Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:49

«The New York Times» Xədicənin məktubunu dərc edib


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

ABŞ-ın «The New York Times» qəzeti AzadlıqRadiosunun həbsdə olan araşdırmaçı-jurnalisti Xədicə İsmayılın redaktora məktubunu dərc edib. Xədicə yazır:

HƏQİQƏTƏ GÖRƏ

Dünyanın baxışları cümə günü ilk Avropa Oyunlarına ev sahibliyi edən ölkəmə, sevimli Azərbaycanıma yönəlib. Turistlər, atletlər açılış mərasimini seyr edir, beynəlxalq ictimaiyyət isə mərasimə evində televiziyada baxır.

Ancaq mən oyunları görməyəcəyəm. Havanın necədir, Bakıda tıxac çoxdurmu - xəbərim yoxdur. İstənilən informasiyaya çıxışım çox azdır. Kürdəxanı təcridxanasında kameramda oturmuşam, burası son altı ayda evimə çevrilib.

Mən jurnalistəm, Azərbaycan hökumətində ən yüksək səviyyədə korrupsiyanı ifşa etdiyimə görə həbsdəyəm. Onlarla digər siyasi məhbus – jurnalist həmkarlarım, insan haqları müdafiəçiləri, gənc fəallar, siyasətçilər və digərləri ilə birlikdə ölkəmdəki durum barədə həqiqəti dediyimə görə həbsdəyəm.

Azərbaycanın ən yaxşı və işıqlı simaları həbsə atılıb, Avropa Oyunlarından uzaqda saxlanır. Onlar bizi və söylədiyimiz xoşagəlməz gerçəklikləri görmək və ya eşitmək istəmədilər.

HÖKUMƏTƏ İMKAN VERMƏYİN

Həqiqət odur ki, Azərbaycan insan haqları böhranı içindədir. Ən pis məqamdır. Başda oturanlar korrupsiyadan faydalandığı bir vaxtda sıravi adamlar işləmək, yaşamaq, azadlıq uğrunda mübarizə aparırlar. Biz də onlarla birlikdə, onlar üçün mübarizə aparmalıyıq.

Burada, həbsdə də mübarizəmi davam etdirirəm. Sadiq və inadcıl həmkarlarım sayəsində korrupsiya araşdırmalarım davam edir. Həbsxanadan danışdığım üçün cəzalandırıldım, karserə salındım, ailəm və vəkillərimlə görüşümə qadağa qoyuldu. Kameramdan qeydlərimi götürdülər. Əvvəl dediyim kimi, ödənəsi bədəl budursa, buna dəyər.

Bu gün beynəlxalq ictimaiyyətə deyirəm: Azərbaycan hökumətinə imkan verməyin ki, korrupsiya və pozuntulardan diqqətinizi yayındırsın. İnsan haqları və susdurulanlar uğrunda savaşı davam etdirin. Həqiqət və yaxşılıq uğrunda savaşı davam etdirin. Bunu ucadan edin, açıq şəkildə edin. Azərbaycan xalqı bilməlidir ki, hüquqlarını dəstəkləyən var.

TƏKCƏ MƏN YOX

Və xahiş edirəm, ancaq mənim azadlığımı istəməyin; bütün siyasi məhbusların azadlığa üçün çağırış edin. Azərbaycanda ifadə azadlığını müdafiə edin. İnsan haqlarının arxasında durun.

Xədicə İsmayıl dekabrın 5-də, başqasını intihar həddinə çatdırmaq ittihamıyla həbs olunub. İntihar həddinə çatdırıldığı deyilən şəxs sonradan ittihamını geri götürsə də,Xədicə İsmayıla qarşı yeni ittihamlar irəli sürülüb. Jurnalist vergidən yayınmaqda, qanunsuz biznes fəaliyyətində və səlahiyyətindən sui-istifadədə ittiham olunub.

X.İsmayıl ittihamları rədd edir. O, həbsini prezident İlham Əliyevin ailə biznesini araşdırması ilə əlaqələndirir.

Xədicə 2015-ci il «PEN/Barbara Goldsmith» mükafatının laureatıdır. O, həbsdə olduğu müddətdə bir neçə beynəlxalq mükafata layiq görülüb.

XS
SM
MD
LG