızlarının, bacılarının potensial qatilləridir.

Bəs, Çernışevski demiş, nə etməli? Boşanan qadın nə etməlidir?

Ömrünün kifayət qədər uzun bir çağını müstəqil qadın kimi yaşamış biri olaraq, bu barədə azdan-çoxdan bildiklərim var. Sınaqdan çıxardığım, effektlivliyinə inandığım şeylər var. O şeyləri boşanan və ömrünü müstəqil yaşamaq istəyən qadınlarla bölüşməyi özümə borc bilirəm.

Boşanan qadın öz ailəsini, atasını-qardaşını tanımalıdır. Əgər onlar müasir, sivil, ləyaqətli insanlar deyillərsə, heç bir halda onların yanına qayıtmaq olmaz. Bu, öz qürurunu, ləyaqətini, uşaqlar varsa, uşaqlarını təhlükəyə atmaqdır. Qadın müstəqil yaşamağı öyrənməlidir. Müstəqil yaşaya bilməyən qadın, uşaqlarını da yaxşı böyüdə bilməz.

Boşanan qadın maksimum mədəni, sivil insan kimi boşanmalıdır. Əgər həyat yoldaşı əxlaqsız, təhlükəli insan deyilsə, çalışmalıdır ki, kifayət qədər sivil boşansın, uşaqlar varsa, onların özlərini rahat hiss etməsi üçün keçmiş həyat yoldaşı ilə münasibət saxlamalıdır.

Atada hansısa əxlaqsız meyllər yoxdusa, uşaqlara hansısa təhlükə yaratmırsa, heç bir halda uşaqların ata ilə görüşməyinin qarşısını almağa çalışmaq olmaz. Ata əxlaqsız və ya cinayətkardısa, təhlükəli adamdısa, məhkəmə onsuz da bu məhdudiyyəti qoyacaq.

Boşanan qadın özünü və uşaqlarını saxlamaq üçün keçmiş ərinə, atasına, qardaşına ümidini bağlamamalıdır. Çalışmalıdır, özünün və uşaqlarının həyatını məksimum özü təmin etsin. Buna görə, o tez bir zamanda işləməlidir. Əgər hansısa peşə sahibi deyilsə, tez bir zamanda öyrənməlidir. Əlbəttə, uşaqla bunu etmək çətindir, amma mümkündür.

Uşağı bəhanə etmək lazım deyil. Öyrənən, işləyən adam bunu hər şəraitdə edə bilər. «Moskva göz yaşlarına inanmır» filminin qəhrəmanlarından birini yadımıza salaq. Kommunalkada yaşayıb, həm işləyən, həm qiyabi oxuyan qadını, gecə paltar yuyan, dərs oxuyan qadını…

Kifayət qədər işlər var ki, onları elə evdə, uşaqların yanından ayrılmadan edib, pul qazanmaq olar. Konkret misal gətirə bilərəm. Bir qohumum var. İllərlə ərindən ayrı yaşadı. Ailəsinin yanına qayıtmadı. Üç uşağı var. Uşaqların atası heç bir maddi kömək etmirdi.

O qadın nə pis yola düşdü, nə də kasıbçılıq çəkdi. Evdə saç kəsir, qaş alır, paltar toxuyur, tikmələr işləyir, pul qazanırdı. Özünün də də qənaətcilliyi, pulu səliqə-səhmanla xərcləmə bacarığının sayəsində uşaqlarını heç bir məhrumiyyətsiz böyüdə bildi. Heç bir qohuma, qonşuya ağız açmadı. Ailəsindən də bir qəpik kömək istəmədi. İndi oğlu universitetə qəbul olunub. Qızları məktəbdə əlaçıdır. Bütün qohum-əqraba da ona hörmət edir.

Demək istəyirəm ki, istəyəndə, çalışanda bacarmaq olur. Çətinlikdən qorxmamaq, problemlərin gözünün odunu almaq lazımdır. Atanın, qardaşın ovqatından asılı münasibət görmək, onların minnətli çörəyini yemək, onların yanında uşaq böyütməkdənsə, bir az çətin həyat yaşayıb, bir az az yeyib, bir az ucuz geyinib, uşaqları rahat, sakit böyütmək olar.

Nəzərə alaq ki, boşanan bütün qadınların vəziyyəti o qədər də pis deyil. Hamısı savadsız, hamısı işsiz, ixtisassız deyil. Eyni zamanda, heç də hamısının keçmiş həyat yoldaşları uşaqlarının maddi məsuliyyətini bölüşməkdən boyun qaçırmır. Uşaqlarına kömək edənlər, onların məhrumiyyət çəkmədən böyüməsinə çalışan atalar da var. Situasiyaya uyğun hərəkət etmək lazımdır.

Cəmiyyətin qınağını eşitməmək, belə insanların sözlərini ağızlarında qoymaq, tənələri görməmək, sizə hörmət etməyə məcbur etmək üçün isə daima öz üzərinizdə işləməlisiz.

Savadlı, bacarıqlı olmalı, inkişaf etməli, sağlam, gözəl çevrəyə sahib olmalısınız. Ləyaqətli, yaxşı insanlarla dostluq eləməli, sağlam, səmimi münasibətlər qurmalısınız. İşgüzarlığınız, mədəniyyətiniz, gözəl çevrəniz olandan sonra, hamı, ailəniz də, başqaları da sizə, müstəqilliyinizə, qərarlarınıza hörmət etməyə məcbur olacaqlar.

Əgər siz bir az maddi problemlərə dözmək, bir az ucuz geyinmək, bir az zəhmət çəkməyə hazır deyilsinizsə, onda sizdən nə müstəqil qadın olar, nə də müstəqil ana.

Müstəqil olmağa hazır deyilsinizsə, atalarınızdan, qardaşlarınızdan daima danlaq, tənə, təhqir görəcəksiniz. Alçaldılacaqsınız. Xor görüləcəksiniz. Sizin yerinizə qərar verəcəklər. Sizin taleyinizlə istədikləri kimi davranacaqlar. Heç kimə bunu icazə verməyin. Özünüzə hörmət edin və başqalarını da sizə hörmət etməyə məcbur edin.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG