Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:31

The Washington Post: «Tənqidləri vecə alan var?»


İlham Əliyev Dənizkənarı Milli Parkda Avropa Oyunlarının məşəlini qəbul edir - 7 iyun 2015
İlham Əliyev Dənizkənarı Milli Parkda Avropa Oyunlarının məşəlini qəbul edir - 7 iyun 2015

-

Avropa Oyunlarına bir gün qalmış qlobal aparıcı media qurumlarında bu tədbir, eləcə də ölkədəki ictimai-siyasi durumla bağlı yazılar yer alıb.

«The Washington Post»da iyunun 11-də dərc olunmuş redaksiya məqaləsi «Səudiyyə Ərəbistanı və Azərbaycanda insan haqlarına rişxənd» adlanır.

Yazıda vurğulanır ki, Azərbaycan və Səudiyyə Ərəbistanındakı son hadisələr avtoritar rejimlərin böyük insan haqları pozuntularına görə cəzasız qalacaqlarına inamından doğur: çünki onlar bunu edə bilir və edirlər. Müəlliflərin fikrincə, repressiv rejimlər məhz bədəl ödəməyəcəklərini bildikləri üçün bu pozuntulara yol verirlər.

«Bakıda cümə günü Avropa Oyunları start götürür. 6 min atlet 20 idman növü üzrə yarışacaq, bəziləri gələn il Braziliyada keçiriləcək Olimpiya üçün təsnifat mərhələsidir. Bütün bu təmtəraqla eyni vaxtda kimsə elə bilir ki, prezident İlham Əliyev onlarla jurnalist və fəalı həbsə atdığına görə tənqidləri vecinə alır? Əliyev bu günlərdə «Amnesty International»ın ölkəyə girişinin qarşısını alıb, «Guardian»ın bu tədbiri işıqlandırmasını əngəlləyib. Rejim ATƏT-ə ölkəni tərk etmək göstərişi verib. Bütün bunlar da adi bir şey kimi baş verir. Cəza çəkməyəcəksə, bədəl ödəməyəcəksə, insanlar da stadionlarda sevinir, qışqırırsa, niyə də tərəddüd etsin ki?».

«THE GUARDIAN»IN MÜXBİRİ BURAXILMAYIB

«The Guardian» qəzeti, bir sıra digər media orqanları və insan haqları fəalları kimi Avropa Oyunlarını işıqlandırmaq üçün ölkəyə buraxılmayıb. «The Guardian»ın müxbiri Owen Gibson akkreditasiya üçün müraciət etsə də, ona cavab verilməyib. Qəzet bunu ötən dekabrda Oyunlarla hazırlıqla bağlı dərc etdiyi məqalə ilə əlaqələndir. «Gibson hökumətin tənqidçiləri, eləcə də araşdırmaçı-jurnalist Xədicə İsmayıl ilə görüşmüşdü. Jurnalist bu görüşdən az sonra həbs edilib».

Ancaq müxbirinin akkreditasiya ala bilməməsinə baxmayaraq, görünür, qəzet Avropa Oyunlarını diqqətdən kənar qoymaq fikrində deyil. Belə ki, iyunun 11-də Azərbaycanla bağlı bir neçə yazı dərc edib.

Terry Macalister BP şirkətinin bu Oyunlara sponsorluğundan yazır.

«Britaniyanın neft şirkəti Azərbaycandakı rejimin ictimai imicinin pis olmasından hamı kimi xəbərdardır. İki ay öncə Londonda illik toplantıda bu addımın nə dərəcədə müdrik olması barədə də sorğu-sual olunub. BP rəhbəri Bob Dudley deyib ki, neft sənayesi bu ölkəyə rifah gətirməkdədir və ölkənin adını tənqidçiləri qaralayır. «Hamınızı Azərbaycana getməyə çağırıram. Əla yerdir», - Dudley deyib.

BP-nin sözçüsü də deyib ki, şirkətin əsas marağı kommersiya ilə bağlıdır və təkidlə bildirib ki, şirkət ətraf mühitlə bağlı məsuliyyətinə ciddi yanaşır.

AZƏRBAYCAN ÜÇÜN İDMAN MƏQAMI

«The Washington Times» qəzeti isə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun məqaləsini dərc edib.

Səfir məqalədə Bakı-Tbilisi-Ceyhan, Cənubi Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin əhəmiyyətini qeyd edir. «Əlbəttə, Azərbaycanın tənqidçiləri də var. Faktiki olaraq, ölkə təşkil olunmuş, davamlı, təkrarlanan pisləmə kampaniyasına məruz qalır. Bu kampaniya daha çox mənfiyə köklənib, məqsədli şəkildə ölkənin əldə etdiyi uğuru gözardı edir. Proqressiv ölkə olan Azərbaycanı təkləmək ədalətsizlikdir... Hər bir ölkə kimi Azərbaycan da bitkin deyil və konstruktiv, dost tənqidinə konstruktiv yanaşıb, problemlərini də həll etmək istiqamətində işləyir».

Səfir ASAN Xidmətinin qazandığı uğurları, Bakı Oyunlarının qarışıq zəmanədə müsbət irs qoyduğunu vurğulayır.

«AVROPA UTANC OYUNLARI»

Beynəlxalq İnsan Haqları Federasıyası isə bəyanat yayaraq Avropa dövlətlərini çağırıb ki, Bakı Oyunlarının açılış mərasimində iştirak üçün həbsdəki insan haqları müdafiəçilərinin buraxılmasını şərt qoysunlar.

haaretz.com «Avropa utanc oyunları» başlıqlı məqalə dərc edib.

Yazıda vurğulanır ki, İsrail oyunlara 140 atlet göndərir və Avropanın top atletləri gəlmədiyi üçün İsrailin medal həsrəti ilə yanan atletlərinin podiuma çıxmaq şansı var. «İsrail Azərbaycana insan haqlarına görə ən az təzyiq göstərən ölkədir», - müəllif yazır.

Digər mətbuat orqanlarında dərc olunmuş yazılar bunlardır:

«The Independent»: «Bakı Avropa Oyunları: Qadağalar və boykot söhbəti Bakının böyük anına kölgə salır».

«The Guardian»: «Bakı 2015-in şəfəq saçan stadionları korrupsioner rejimi ört-basdır edir»

XS
SM
MD
LG