Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:32

Əli Hüseynli Birgə işçi qrupdan danışdı


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli

-

«İnsan hüquqları üzrə işçi qrupun fəaliyyətinin bərpasının faydası Azərbaycan cəmiyyəti, dövləti, vətəndaşları üçündür». Bunu «Trend»ə sözügedən işçi qrupun üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə. Hüseynli xatırladıb ki, bir neçə il bundan əvvəl hökumət, parlament və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət bu cür işçi qrup mövcud idi:

«O zaman da işçi qrup insan hüquqları sahəsindəki problemlərin birgə müzakirəsi ilə bağlı memorandum imzalamışdı. Bir müddət həmin işçi qrup mandatına uyğun olaraq fəaliyyət göstərdi və çox da əhəmiyyətli işlər görüldü. Sonradan işçi qrupun fəaliyyəti müvəqqəti olaraq dayandırıldı və bunun da səbəbi bizim həyata keçirdiyimiz işlərə Avropa Şurasının bəzi təsisatları, o cümlədən məruzəçilərin maneə olması idi. İndi isə biz bu formatı daha geniş şəkildə bərpa etmişik».

Deputatın sözlərinə görə, bu qrupda həm hakimiyyət nümayəndələri, həm də vətəndaş cəmiyyəti daha geniş təmsil olunur:

«Mən bunu işçi qrup yox, daha çox əməkdaşlıq qrupu adlandırardım. Bunun məqsədi hansısa dövlət orqanının işini əvəz etmək deyil, çünki insan haqlarının qorunması dövlətin ali məqsədidir, bununla bağlı xüsusi qurumlar var, Ombudsman var, məhkəmələr insan hüquqlarının pozulması ilə bağlı işlərə baxır. Burada bizim məqsədimiz Azərbaycanda vətəndaş cəmiyyətinə əhəmiyyət verməyimizdir, qeyri-hökumət təşkilatlarının rolunu qeyd etməkdir və hakimiyyət nümayəndələri ilə qeyri-hökumət təşkilatları arasında təmasın daha sıx olmasıdır. Yəni daha sıx təmas mexanizmidir. Biz bir katiblik yaratmışıq, mən özüm də orada millət vəkili qismində yox, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri kimi təmsil olunuram. Katibliyin rəhbəri vətəndaş cəmiyyətinin nümayəndəsidir. Beləliklə, insan hüquqları ilə bağlı meydana çıxan, müzakirə oluna bilən, yəni istənilən bir məsələ hakimiyyət nümayəndələrinin diqqətinə operativ şəkildə çatdırılacaq. Bu qrupun əhəmiyyəti bundan ibarətdir və fəaliyyət sahəsi də kifayət qədər genişdir».

Bir neçə il öncəki təcrübədən danışan Əli Hüseynli deyib ki, nə Avropa Şurasının, nə də başqa beynəlxalq təşkilatların qeydlərinə, tənqidlərinə əhəmiyyət vermək lazımdır: «Azərbaycanın vətəndaş cəmiyyətində kifayət qədər sağlam düşüncəli insanlar var, onlar bəzən hakimiyyəti də, həyata keçirilən işləri də tənqid edirlər, amma Azərbaycanın dövlətçiliyi məsələsində, milli təhlükəsizlik məsələsində onların çox ciddi mövqeləri var. Və biz qərara gəldik ki, bütün bunlara baxmayaraq geniş spektrdə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməliyik və bunun faydası ancaq Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti, Azərbaycan vətəndaşları üçündür. Yəni beynəlxalq təşkilatların hansısa bir rəyi, fikri ikinci dərəcəlidir. Ən başlıcası odur ki, əgər hansısa cəmiyyətdə bir fikir varsa, vətəndaş cəmiyyəti, qeyri-hökumat təşkilatı bir problemi qaldırırsa, ona çevik reaksiya vermək mümkün olsun».

2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrup bu il oktyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib. Bu qrupa ümidsiz yanaşan, onu «tamaşa» adlandıranlar var.

LEYLA YUNUS: «BİZİM BU İŞÇI QRUPA AZACIQ DA OLSA ETİMADIMIZ YOXDUR»

Xədicə İsmayıl facebook statusunda yazır ki, oktyabrın 24-də həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus ona zəng edib. Hüquq müdafiəçisi Xədicə İsmayıldan işçi qrupla bağlı fikirlərini çatdırmağı xahiş edib:

«Bu gün məhkəmə binasında İntiqam Əliyevlə görüşüb danışmaq imkanım oldu. İşçi qrupla bağlı ümumi fikrimizi çatdırıram: «Bizim bu işçi qrupa azacıq da olsa etimadımız yoxdur. Biz hörmət etdiyimiz insanları bu tamaşada iştirak etməməyə çağırırıq. Bu qrup gözdən pərdə asmaq üçün yaradılıb. Hökumətin siyasi məhkumları azad etmək arzusu olmadığı vaxtda ona dialoq görüntüsü yaratmağa kömək edir. Bu sirkdir və özünə hörmət edənlər bu məzhəkədə iştirak etməməlidirlər»».

XS
SM
MD
LG