Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:50

Naxçıvanda işçilər ixtisar edilir?


Arxiv fotosu
Arxiv fotosu

-

Manatın devalvasiyasından sonra başlayan ixtisar dalğası Naxçıvandan da yan keçmir. Muxtar respublikanın ən böyük istehsal müəssisələrini özündə birləşdirən «Gəmiqaya Holdinq» Şirkətlər İttifaqında da ixtisarların başlandığı bildirilir. Bu haqda AzadlıqRadiosuna həmin müəssisələrdə çalışanlar məlumat verib. Onların bildirdiyinə görə, devalyasiyadan sonra başlanan ixtisarlar son günlər daha da artıb. Naxçıvan sakinləri deyir ki, ixtisarlar ən çox ittifaqa daxil olan tikinti, emal və qida müəssisələrində aparılır. Onların sözlərinə görə, digər işçilərin də maaşları aşağı salınıb.

Təhlükəsizliyi baxımından çalşışdığı müəssisənin və öz adının çəkilməsini istəməyən Naxçıvan sakini deyir ki, ixtisarlar ondan da yan keçməyib:

«​İXTİSARLAR NAXÇIVAN ÜÇÜN BÖYÜK FACİƏDİR»​

««Gəmiqaya» ən çox tikinti ilə məşğul idi. Deyilənə görə, bu il Naxçıvana tikinti üçün ayrılan pullar azaldılıb. Belə getsə tikinti tamam dayanacaq. İxtisarlar tikintidən başqa mebel, travertin fabrikləri, ən çox sement, beton zavodlarında olub. Birindən 100 nəfər, birindən 80 nəfər. Ən az 20-30 faiz ixtisara düşüb, hələ davamı da olacaq. İşçilərin xeylisini ixtisar edib, bir qisminin də maaşını aşağı salıblar. Əvvəl 400 manat alan indi 200 alır. Bu da dolanışıq üçün kifayət deyil. Bu çıxış yolu deyil. İttifaqdakı ixtisarlar Naxçıvan üçün böyük faciədir. Muxtar respublikanın demək olar ki, bütün sənayesi bu ittifaqın əlində birləşmişdi. Naxçıvanda qalanların böyük əksəriyyəti bu müəssisələrin hesabına çətinliklə də olsa yaşayırdılar».

Arxiv fotosu
Arxiv fotosu

Naxçıvan sakini deyir ki, çalışdığı müəssisədə aldığı 300 manat maaş az olsa da birtəhər ailəsini dolandıra bilirdi:

«​YENİ KÖÇ DALĞASI BAŞLAYACAQ...»​

«Bilirdik ki, az da olsa vaxtında maaşımız alacağıq. Gedirdik, dükanlardan alış-veriş edirdik, maaşı alanda qaytarırdıq. Dükançı da ürəklə nisyə mal verirdi. Bu gün işdən çıxan adamın yaşadığı məhəllənin dükançısı bilir ki, artıq işsizsən. Hamısının gözü-qulağı səsdədir. İşdən çıxdınmı, nisyə mal almaq da kəsilir. Çıxarılanlara heç bir konpensasiya da verilmir. Çünki, qanuni müqavilə ilə işə götürmürlər. Məni işdən çıxarılanda məlum oldu ki, işçilərlə müqavilə qısa müddətə bağlanırmış. İşçilərin də bundan xəbəri olmurmuş. Müqavilənin müddəti bitəndən sonra işçidən xəbərsiz onu qanunsuz işlədirdilər. Sonra həmin şəxslə istədikləri vaxt vidalaşa bilirlər. Naxçıvan onsuz da boşalımışdı. Bundan sonra daha bir köç dalğası başlayacaq. Gənclər özlərinə iş tapmaq üçün başqa ölkələr üz tutacaqlar. 1990-cı illərin köçü başlayacaq».

RƏSMİLƏR TƏKZİB EDİR...

AzadlıqRadiosu deyilənlərə münasibət öyrənmək üçün «Gəmiqaya Holdinq» Şirkətlər İttifaqı ilə əlaqə saxlayıb. İttifaqdan işçilərin qanunsuz işlədilməsi ilə bağlı deyilənləri təkzib etsələr də ixtisarla bağlı sualları cavabsız qoydular.

İTTİFAQ XARİCƏ DƏ MAL SATIR...

Əvvəlki adı «Ucal Holdinq» olan İttifaq Naxçıvanda 1990-cı illərində fəaliyyət göstərir. İttifaqın tərkibinə Beton zavodu, Sement zavodu, müxtəlif qida və digər sənaye məhsulları istehsal edən müəssisələr daxildir. Bu müəssisələrdə istehsal olunan məhsullar Gürcüstan və Rusiya da daxil olmaqla bir çox xarici ölkələrə ixrac olunur. Rəsmi məlumata görə, Naxçıvanda sənaye məhsullarına olan təlabatın 70 faizdən çoxu yerli istehsalın hesabınadır. İttifaqın Bakı, Gəncə və daha bir neçə şəhərlərdə bölmələri fəaliyyət göstərir.

Rəsmi rəqəmlərə görə, Naxçıvanın əhalisi 430 min nəfərdən artıqdır. Naxçıvanda fəzliyyət göstərən «İnsan Hüquqları Resurs Mərkəzi» də daxil olmaqla bir sıra hüquq-müdafiə təşkilatları isə bu rəqəmin reallığı əks etdirmədiyini iddia edirlər. Onların bildirdiyinə görə, işsizlik və digər problemlər ucbatından əhalinin yarıdan çoxu Naxçıvanı tərk edib.

XS
SM
MD
LG