Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:02

Həbsxanadan məktublar: Avropalı olmaq oyunu


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Əvvəl deyirdilər ki, bu Avropa Olimpiya Oyunlarıdır, sonra «Olimpiya» sözü ortadan qalxdı və biz anlamadıq, bu oyunların beynəlxalq olimpiya oyunları kimi təqdimatı əvvəlcədən blef idi, yoxsa sonradan nəsə düz getmədi.

Ürək ağrısı ilə öyrəndik ki, məşəl də Avropa şəhərlərini yox, Azərbaycan şəhərlərini gəzib, «Olimpiya» stadionuna gətiriləcək. Məqsəd Azərbaycanı dünyaya tanıtmaqdırsa, onda Moskva və bir neçə Avropa şəhərində (əsasən keçmiş sosialist bloku) ziyafət verməklə ölkə tanıdılırmı?

Elan olunan məqsəd budur!

Azərbaycanı Avropanın bir parçası kimi təqdim etmək. Prezidentin köməkçisi Əli Həsənovun telekanallara verdiyi tezislər də bunun üzərindəydi. Bütün telekanallar da sovet ənənələrinə sadiq şəkildə bu tezisləri yaydı, razılaşmayanları, yalanlara aldanmayanları, xalq düşməni elan edib, topa tutdular.

İndi Azərbaycanda vətənpərvərliyi oyunbazlıqla qarışdırırlar. Kim Avropa Oyunları adı ilə həyata keçirilən pul tələsini tənqid edirsə, vətənpərvər deyil.

İstəyirəm «avropalıyıq» deyib öyünməmiz üçün daha uyğun tövsiyələr verəm. Xalqın pulu da cibində qalar, avropalı xalqlar arasında hökumət də başı aşağı olmaz. Necə? Çox sadə:

- Bütün Avropa dövlət başçıları kimi bizim də dövlət başçımız gəlir bəyannaməsi versin. Başqa məmurlar da, o cümlədən. Xalqdan oğurlamasınlar, gəlirləri də şəffaf olsun.
- Hər hansı beynəlxalq tədbir keçirəndə büdcəsi şəffaf olsun. Xalq da nəyə neçə milyard xərcləndiyini bilsin.
- Monopoliyalarla iqtisadiyyatı boğmasınlar ki, iqtisadi rəqabət şəraitində milli brendlər yaranıb inkişaf etsin.
- Bütün Avropa ölkələrində olduğu kimi, bizdə də siyasi məhbuslar olmasın.
Azad mediamiz olsun, bunda Avropaya nümunə olaq.
- Siyasi azadlıqlar, azad seçki təmin olunsun, parlamentdə müxalifət olsun, səsini çıxaranı həbsə atmasınlar, ağzından beş güllə vurub, susdurmasınlar, ölkədən didərgin salmasınlar.

Bunlara milyardlarla vəsait xərcləmək lazım olmayacaq, əksinə, ölkədə siyasi, iqtisadi və mədəni siyasətin sürdürülməsinə xərclər azalacaq. Yalan deməyə də ehtiyac olmayacaq. Düzdür, onda bahali tədbirlərə dövlət büdcəsindən milyardlar ayırıb, onların bir qismini oğurlamaq da mümkün olmayacaq.

Amma məqsəd Avropa standartlarını əyən yox, tətbiq edən xalq kimi dünyaya tanınmaqdırsa, bəlkə cəhd edəsiniz? Məqsəd oyunbazlıq yox, vətənin inkişafıdırsa, bəlkə öz cibimizi və hakimiyyət hərisliyini kənara qoyub, bir az da vətəni düşünəsiniz?

Amma, deyəsən, İslahat Olimpiadasının könüllüsü olmaq arzusunda olan yoxdur axı hökumətdə.

Ardı var...

Xədicə.
Kürdəxanı. Mart 2015,

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Xədicə İsmayıl ötən ili dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.

Fevralın 13-də isə ona qarşı AzadlıqRadiosundakı fəaliyyəti ilə bilavasitəə bağlı olan mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.

AzadlıqRadiosu və beynəlxalq təşkilatlar Xədicənin məhz jurnalist fəaliyyətinə, araşdırmalarına və AzadlıqRadiosunda gördüyü işə görə həbs olunduğunu düşünür.

XS
SM
MD
LG