-
"İlahi, İlahi... Bu nə dərddi belə, a? Axı niyə? Oğlum – şikəstdir. Qoca anamın başı xarab olur. Səhərdən axşama kimi - iş! iş! iş! Uşaq vaxtı isə balet məktəbinə gedirdim. Balerina olmaq istəyirdim."
"Qərara gəlmişəm ki, özümü asım, sizə də məsləhət görürəm. Ancaq, əvvəl məktəbi bitirməlisiniz...”
Azərbaycan dilində ilk dəfə OXU
Valeriy Ronşin - rus yazıçısı. 1958-ci ildə doğulub. Qorki adına Ədəbiyyat İnstitutunun məzunudur. Elektrik, çilingər, radioteleqrafçı, müəllim kimi müxtəlif işlərdə işləyib. 30-dan artıq kitabın müəllifidir. Uşaq hekayələri də yazır. Əsərləri müxtəlif ölkələrdə nəşr olunub.
Rus dilindən tərcümə: Ziya Fazil
XRİSTOLYUBOVUN 1957-Cİ İL İSTEHSALI LAMPALI RADİOQƏBULEDİCİ İLƏ SÖHBƏTLƏRİ
Xristolyubov oturub öz otağında, zülmət qaranlıqda, döşəmədə, kürəyini istilik batareyasına söykəyib, gözlərini yumub radioya qulaq asır.
Köhnə , 1957-ci il istehsalı olan lampalı radioqəbulediciyə. Radio qadın səsi ilə danışır:
- Dünən Parisdə...
- Parisdə, - Xristolyubov ləzzətlə pıçıldayır, - Parisdə...
- Sabah Sinqapurda... - radio deyir.
- Sinqapurda, - Xristolyubov sözün tamını tutmağa çalışır, - Sin-qa-pur.
Qapının bərk taqqıltısı onu şirin xəyallardan ayırır.
- Kimdir orda? - az qala ürəyi dayanmış Xristolyubov soruşur.
- Açın, gestapodur! - qapı arxasından cavab verirlər.
Xristolyubov açır. Dəhlizdə dayanan bakirə Raisadır. 37 yaşlı. 96 kiloluq. Əlində nəhəng ağ çanta tutub.
- Təsəvvür eləyirsiniz, hansısa gicbəsər təp-təzə çantanı zibilliyə atıb. Amma mən qüruruma sığışdırdım, - götürdüm. Dükana gedəndə özümlə aparacam. Mətbəxə gedin! İndi gəlirəm...
Xristolyubov könülsüz mətbəxə sürünür. Bilir ki, ki Raisa ona növbəti erotik filmdən danışacaq. Bu qız hər gün erotikaya baxır. Hər axşam da Xristolyubovun qarşısında onu söyür, ağzına gələni deyir .
Xristolyubov mətbəxin işığını yandırır. Sarı-qızılı tarakanlar dəlmə-deşiklərə soxulurlar. Qapıda nəhəng xalata bürünmüş Raisa peyda olur.
Dərhal da içinə donuz piyi doğranmış böyük tavanı qaz plitəsinə qoyur (Piy qovurması üçün sinov gedir) və növbəti seks-filmi xırdalıqlarınacan Xristolyubova danışmağa başlayır.
- Ətim töküldü! Hələ adına bax: “Açılmış dodaqlı qızlar”. Duydunuz, nəyə işarə vururlar?
- Duyuram, - əslində, qovrulan donuz piyinin iyindən başqa heç bir şey duymayan Xristolyubov başı ilə təsdiqləyir.
Raisa qəti qərara gəlir:
- Heç vaxt! Eşidirsiniz, Xristolyubov, heç vaxt! Kişiyə təslim olmayacağam! Kimsə mənə nəsə dürtsün?!
Ölürdüm elə. Hələ ağlımı itirməmişəm. Yazıq qadıncıqlar! Bu heyvanlar onların başına nə oyunlar açırlar. Baxmaq olmur.
Adamın ürəyi bulanır! Hələ sabah “ Get, soyun , qızcığaz” filmi var. İyrəncliyin dərəcəsini indidən təsəvvür eləyirəm! Bilet almışam artıq.
Raisa diqqətini sevdiyi piylərə yönəldir. Xristolyubov - sərbəst! - sevimli radiosunun yanına tələsir.
Qəbuledici kişi səsi ilə danışır:
- Rio-de-Janeyro zooparkından Cülyetta ləqəbli puma qaçmışdır...
- Cülyetta... - Xristolyubov xəyala dalır... Gözləri önündə qeyri-adi gözəlliyə malik qız canlanır. İri gözləri mavi rəngdədir. Qarabəniz dərisi var. Hələ üzünün nəcib cizgiləri... Mülayim külək gur saçlarını tərpədir, büzməli ətəyini qaldırır... Ətəyin altında isə - heç nə yoxdur! Yooo, yəni ayaqlar, əlbəttə ki, var... Amma, belə baxanda: lüm- bə-ləm-lüt!
Cülyetta Xristolyubova tərəf qaçır! Xristolyubov Cülyettaya tərəf qaçır! Köpüklü hündür dalğa kimsəsiz sahilə tələsir!
- Cülyetta, artıq, bir balaca qızı və iki qarını yemişdir... - radio yeknəsəq səslə xəbər verir. Və uzunayaqlı qızın sürəti getdikcə zəifləyir... sönür... itir...
Qapının o üzünü isə bayaqdan qarı nənə Utkina cırmaqlayır. Xristolyubov dəhlizə boylanır. Raisa artıq öz otağında xoruldayır. Qarı nənə Utkina barmağı ilə çağırır:
- Gəl, gəl, gözümün işığı...
Xristolyubov ürkək əli ilə nahamar divarda işığın düyməsini axtarır.
- Yandrmayın işığı, - Utkina qarı qorxur, - Onlar görə bilərlər!
- Kim ?
- ONLAR.
Xristolyubov kibrit dənələrini qutuya çırpır... Birini... ikisini... üçünü... Nəhayət, dördüncünün titrəyən alovunda qırış-qırış ovuc görünür.
İçində isə bircə dənə dəmir 20 qəpikllik.
- Oğlum, Allah xatirinə, çörək dükanına get, - Utkina qarı acizanə yalvarır, – Nənəyə kökə al.
- Nənə, - Xristolyubov nədənsə oğru kimi boylanıb alçaq səslə pıçıldayır, - Gecə saat üçdür. Bütün dükanlar bağlıdır.
- Bir də süd, əzizim... - Utkina qarı qulaq asmır, - Kökə və süd. Amma, bax ha, qalığını unutma.
İyirmi qəpikdən hələ qalıq da istəyir...
- Özləri nə istəyirlər yeyirlər, - Utkina qarı ağlamsınmağa başlayır, - Gözləyirlər, mən yatan kimi durub xımır-xımır tıxırlar. Məni acından öldürürlər .
Xristolyubov pulu götürür:
- Sabah alaram.
Utkina qarı çətinliklə əyilir, şkafın qapısını aralayır:
- Bax bura , gözümün işığı , qoyarsan. Mən isə xırda-xırda götürərəm və yeyərəm, - Utkina qarı bir-iki dəfə dişsiz ağzıyla gülür, - Götürərəm və yeyərəm. Götürərəm və...
Birdən Xristolyubovun arxasında nəyisə görür, sir-sifəti tamam dəyişir. Xristolyubov dəhşət içində geri dönür... Mətbəx gur işığa qərq olur. Qapıda Seryojka dayanıb. Qarının nəvəsi. Əlində qəzet tutub.
- Sən neynirsən burda, İt Sümüyü? - Bu onun Utkina qarıya verdiyi ləqəbdir.
- Heç nə, Seryojinka, heç nə? - qarı çox mülayim, mehriban səslə deyir. Və tez-tələsik qapı arxasında itir.
- Xristolyubov, - Seryojka həqarətlə deyir, - əmgəyinə hələ balta vuran olmayıb?
Xristolyubov başını yelləyir.
- Onda, ala, oxu! - Seryojka deyib qəzeti onun gözünə soxur .
Xristolyubov oxuyur:
“Ruhi xəstələrin yaradıcılığı ...”
- Keyqulu, hamısını yox, altından xətt çəkiləni!
Xristolyubov xətt çəkilən yerləri oxuyur :
“... şizofrenik S.-in “Ət dükanı” rəsmi xüsusi təəssürat yaradır. Biz, dükanın yardımçı otağında ət doğramaq üçün səthi sinklənmiş uzun stol görürük.
İki qəssab səliqəylə üçüncü qəssabın cəmdəyini doğrayır. Qan şoralanıb, ağ-qara tava daşlarıyla düzəldilmiş döşəməyə, oradansa kanalizasiya lyukuna bulaq suyu kimi axır.
Arxa plandakı açıq qapıdansa piştaxtanın arxasında böyük ət tikələrini tərəzidə çəkən ağ xalatlı satıcı qadın və uzun növbə görünür. Şizofrenik S.-in güclü fantaziyasına hətta Salvador Dali də həsəd aparardı...”
Xristolyubov küt nəzərlə Seryojaya baxır. Heç nə anlamır. Seryoja etinasız tərzdə :
- Şizofrenik S. – mənəm! Yadındadı, keçən il məni dəlixanaya salmışdılar? - deyir.
...Xristolyubov yenə öz sakit guşəsindədir. Sevimli radiosunun böyründə. Və radio xımır-xımır Xristolyubovla danışır:
"Ölüm həyata qarşı deyil. Ölüm – həyatın davamıdır. Yaşamağın öz vaxtı var, ölməyinsə öz vaxtı. Düşünün bu haqda."
Xristolyubov düşünür. Və qapı arxasında, şanlı inqilabi keçmişi olan köhnə bolşevik Yakov Aronoviç Berlyandın tualetdən ayaqlarını sürüyə-sürüyə qayıtdığını eşidir.
Çox yavaş yeriyir, dəfələrlə ayaqları kilidlənir, yerimir. Amma belə hallar üçün o, özüylə qamçı gəzdirir. Ayaqları qıc olan kimi Yakov Aronoviç qamçıyla belinə “şap-p! şap-p!” ilişdirir.
Bir az da yeriyir. Ancaq, Xristolyubovun otağının qabağında Yakov Aronoviç yenə ilişir.
Xristolyubov tez yerindən sıçrayır - köməyə! Cavan, güclü əllərlə kürəyə qamçı çəkməyə!
Lakin, Yakov Aronoviç təkəbbürlə köməkdən imtina edir.
- Siz, Xristolyubov, - yoldaş Berlyand ağıl öyrədir, - sizin növbəniz olanda ictimai yerlərdə təmizliyə daha ciddi riayət etməlisiniz, - və məğrur görkəmlə öz otağına yönəlir. Xatirələrini yazmağa.
Bəli, Yakov Aronoviçin gələcək nəsillərə danışacağı çox şey var. Məsələn, cavan, yaradıcılığa yeni başlamış heykəltəraş Yaşaya, partiyanın – hələ də şəhərin mərkəzi meydanını bəzəyən İliçin abidəsinin sol ayağını yapmaq tapşırığı haqqında .
Bəli, Yakov Aronoviçin deyiləsi sözü, yazılası xatirələri var...
- Əlbəttə ki, müftə yox, - yoldaş Berlyand həmişə qeyd edir, – Məni Siyasi Nəşriyyat maliyyələşdirir. Ço-o-ox ibrətamiz bir kitabça alınacaq. Cild-cild kitablara dəyəcək...
...Şüşə arxasında isə dəli-divanə külək dəmirləri silkələyir... Şüşə arxasında isə güclü yağış vəhşicəsinə yolu-izi, damları döyəcləyir... Radioda isə : ti-ti-ti-ta-ta-ta-ti-ti-ti. Üç nöqtə. Üç tire. Üç nöqtə.
Xristolyubov bilir nədir bu. Bu – SOS-dur. Kimsə uzaq dənizdə batır. Bəlkə də okeanda. Nəhəng dalğa ağır-ağır göyərtədən aşır.
Kimisə yerə yıxır. Göyərtədən suya atır. Bəlkə də, göyərtəyə çırpır. Dəhşət! Fəlakət!
Xristolyubovsa – kefdədir. Quru yerdə. Batareya kürəyini qızdırır. Qaranlıq sakitləşdirir.
Səsi də azaldırsan. Lap mahnı kimi səslənməyə başlayır : tititi - tatata - tititi...
Xristolyubov morzenin cıvıltısına özü də hiss etmədən yuxuya gedir.
- Xristolyubov! – Raisa yumruğuyla divarı döyəcləyir, – Karsınız?! Telefonun zəngini eşitmirsiniz?!
Gecə saat üçdə Xristolyubov kimə lazım ola bilər, görəsən?
Xristolyubov qorxa-qorxa telefon stoluna yaxınlaşır.
- Xristo-prodavtsev, satqın?!! – Enerjili komandir nəriltisi az qalır qulaq pərdələrini deşsin.
- Xristo-lyubov, vurğun, - Xristolyubov ehtiyatla düzəliş verir.
- Əh, dəxli yoxdur! - nərilti başından eləyir, - Hərbi komissar Qryazev danışır, blə! Bu gün siz hərbi komissarlığa gəlməlisiniz, blə! Siz mənim sərəncamıma keçirsiniz, blə! Özünüzlə qaşıq, dəmir qab, iki günlük azuqə götürürsünüz. Səhra geyim formasında! Vəssalam, blə!
- Yaxşı, - Xristolyubov üzüyola, başıaşağı razılaşır, - Mən gələrəm.
- Yaxşı - yox! Oldu - blə! - Hərbi komissar Qryazev telefonda özünü cırır.
- Oldu, - Xristolyubov mızıldayır.
- Ba belə, ha-a. Gələrsən, sabah sənə azad-dığı və vət-tənimizi sevməyi öyr-r-rədərəm, blə !
DÜT – DÜT - DÜT – DÜT... Qısa siqnallar...
Xristolyubov təlaş içində dəstəyi asır. Və tez tualetə təpilir. Bura da onun rahatlandığı guşələrdən biridir.
Xristolyubov oturub, düz burnunun ucunda isə üç torba var. Hər birində də - cırıq qəzet vərəqləri. Kim nəyə yazılıb: Utkin ailəsi “Pravda” alır, Raisa “Moskovskiy komsomolets” qəzetinə üstünlük verir.
Köhnə kommunist Berlyand isə ancaq “Sovetskaya rossiya” qəzetindən istifadə eləyir.
Xristolyubov isə heç nəyə yazılmayıb. Növbəylə gah Utkinlər ailəsindən, gah Raisadan, gah da köhnə kommunist Berlyanddan oğurlayır. İndi oxuduğu “Moskovskiy komsomolets” cırığıdır.
“Salam, əziz redaksiya, - orada yazılıb, - Mən bir oğlanı sevdim. O söz verdi ki, mənimlə evlənəcək, amma sonra harasa yoxa çıxdı.
Mən də abort eləməyə məcbur oldum. Sonra, başqa bir oğlanı sevdim. Yenə də məcburi abort elədim.
Necə yaşayım bundan sonra? Heç yaşamaq istəmirəm. Katya. 6 “b” sinif şagirdi”
Bundan xəbər tutan atam içməyə başladı və içməkdən öldü.
Anam fahişəliyə başladı ki, bizim xərclərimizi ödəyə bilsin, çünki kiçik qardaşım Alyoşa narkomandır, narkotiklər isə çox bahadır.
Mənsə kişilərə olan bütün inamımı itirdim və passiv lesbiyanka oldum. Necə yaşayım bundan sonra? Heç yaşamaq istəmirəm. Katya. 6 “b” sinif şagirdi”.
Katyanın cavabını psixoloji elmlər doktoru A.V. Naumov verir.
“Əziz Katya, - doktor yazır. - Mən başqa nəslə mənsub olsam da, sizi çox gözəl başa düşürəm! Məndə də hər şey tar-mardır. Nənəmi babamla birlikdə qolçomaq kimi sürgün elədilər.
Atamı 1937-ci ildə güllələdilər. Anamı isə - 1952-ci ildə. Mənim arvadım da sizin ananızın yolu ilə getdi. Mən özüm - aktiv homoseksualistəm. Mən də yaşamaq istəmirəm.
Qərara gəlmişəm ki, özümü asım, sizə də məsləhət görürəm. Ancaq, əvvəl məktəbi bitirməlisiniz...”
...Birdən tualetin qapısı laxlamış rəzələrinin üstündə müdhiş bir rəqsə başladı.
- Xristolyubov! - Raisa əlimyandıda bağırır, - Sən yenə tualetdəsən?!
- Bu dəqiqə! Bircə dəqiqə! - Gücənməkdən qıp-qırmızı olmuş Xristolyubov tələsir.
- Xristolyubov! Sənin ki, xəbərin var, mən dözə bilmirəm! - Raisa özünü qapıya çırpır.
- İndi! İndi! - Xristolyubov donquldanır. Onun xəbəri var!
Onun Raisanın fədakar arıqlamaq cəhdindən, kişi kimi 10 gün dözdüyü tibbi aclıqdan, sonra evə qaçıb fasiləsiz yeməyindən, tıxmağından, qarınqululuğundan... və onda bizim həkimlərin işləyib hazırladıqları yeni üsulu ona tətbiq etməklərindən xəbəri var.
Həkimlər onun mədəsinin bir hissəsinin kəsib götürdülər, o vaxtdan qida həzm olunmağa imkan tapmırdı, və istədiyin qədər, kökəlmədən yemək mümkün idi. Yeyilənin yarısından çoxu həzm olunmadan çıxırdı...
Xristolyubov tualetdən güllə kimi çıxdı, çalışdı ki, Raisa ilə nəzərləri toqquşmasın.
Belə qeyri-insani gərginlikdən sonra radioqəbuledicinin yanında taqətsiz yerə sərildi. Və sədaqətli radio ona güc-təpər verdi. Xoş qadın səsi ilə qulağına pıçıldamağa başladı:
- Hamının gecəsi xeyir olsun. Salam. İndi, dördə beş dəqiqə qalıb. Ölümün bizi daha çox haqladığı bir vaxtdır. Bir dəqiqəliyə təsəvvür edin ki, mən bu sözləri deyərkən neçə adam həyatla vidalaşır.
Yeri gəlmişkən, bu gün şair-konseptualist Vyaçeslav Panayev qonağımızdır. Vyaçeslav, səhv etmirəmsə, elə bizim radio verilişimizin mövzusuna uyğun yeni şeirləriniz var?
Səhv etmirsiniz, - Vyaçeslav deyir, - Şeir elə belə də adlanır: “Heç vaxt”. Və dərhal da şeiri oxumağa başlayır :
"Heç vaxt, heç vaxt, heç vaxt.
Heç vaxt, heç vaxt, heç vaxt.
Heç vaxt, heç vaxt, heç vaxt.
Heç vaxt çayda su axmar...
- Sağ olun, Vyaçeslav. Ancaq, bəlkə, hər halda , “axmaz”? - diktor konseptualistə düzəliş edir.
- Bunun heç bir dəxli yoxdur. Əsas odur ki, heç vaxt.
- Bir daha çox sağ olun. Hə, əziz dostlar, əgər siz bizim verilişə qulaq asırsınızsa, biz sizə təkidlə məsləhət görürük ki, ehtiyat üçün yoxlayasınız, arvadınız, əriniz yatırmı, ata-ananız qonşu otaqda yuxuya gediblərmi, qonşularınız şirin yuxudadılarmı... Yoxsa, artıq əbədiyyətə qovuşmaq yolundadırlar."
...Və Xristolyubov gedir yoxlamağa. Birinci, əlbəttə ki, Yarov Aronoviçi. Tezliklə əbədiyyətə qovuşmağa ən ağlabatan namizəd olduğu üçün. Ehmalca qapını döyür...
- Yakov Aronıç... E-ey, Yakov Aronıç... – Alovlu inqilabçı cavab vermir. Qapı səssiz-səmirsiz öz-özünə aralanır. Sarsılmış Xristolyubov dəhşətlə baxır. Yoldaş Berlyand çarpayıda uzanıb. Amma əslində, o, yoxdur!
Pİ – Pİ – Pİ – Pİ – İ –İ... Xristolyubovun lampalı radiosu laqeyd səslə xəbər verir:
Moskva vaxtı ilə saat dörddür. Son xəbərləri dinləyin.
...Və başlayır xəbərləri deməyə.
"Braziliyanı su basıb. İnsan tələfatı var. Çində zəlzələ olub. İnsan tələfatı var. “Stella” qasırğası Kuba adasına tərəf hərəkət edir. İnsan tələfatı gözlənilir."
Ölü Yakov Aronoviç uzanıb, donmuş gözlərilə tavana baxır. Xristolyubov əlyazma oxuyur, yoldaş Berlyandın yastığı altında tapdığını. Açılan səhərin alatoranlığında əyri-üyrü hərflər görünür...
“ - Nə deyirsən, yoldaş Berland ,- obkomun birinci katibi məndən bir kommunist kimi soruşdu. - Çox vacib partiya tapşırığıdır. Hər adama İliçin ayağını düzəltmək xoşbəxtliyi nəsib olmur. Bacararsınız?
Bacararam, yoldaş birinci katib, - lap güllələnmə gözləyənlər kimi dişlərimi sıxıb dedim.
Onun sərt ata çöhrəsində xəsis təbəssüm sezildi. Və əsil yoldaş kimi, var-gücüylə mənim beş barmağımı və əlimi sıxıb dedi:
- Bolşeviklərin ala bilməyəcəyi qala yoxdur yer üzündə!”
...Xristolyubovsa qalın əlyazmanı vərəqləməkdədir. Uzanıb ölü, yoldaş Berlyand.
Ağlamağa heç kəsi yox. Kədərlənən yox. Yoxdur Yakov Aronoviçin nə qohumu, nə yaxını. Verib hər şeyini inqilabi mübarizəyə... Bircə İliçin sol ayağı qalıb ondan.
...Dəhlizdə isə - çox sürülmüş boz at kimi - Zinaida Stepanovna vurnuxur. Şizofrenik Seryojkanın anası. Utkina qarının qızı.
Tələsir, - işdən qabaq çay içməyə. Sonra isə - elektrik qatarına!.. Sonra - metroya!.. Sonra isə - avtobusa! Daha sonra - filiz fabrikinə. Dəzgah arxasına!
Xristolyubov onun arxasınca mətbəxə gedir. Zinaida Stepanovna dayanıb yorğun nəzərlərlə qaz plitəsinin mavi alovuna baxır... Həm öz-özünə danışır, həm də Xristolyubova eşitdirir:
- On beş ildi. On beş ildi ayrı mənzil gözləyirəm. Axı belə olmaz! Mən daha bacarmıram. Mən yorulmuşam. YORULMUŞAM.
Mən artıq inanmıram ki, nə vaxtsa ayrı mətbəxim olacaq. ÖZ MƏTBƏXİM. Mən, yəqin bütün günü orada oturacam. Sadəcə oturacam. Vəssalam...
"Dünənsə metro keçidi ilə gedirəm, əlimdə də çanta, içində buzlu balıq, nə görsəm yaxşıdır - lövhə, üstündə də: “Çıxış yoxdur” - yazılıb. Başa düşürsünüz, Xristolyubov? ÇIXIŞ YOXDUR!"
...Çaydan artıq qaynamaq üzrədir. Gücü tükənmiş Zinaida Stepanovna qaz plitəsinin yanındakı stula oturur.
- İlahi, İlahi... Bu nə dərddi belə, a? Axı niyə? Oğlum - şikəstdir. Qoca anamın başı xarab olur. Səhərdən axşama kimi - iş! iş! iş!
Uşaq vaxtı isə balet məktəbinə gedirdim.
Balerina olmaq istəyirdim. Elə rəqs edirdim! Elə rəqs edirdim ki!.. - dərindən köksünü ötürür, - Dünənsə metro keçidi ilə gedirəm, əlimdə də çanta, içində buzlu balıq, nə görsəm yaxşıdır - lövhə, üstündə də: “Çıxış yoxdur” - yazılıb. Başa düşürsünüz, Xristolyubov? ÇIXIŞ YOXDUR!
...Çaydanda su bayaqdan qaynayır.
Xristolyubov səssiz-səmirsiz otağına qayıdır. O, başa düşür. O, hər şeyi başa düşür.
Xristolyubov oturub. Radionun düyməsini fırladır. Kişi diktoru qadın əvəz edir:
"İndi isə, bu iyrənc , yağışlı günə qədər yaşamaq səadəti qismət olmuş dinləyicilərimiz üçün hamının tanıdığı məşhur müğənnimiz dillər əzbəri olmuş “Dostlar, gəlin ölək bir yerdə!” mahnısını ifa edəcək.
Bu mahnı artıq bir neçə həftədir ki, populyar mahnıların arasında liderlik edir.
Hamının tanıdığı məşhur müğənni melanxolik səslə oxumağa başlayır:
“Dostlar, gəlin ölək bir yerdə !
Nə tapdıq həyatda biz?
Uzanardıq qəbirdə
Ölümdür dənizimiz...”
Zal öz sevimlisinə dəstək verir :
Lya- lya-lya! Lya- lya-lya! Lya- lya-lya!"
Xristolyubov da sakitcə - Raisa oyanmasın deyə:
- Lya- lya-lya ...
Radionun qırmızı xətti bir az da qabağa gedir... Diktor qadını kişi əvəz edir...
- Səhər gimnastikası. Yerində qaçmaqdan başlayırıq. Bir-iki-üç! Bir-iki-üç! Kifayətdir. İndi otururuq. Otur - dur! Otur - dur!.. Kifayətdir. Yerimizdə hoppanırıq. Bir – bir - bir - bir...
Xristolyubov gimnastika eləyir. Sağlamlığa xeyirdir.
- İndi isə daha kəskin duyğular həvəskarları üçün məşğələ. Hazırlaşın! – gözəgörünməz diktor qaymaq yemiş pişik kimi dodaqlarını yalayır, - Ayaq üstə durun, əllərinizi divara dirəyin. Dabanlar bir yerdə, ucları ayrı...
Birdən musiqi dayanır. Sirkdəki qorxulu nömrələrdən qabaq olduğu kimi , təkcə təbil qalır: ta-ta-ta-ta-ta...
Və qəfil əmr :
İndi isə, əllər kənara! Bir-r!!! Xristolyubov əllərini kənara açır. Əmrdəki kimi.
Orkestr təntənəli tuş çalır !!!
- Haha-hh-ha... - gözəgörünməz diktorun şən gülüşü eşidilir, - Bu xoş zarafatla da bugünkü məşğələmizi bitiririk. Diqqətinizə görə minnətdaram.
...Beyni silkələnmiş Xristolyubov yerdə uzanıb. Bütün otaq aramla rəqs edərək başına fırlanır, 1957 –ci il buraxılışlı lampalı radioqəbuledici ilə bir yerdə...