Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:18

Azərbaycan poladı uğrunda savaş və ac fəhlələr


Arxiv fotosu: Ukraynada polad istehsalı müəssisəsinin fəhləsi məyus oturub, Mariupol, 20 may 2014
Arxiv fotosu: Ukraynada polad istehsalı müəssisəsinin fəhləsi məyus oturub, Mariupol, 20 may 2014

.

Ötən həftə dövlətə məxsus “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin (ASPC) İdarə Heyətinin sədri Samir Cəfərovun dövlət başçısı tərəfindən vəzifədən qəfil kənarlaşdırılması Azərbaycan poladı uğrunda mübarizənin son akkordu oldu.

Gözləmək olar ki, növbəti mərhələdə cəmiyyətin rəhbərliyinə qara metallurgiyanın xammal bazasına sahib olmağı hədəfləyən “Baku Steel Company” MMC (BSC) nümayəndəsi gətiriləcək. Son dövrlər bu müəssisə aqresiv siyasəti ilə diqqət mərkəzində olub. Şirkət cəmiyyətə çatdırmağa çalışır ki, o qara metallurgiyanı ayağa qaldırmağa çalışır, lakin kimlərsə ona maneələr yaradır.

Diqqət çəkən məqamlardan biri odur ki, Azərbaycan Polad İstehsalı Kompleksində AzadlıqRadiosuna deyiblər ki, Samir Cəfərov işdən kənarlaşdırılması barədə prezidentin sərəncamını öz kabinetində eşidib. Bu, dövlət başçısının son nəticədə kimin tərifini tutduğunun göstəricisidir.

Dava nəyin üstündədir?

Təsdiq olunmuş hasil edilə bilən ehtiyatları 270 milyon ton dəmir filizi olan Daşkəsən yataqlarının idarəedicisi olan “Daşkəsən Filizsaflaşdırma” ASC-də hələ 2012-ci ildən gözü olan “Baku Steel Company” MMC (BSC) üçün meydan artıq boşaldılıb.

Polad İstehsalı Kompleksinin 2013-cü ilin aprelində yaradılması məsələsi boş yerdən ortaya çıxmadı. O zaman Daşkəsəndəki kombinatın rəhbərliyinin Baku Steel Company tərəfindən zorla uzaqlaşdırılması haqda məlumatlar yayılırdı.

Həmin kombinat rəsmi mənbələrdə Britaniya şirkəti kimi təqdim olunan “Det.Al Holding” şirkətlər qrupunun Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə investisiya müsabiqəsinin nəticəsi olaraq bağlanmış müqavilə əsasında idarəsi altında idi. Amma 2013-cü il aprelin 8-də “Baku Steel Company” Bakıda keçirilən mötəbər iqtisadi forum çərçivəsində Almaniyanın “SMS Siemag” şirkəti ilə Gəncədə metallurgiya istehsalı layihəsinin öyərənilməsi və “Siemens” VAI şirkəti ilə Daşkəsəndə yeni müəssisənin tikilməsi barədə sənədlər imzaladı.

Baku Steel Company nümayişkəranə şəkildə ortaya “əlcək ataraq” qanunlara meydan oxumuş, özgə əmlakı üzərində qərar verməyə cəsarət etmişdi. Lakin Əmlak Məsələləri Dövlət Komitəsi o zaman şirkətin buna səlahiyyəti olmadığını bəyan etmişdi.

Maraqlıdır ki, əks tərəf, yəni son mülkiyyətçisi ictimaiyyətdən gizli saxlanılan “Det.Al Holding” rəsmiləri soyuqqanlılığını saxlayır, proseslərə açıq reaksiya vermirdi.

Lakin hökumətin cavabı özünü çox gözlətmədi. “Qordi düyünü” bir sərəncamla həll olundu: Kombinat Britaniya şirkətindən alındı və yeni yaradılan ASPC-nin tərkibinə qatıldı. Bununla da sanki atəşkəs elan edildi.

Bu arada xüsusi qeyd edilməlidir ki, Det.Al-ın qurmaq istədiyi metallurgiya kompleksinin “memarı” olacaq şirkətlər (“Det-Al Steel Limited”, “Det.Al Limited” və “Det.Al Daşkəsən Stil") hələ də fəaliyyət göstərirlər və ana şirkət onları ləğv etməyib.

Bu holdinq Gəncədə yaratdığı ilkin alüminium məhsulları zavodları ilə qane oldu və hökumətlə öcəşmədi.

Beləliklə, “Det.Al Holding” öz sələfinin – Britaniyanın “Aldex Limited” şirkətinin taleyini ikinci dəfə yaşamış oldu. Bu şirkət keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə biznes əlaqələrində şübhəli bilindiyi üçün məhkəmə yolu ilə 2006-cı ildə Daşkəsəndəki kombinatdan uzaqlaşdırılmışdı.

ASPC nə edə bildi?

Yenidən qayıdaq ASPC-yə. Səhmləri 100% dövlətin mülkiyyətində saxlanan bu səhmdar cəmiyyətə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsi, tikintisi və idarə olunması tapşırıldı.

İşçilər deyirlər ki, bu ilin mart ayından gündəlik yemək də kəsilib: “Ramazan Bayramında evə aparmağa çörək tapmadıq. Etiraz edənlərə direktor qapını göstərir."

Ötən müddət ərzində İqtisadiyyat və Sənaye Nazirlyinin cəlb etdiyi Yaponiyanın “Marubeni” korporasiyası qurulacaq metallurgiya kompleksinin texniki-iqtisadi əsaslandırılmasını hazırladı.

Layihəyə görə, yeni kompleks ildə 1,7 milyon ton dəmir filizi hasil edəcək. Onun da 1,5 milyon tonunu öz zavodlarında emal edəcək. Kompleksin istehsal etdiyi yarımfabrikatdan həm də Gəncə yaxınlığında inşa edilməsi nəzərdə tutulan özəl müəssisələrdə hazır qara metal məmulatları istehsal ediləcək.

Lakin Gəncədə kimin metallurgiya kompleksi tikəcəyi hələ həll olunmamışdı. Neftin qiymətinin düşməsi preseslərinin sürətlənməsində katalizator rolu oynayırdı. Prezident ilham Əliyevin bu layihənin dövlət investisiyası hesabına gerçəkləşəcəyi barədə söylədikləri ciddi qarşılanmırdı.

Alətə çevrilən KİV

Daşkəsən Filizsaflaşdırma ilə Baku Steel Company arasında aşkar mübarizə isə artıq qəzet səhifələrinə sıçramışdı.

Həm Azərbaycan Polad İstehsalı Kompleksi-nin, həm də Baku Steel Company-nin (BSC) rəhbərliyi rəsmi və müstəqil informasiya vasitələrindən yararlanaraq qarşılıqlı iddialar irəli sürüdülər.

Baku Steel Company-nin Müşahidə Şurasının rəhbəri Rasim Məmmədov
Baku Steel Company-nin Müşahidə Şurasının rəhbəri Rasim Məmmədov

BSC-nın Müşahidə Şurasının sədri Rasim Məmmədov Daşkəsəndə və Gəncədə öz metallurgiya kompleksini qurmaq iddiasınından əl çəkməyərək, bazara tələbatdan artıq metal məmulatı çıxarmağın lüzumsuz olduğunu bildirir, dövlət şirkətinin gərəksiz işlə məşğul olduğunu söyləyirdi.

Öz növbəsində qarşı tərəf də dinc dayanmır, BSC-nın idarəetməsində olan və fəaliyyəti dayandırılmış iki zavodun (“Azərboru” ASC və “Bakı Poladtökmə” ASC) alınaraq metallurgiya zəncirinin tamamlanması üçün onun tərkibinə qatılmasını hökumətə tövsiyyə edirdi.

100 minin əlində aciz qalan “milyarder”

Bu arada milyardlarla investisiya yatırmaq haqda danışan “Baku Steel Company” 2013-cü ilin yaynda investisiya müsabiqəsində 97,39% səhmlərini əldə etdiyi “Azərboru” ASC-də kiçik maliyyə məsələsinin həllində aciz qalıb.

Sumqayıtdakı boruyayma zavodunun fəhlələri mətbuata yazılı müraciətlərində bildirirlər ki, artıq 3 aydır ki, maaş üzünə həsrətdirlər. Ödənilən orta aylıq əmək haqqı 200 manatdan yuxarı deyil.

... milyardlarla investisiya yatırmaq haqda danışan “Baku Steel Company” 2013-cü ilin yaynda investisiya müsabiqəsində 97,39% səhmlərini əldə etdiyi “Azərboru” ASC-də kiçik maliyyə məsələsinin həllində aciz qalıb.

Baxmayaraq ki, Dövlət Statistika Komitəsi hazır metal məmulatı istehsalı sahəsində çalışanların orta əmək haqqının bu ilin 6 ayında 500 manata çatdığını bəyan edir. 1100 nəfərdən çox şəxsin çalışdığı müəssisədə işçilərin 95% ödənişli və ödənişsiz məzuniyyətə buraxılıb.

İşçilər deyirlər ki, bu ilin mart ayından gündəlik yemək də kəsilib. “Ramazan Bayramında evə aparmağa çörək tapmadıq. Etiraz edənlərə direktor Oqtay Rəfiyev qapını göstərir”, - fəhlələr bildirirlər.

BSC-nın mətbuat katibi Namiq Əhmədov AzadlıqRadiosuna iradlarla razılaşdığını bildirdi: “İyun ayında Avropa Oyunları keçirilərkən Dərnəgüldəki zavodumuz fəaliyyətini dayandırdığından müəyyən maliyyə çətinlikləri yarandı. Amma çalışırıq ki, Sumqayıt kimi fəhlə şəhərində işçilərimizin əmək haqqı problemini tez bir zamanda həll edək”.

BSC Sumqayıta belə gəldi

BSC-nın Sumqayıtda peyda olmasının maraqlı tarixçəsi var.

MDB ölkələri ilə kooperasiya əsasında polad boru istehsalını təşkil edən və 2006-cı ildə Britaniyanın “Targol İnvestment” şirkətindən investisiya müsabiqəsinin şərtlərinə əməl etmədiyinə görə alınan bu zavodun İdarə Heyətinin sədri Əzim Əzimov 2012-ci ilin sentyabrında vəzifəsindən azad edilib. Onun yerinə BSC-nın kommersiya direktoru Həsən Muradov təyin edilir. Bu, həmin dövrdür ki, BSC kiçik metal məmulatı istehsalı müəssisələrini reyder üsulu ilə ələ keçirir və fəaliyyətini dayandırırdı.

Həmin ilin dekabrında “Azərboru” ASC-də baş direktor vəzifəsi təsis edilir və BSC-də və onun müəssisələrində rəhbər vəzifədə çalışmış Oqtay Rəfiyev bura təyinat alır.

Az sonra Əmlak Komitəsi “Azərboru” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi üzrə məsləhətçilərin seçilməsi üçün tender elan edir. Məsləhətçi həm də müəssisənin yenidən qurulmasına tələb olunan sərmayəni hesablamalı idi.

Müsabiqənin nəticələri açıqlanmır. Lakin müəssisənin “Baku Steel Company” tam nəzarətində olması heç kəsdən gizlədilmir və həta Sumqayıt şəhər İcra Hakimiyyətinin tribunasından belə səsləndirilir.

2013-cü ilin aprelində komitə formal da olsa investisiya müsabiqəsi elan edir. İyul ayında məlumat verilir ki, qalib bir başqası deyil, elə “Baku Steel Company”-dir.

Şirkət əldə etdiyi 1 712 853 səhm üçün dövlət büdcəsinə 14 milyon manat həcmində vəsait köçürmək, alınan müəssisənin inkişafına isə 5 milyon 267 min manat həcmində sərmayə yatırmaq öhdəliyi götürür. Bu öhdəliyə əməl olunub-olunmaması barədə Əmlak Komitəsi məlumat verməyib.

Məlum olan odur ki, “Azərboru”ya gəldiyi vaxtdan BSC 1700 səhmdarı qarşısına çıxmayıb və qazancları haqda hesabat verməyib. Müəssisə isə qeyd olunduğu kimi işini dayandırıb.

BSC-nın mətbuat katibi Namiq Əhmədov AzadlıqRadiosuna deyib ki, sentyabr ayında şirkətin Bakıdakı müəssisəsində boru yayılması üçün yararlı yumru pəstah istehsalına başlamaq planlaşdırılır. O zaman “Azərboru” ASC-yə xaricdən yarımfabrikat gətirmək ehtiyacı aradan qalxacaq, işçilər öz iş yerlərinə qayıdacaqlar.

XS
SM
MD
LG