Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:39

Qazaxıstanı Rusiyaya birləşdirməyə çağıran qadına hökm oxundu


Tatyana Shevtsova-Valova
Tatyana Shevtsova-Valova

-

Qazaxıstan vətəndaşı olan rus qadına hökm oxundu.

Tatyana Shevtsova-Valova sosial şəbəkədə qazaxları təhqir etmiş (onları “çurki” adlandırmış) və Qazaxıstanı Rusiyaya birləşdirməyə çağırmışdı.

Alma-atıda keçirilən məhkəmə prosesində onu milli ədavəti qızışdırmaqda təqsirli bilərək 4 illik şərti həbs cəzasına məhkum ediblər.

Bu o deməkdir ki, o yalnız qanunu bir daha pozacağı halda həbsə salınacaq.

“Çurki” sözünü şovinist ruslar Orta Asiya və Qafqazın qeyri-rus əhalisi haqda işlədirlər.

Shevtsova-Valova Facebookda yazıb ki, Qazaxıstan da Krım kimi Rusiyanın bir parçası olmalıdır.

Qazax xanlığının 550 illiyi münasibətilə ucaldılmış 550 metrlik abidə
Qazax xanlığının 550 illiyi münasibətilə ucaldılmış 550 metrlik abidə

Qazaxıstanda əhalinin 25 faizini ruslar təşkil edir. Rusiya Ukraynanın Krım bölgəsini ilhaq edəndən, Ukraynanın şərqindəki rusiyameylli separatçılara dəstək verəndən sonra Qazaxıstanda da oxşar hadisələrin baş verməsi mümkünlüyü ilə bağlı narahatlığını dilə gətirənlər oldu.

Qazaxıstanın rus vətəndaşlarının çoxu ölkənin şimalında, yəni Rusiyayla həmsərhəd bölgələrdə yaşayırlar.

7 min kilometrlik Qazaxıstan-Rusiya sərhədinin bir hissəsi heç delimitasiya da edilməyib.

1980-ci illərin sonu, 1990-cu illərin əvvəlində, yəni Sovetlər Birliyinin çöküşü illərində həm Qazaxıstan, həm də Rusiyadakı rus millətçiləri sözügedən ərazilərdə referendum keçirilməsi, həmin ərazilərin Rusiyaya birləşdirilməsi barədə çağırışlar ediblər.

Qazaxıstan Rusiyanın ən yaxın müttəfiqlərindəndir. Rus dilinin Qazaxıstanda dövlət dili statusu var (qazax dili ilə birgə).

Nazarbayev və Putin
Nazarbayev və Putin

Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıq şəkildə olmasa da, qazax kimliyinə dəstək verməyə çalışır.

Nazarbayevin təşəbbüsü ilə bu il Qazaxıstanda Qazax Xanlığının 550 illiyi qeyd ediləcək. Həmin xanlığı monqol və türk qəbilələri birgə yaradıblar.

Bunu Rusiya prezidenti Putinin bir müddət əvvəl söylədiyi mübahisəli fikirlərə cavab kimi də anlamaq olar. Putin demişdi ki, qazaxların əvvəllər heç zaman dövləti olmayıb.

Ötən il dekabrın 15-də isə Astana məhkəməsi Qazaxıstan vətəndaşı Yevgeny Vdovenko-nu Ukraynada rusiyameylli separatçıların qanunsuz hərbi birləşmələrində vuruşduğu üçün 5 illik həbsə məhkum etmişdi.

XS
SM
MD
LG