Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:57

«İlin sonunadək 1 dollar 90 qəpik olacaq»


Samir Əliyev
Samir Əliyev

-

İqtisadçı Samir Əliyev manatın dollara nisbətdə son günlər ucuzlaşması, əhalinin manat ehtiyatlarını dollara çevirməsinin nə qədər düzgün addım olması barədə AzadlıqRadiosunun suallarını cavablandırır.

- Samir bəy, manatın sərbəst buraxılmasından bir neçə gün keçib. Kənardan vəziyyət necə görünür?

- Çaxnaşma müşahidə olunur. Bunun da səbəbi odur ki, Mərkəzi Bankın hazırlıqsız addımıdır, müəyyən qədər məsuliyyətsiz addım kimi də dəyərləndirmək olar. Əvvəldən camaata məlumat verilməliydi. Cəmiyyətdə qeyri-müəyyənlik var. Ən pisi də odur ki, camaat məlumatı xarici mətbuata verilən müsahibədən alır. Valyuta bazarında gərginlik var, kütləvi şəkildə dollar alışı başlayıb. Xüsusilə bu, fevralın 18-də özünü göstərdi, bəzi valyutadəyişmə məntəqələrində, banklarda dollar satışından imtina edilib. Kütləvi dollar alışı Bakıda idisə, indi dalğa regionlara keçib.

- Deyirsiniz ki, bəzi valyutadəyişmə məntəqələri dolları satmaqdan imtina edib, amma Mərkəzi Bankın sədri Elman Rüstəmovun bildirdiyinə görə, banklara tapşırıblar ki, depozitdə olan manatlarını dollara dəyişmək istəyənə mane olmasınlar, yetər ki, əmanətlər bankda qalsın. Bəs nədən bəzi valyutadəyişmə məntəqələrində dollar satışının azalması müşahidə edilir?

- Elman Rüstəmovun bu çıxışdan sonra gözləmək olardı ki, bazarda müəyyən sakitlik olsun, amma sabahısı gün biz bunu görmədik. Əksinə, bəzi banklar dollar satışını saxladı. Reallıq budur ki, bu bir neçə gündə, böyük ehtimalla, Mərkəzi Bank bazara külli miqdarda dollar yönəldib. Bu vəsaitin həcmi barədə növbəti ayın əvvəli yəqin ki, məlumat olacaq, onda prosesi daha dəqiq analiz edə biləcəyik. Bu vəlvələ hələ ki, davam edir, yaxın dövrdə də davam edəcək. Ancaq bu çaxnaşmaya ciddi bir əsas görmürəm. Görünür, adamlara düzgün məlumat verilməməsi bu hay-küyə səbəb olur. Camaat məlumatsızlıqdan bir-iki ay sonra xərcləyəcəyi cüzi manatı da dollara çevirir, amma az sonra yenidən manata çevirməli olacaq.

- Yəni deyirsiniz, bir-iki ay içində xərcləyəcəyi pulu dollara çevirməyin mənası yoxdur?

- Bəli, çünki müşahidələr göstərir ki, hökumət devalvasiyanın yumşaq şəkildə getməsini nəzərdə tutub. Gün ərzində rəsmi ucuzlaşma 0.02 qəpik olur. Bu o deməkdir ki, bir ayda manat 1 faiz ucuzlaşır. Proqnozumuza görə, ilin sonuna manat dollara nisbətən 10-15 faiz ucuzlaşacaq. Yəni, ucuzlaşma tədricən, yavaş getdiyindən pulu bir-iki günün içində dəyişməyin heç bir mənası da yoxdur. Təlaşa ehtiyac görmürəm.

- Bu təlaş nə qədər çəkəcək?

- Fikrimcə, bir qrup adam var ki, əllərində böyük vəsaitlər var. Bu vəsaiti dəyişməyə çalışırlar. Bu pullar dəyişəndən sonra vəziyyət sakitləşəcək. Yaxın bir həftəyə məncə, bu təlaş yatacaq.

- Sosial şəbəkələrdə yazırlar ki, camaat manatı yığıb evində saxladığından dövriyyədə manat qıtlığı vardı. Hökumət də manatın ucuzlaşacağını söylədi ki, camaat saxladığı manatı ortaya çıxarsın. Zarafatla yazılıb, amma bu tip fikirlərin də əsası varmı?

- Bu fikirlərin həqiqət payı var, amma problemin kökü deyil. Banklarda doğrudan da manat qıtlığı var. Ona görə də krediti başqa valyuta ilə verməkdə maraqlıdır. Təbii, bunda özünü sığortalama məqsədi də var ki, manat ucuzlaşanda itirməsinlər. Ancaq bu da həqiqətdir ki, banklar kredit vermək üçün manat tapmırlar. Manat krediti götürmək üçün banklararası faiz dərəcəsi yüksəkdir, yəni, bir bank digərindən manatla kredit götürüb sonra da bunu vətəndaşa kreditə verməsi o qədər də sərf etmir. Ancaq bu gün manata təzyiqin səbəbi pul qıtlığı deyil, dünya bazarında neftin qiymətinin düşməsi və dünyada baş verən digər proseslərlə bağlıdır.

- Samir bəy, belə rəylər də var ki, 1 dollar 1 manat olacaq. Manatın devalvasiyası gözlənirmi?

- Əslində, ötən ilin sonunda devalvasiya məsələsi ortaya çıxanda demişdim ki, bizdə devalvasiya olmama ehtimalı daha yüksəkdir, nəinki olma ehtimalı. Demişdim ki, hökumət mümkün qədər çalışacaq ki, devalvasiyaya getməsin, çünki qarşıdan parlament seçkiləri gəlir. Ancaq bu, həm də dünya bazarında neftin qiymətindən asılı idi. Ölkə prezidentinin bu il sonuncu müşavirələrinin birində manatın avroya bərabər olmasından danışması məsələyə baxışları dəyişdi. Avronun manata bərabər olması üçün manat dollara nisbətən 11-12 faiz ucuzlaşmalıdır. Bu da devalvasiyanın təxminən 11-12 faiz olacağına əsas verirdi. İndi təxmini hesablasaq, dünya bazarında neftin qiyməti kəskin ucuzlaşmazsa, yəni, 50 dollardan aşağı düşməzsə, ölkə iqtisadiyyatında gözlənilməz proseslər baş verməzsə, fikrimcə, ay ərzində ucuzlaşma 1- 1.5 faizdən çox olmayacaq. Bu isə ilin sonuna qədər manatın dollara nəzərən 10-15 faiz ucuzlaşması deməkdir. Buna görə də hesab edirəm ki, ilin sonuna kimi 1 dollar 1 manata bərabər olmayacaq, ən yaxşı halda, bu 90 qəpik olacaq, yəni bir dollar 90 qəpiyə qədər qalxacaq.

XS
SM
MD
LG