Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:29

Avropa Oyunları – haştaq yarışları


Avropa Oyunlarının bağlanış mərasimi - 28 iyun 2015
Avropa Oyunlarının bağlanış mərasimi - 28 iyun 2015

-

Avropa Oyunları bitdi. Beynəlxalq medianın oyunların yekunlarını, ölkədə insan haqlarının durumunu təhlil edən yazıları isə, yəqin, hələ bir müddət bitməyəcək.

«The Guardian» iyunun 29-da «Siyasi məhbuslardan media qadağalarınadək: Avropa Oyunları rəqəmlərdə» başlıqlı məqalə dərc edib.

«Avropa Oyunları ta əvvəldən ziddiyyətlə doluydu, insan haqlarının pis durumda olduğu bir ölkənin beynəlxalq idman tədbirinə ev sahibliyinə dair suallar vardı.

Oyunlar ərəfəsində prezident İlham Əliyev hökuməti narazı səslərə hücuma keçdi, jurnalistləri, fəalları həbsə atdırdı. «Human Rights Watch» bütün bunların postsovet erasında birinci dəfə baş verdiyini qeyd edirdi», - məqalədə oxuyuruq.

Yazıda bazar günkü bağlanış mərasimindən bir gün sonra Oyunların buraxdığı mirasa rəqəmlərlə nəzər salınır. 6.5 milyard funt-sterlinqə başa gəlmiş tədbirdə 50 ölkədən 6 min atlet iştirak edib; açılış mərasimində Lady Gaga-nın ifasına 2 milyon dollar ödənib.

Ölkədə 100-dən çox siyasi məhbus var, «Amnesty International» onlardan azı 20-ni «vicdan məhbusu» kimi tanıyıb.

«Oyunlar qabağı #HelloBaku, #Baku2015, #EuropeanGames#RealBaku haştaqları əsl döyüş səhnəsini xatırladırdı.

Yarışmanın gücü, yüksək səviyyəli atletlərin olmaması bir çox tənqidçilərdə belə fikir yaradıb ki, zəngin idman təqvimində bu tədbirin gələcəyi böyük görünmür.

Hökumətin təşkil etdiyi kampaniya iştirakçıları elə hey söhbəti idmana gətirməyə çalışırdı. «Topsy» sosial medianı izləmə saytına görə, oyunların ən populyar haştaqları #HelloBaku, #Baku2015#RealBaku olub».

Polşa yığması Avropa Oyunlarında - 12 iyun 2015.
Polşa yığması Avropa Oyunlarında - 12 iyun 2015.

«OYUNLARIN GƏLƏCƏYİ QEYRİ-MÜƏYYƏNDİR»

«Reuters» agentliyinin əməkdaşı Tom Hayward yazır ki, bazar günü bitən Avropa Oyunları Bakının böyük idman tədbirinə ev sahibliyi etmək bacarığını ortaya qoydu. Ancaq bu qitə yarışmasının gələcəyi qaranlıq görünür.

«Yarışmanın gücü, yüksək səviyyəli atletlərin olmaması bir çox tənqidçilərdə belə fikir yaradıb ki, zəngin idman təqvimində bu tədbirin gələcəyi böyük görünmür».

«Təkcə infrastrukturuna görə Bakının idman dünyasındakı yeri Avropa Oyunları ilə möhkəmləndi. Ancaq nə qədər ki, 2019-cu il Oyunlarının ev sahibi təsdiqlənməyib, bu tədbirin uzunmüddətli olub-olmayacağını hələ görəcəyik», - müəllif yazır.

«PR ÖZÜNÜ DOĞRULTDUMU?»

«Al-Jazeera» də Avropa Oyunlarından yazır: İdman, yoxsa PR?

«The Listening Post» verilişi bu oyunları insan haqları kontekstində müzakirə edib.

Avropa Oyunlarında velosipedçilərin yarışı.
Avropa Oyunlarında velosipedçilərin yarışı.

«Avropa Oyunları Olimpiya, yaxud FIFA çempionatı kimi işıqlandırılmasa da, Azərbaycan hökuməti üçün qürur mənbəyi olub. Prezident Əliyev oyunlara 1.2 milyard dollar xərcləyib və məqsədi Azərbaycanı dünyaya dinamik ölkə kimi göstərmək idi.

Ancaq media ilə münasibətə gəldikdə, Əliyev hökumətinin göstəriciləri çox aşağıdır. Xarici jurnalistlərdən bəziləri ölkəyə buraxılmayıb. Ölkə jurnalistləri isə təqib olunur və qorxudulur».

Verilişdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, «Al Jazeera»nin müxbiri Robin Forestier, «Azadlıq» qəzetinin redaktor müavini Rahim Hacıyev və AzadlıqRadiosunun «Current Time» verilişinin redaktoru Kənan Əliyev «Bakı 2015», insan haqları, hökumət və media senzurasından danışıblar.

«Azərbaycanda media peşəkarlığın əsas prinsiplərindən imtina edib. Jurnalistlər hətta medianın əsas missiyasına –həqiqəti demək missiyasına da əməl etmirlər. Onların işi-gücü ölkədəki tədbirləri işıqlandırmaqdır,» Rahim Hacıyev deyib.

«DÜNYANIN İDMAN PAYTAXTI?»

eurasianet.org saytında Giorgi Lomsadze yazır ki, Azərbaycan beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməkdədir və mümkün olan hər şeyi sınamaq istəyir.

Müəllifin fikrincə, Bakı 2024-cü il Olimpiadasına ev sahibliyi üçün müraciət edərsə, Boston, Paris, Roma və Hamburqla mübarizə ağır olacaq.

«Formula 1»
«Formula 1»

«Gələn il isə «Formula 1» keçiriləcək. Rəsmilər yarışmaçılara Xəzər dənizi sahili boyunca bir marşrut vəd edirlər. Ancaq Bakı sakinləri və qonaqlar Bakı küçələrində hər gün oxşar şütümələrin olduğunu deyə bilərlər.

Həm bu qəzalar, həm də insan haqları pozuntuları beynəlxalq idman tədbirlərinin Bakıya verilməsinə dair suallar yaradıb. Hələlik Bakı səxavətli xərcləmələrlə bu narahatlıqları üstələyə bilib.

Sürət həddini aşmaya görə 2013-cü ildə qəzalarda mindən çox ölən olub, 3 minədək xəsarət alıb. Həm bu qəzalar, həm də insan haqları pozuntuları beynəlxalq idman tədbirlərinin Bakıya verilməsinə dair suallar yaradıb.

Hələlik Bakı səxavətli xərcləmələrlə bu narahatlıqları üstələyə bilib. İndi dəyişiklik gözləməyə əsas da yoxdur».

Hakimiyyət təmsilçiləri ölkədə fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirir, bütün tənqidləri ölkəyə qarşı «qərəzli gözdənsalma» kampaniyası adlandırır.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iyunun 29-da deyib ki, bəzi böyük güclər dünyanı, o cümlədən Azərbaycanı da idarə etmək istəyirlər:

«Azərbaycanın maraqları var və bu maraqları reallaşdırmaq üçün kimlərinsə hansısa planlarına «yox» deməliyik.

Böyük dövlətlərin əksəriyyəti Azərbaycanı idarə etmək istəyir, prezident İlham Əliyevin müstəqil siyasəti onların çoxuna sərf etmir.

Qarşıdan parlament seçkiləri, Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları və digər yarışlar gəlir. Azərbaycan ambisiyasını ortaya qoyub və bunun əsası var. Xalqımızın bacarığı, qonaqpərvərliyi göz önündədir. Heç kim bizi anarxiya, xaos yaratdığı dövlətlərlə eyniləşdirə bilməz».

XS
SM
MD
LG