Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:25

800 ildir qorunan məzar


Nizami Gəncəvinin məqbərəsi
Nizami Gəncəvinin məqbərəsi

-

Divarlardan asılan ipək xalçaların ən ucuzu 10 min, ən bahalısı 13 min manatdır...

40 dərəcə istidə - günün altında durub məqbərəyə baxır, sonra əlindəki kağıza nəsə cızır.

Marağımızı boğmayıb yaxınlaşırıq. Rəssamlıqla məşğul olan Mehman İsgəndərov Gəncədəki məktəblərin birindən sifariş alıb: divarboyu Nizami məqbərəsinin rəsmini çəkəcək: “Kitablarda düzgün çəkilməyib, ona görə gəlmişəm ki, cizgiləri özüm götürüm”, - deyir.

İsti olsa da, Nizami məqbərəsini ziyarət edənlər az deyil. Ailəsi ilə Bakıdan gələn Zəka Zeynalov Gəncəyə girərkən Nizaminin qəbrini ziyarət etməyi özlərinə borc bildiklərini deyir:

“İlk dəfədir burda oluram. Bələdçinin söhbətindən sonra çox duyğuluyam. Xalqımın belə böyük oğlu var. Onun qəbrini ziyarət etmək borcumuzdur”.

Zəka Zeynalovla gələnlərin biri söhbətə qarışıb artıq 5-ci dəfədir ki, Nizaminin məqbərəsini ziyarətə gəldiyini deyir.

İngilis-Azərbaycan dilləri üzrə bələdçi, həm də nizamişünas Hava Hüseynova təkcə məqbərənin tarixini danışmır, həm də Nizaminin qəzəllərindən əzbər deyir:

“Ayüzlü nigarım, kimə mehman olacaqsan?

Bir söylə, kimin şəninə şayan olacaqsan?

Şahlıq çətiri var başın üstündə bu axşam,

Ənbər çətirinlə kimə sultan olacaqsan?..”

Soruşuram ki, xarici turistlərə də Nizami yaradıcılığından şeirlər deyirmi? “Əlbəttə, ingilis dilinə tərcümə olunmuş qəzəllərdən deyirəm.

Amma Nizami elə bir dəryadır ki, onu bir damlayla anlatmaq çətindir,” - Hava xanım deyir.

Məqbərənin dörd bir yanı yaşıllıqdır, ətrafda kiçik süni göl də var. Amma şəhərin kənarındadır, ola bilsin bura ictimai nəqliyyat işləmədəyindən bu yaşıllıq insan üzünə həsrətdir.

Muzeydə Vatikan hədiyyəsi

2013-cü ildə Nizami məqbərəsinin yaxınlığında muzey də tikilib. Bu muzeydə Nizami dövrünə aid eksponat olmasa da, bura gələn ziyarətçinin diqqətini çəkən eksponatlar da az deyil.

Məsələn, Vatikandan gətirilmiş 15-ci əsrə aid “Xəmsə” əlyazmasını bələdçi Günay xanım fəxrlə göstərir. Misirdə İsgəndəriyyə kitabxanasının rəhbəri də 1785-ci ildə yazılmış Xəmsə əlyazmalarından muzeyə hədiyyə edib.

Məqbərənin tarixi

Muzeydə Nizami məqbərəsinin ta 13-cü əsrdəki görkəmindən tutmuş müasir görünüşünə qədər rəsmləri çəkilib.

13-cü əsri təsvir edən rəsmdən görmək olur ki, Şeyx Nizaminin qəbri üzərində günbəz tikilib, 17-ci əsrdə Səfəvi-Osmanlı müharibəsinin nəticəsində günbəzin divarları bərbad hala düşüb, 1939-cu ildə isə sadəcə bir qəbir qalıb.

Şairin anadan olmasının 800 illiyi münasibətilə 1947-ci ildə qəbrin üzərində indiki məqbərə ucaldılıb, 2012-ci ildə məqbərə yenidən qurulub.

Musiqiçi Zeyvaz Həşimov məqbərəni hər Gəncəyə gələndə ziyarət etsə də, muzeydə birinci dəfədir olur: “Nizaminin bəzi əsərlərini oxumuşam. Məncə, Nizami yaxşı təbliğ olunur. Mənə dedilər ki, Nizamiyə olan sevgisinə görə çoxları burdakı tikintilərdə könüllü işləyib”.

Qiyməti 10 min dəyərləndirilən Xəmsə xalçaları

Muzeydə onlarla qədim, müasir eksponat var. Günay xanım deyir ki, divarlardan asılan ipək xalçaların ən ucuzu 10 min, ən bahalısı 13 min manatdır. Xalçalar əl işidir, “Xəmsə” motivləri əsasında toxunub, rənglər elə seçilib ki, salona daxil olanda ilk baxışdan diqqəti cəlb edir. Fars dilində müxtəlif illərə aid, saralmış, vərəqləri qopuq əlyazma “Xəmsə”lər də muzeyin qiymətli eksponatları sırasındadır:

Nizami Gəncəvi
Nizami Gəncəvi

“Bunlar da 16-19-cu əsrə aid misdən və gildən məişət əşyalarıdır. Bəziləri hətta indi də bazarda satılır. Adamlarda qədim əşyalar qalır, biz də onlardan almışıq”, - Günay deyir.

43 ilin rəy kitabçası

O bizə muzeyin daha bir qiymətli eksponatını göstərir: Bu, 1955-ci ildə açılmış və 1998-ci ildə bitmiş rəy kitabçasıdır.

Kitabça 1955-ci il sentyabrın 2-də Kirovabad şəhəri, 3 nömrəli mədəniyyət evinin 30 üzvünün imzası ilə başlayıb.

Nizaminin "Leyli və Məcnun" poemasına çəkilmiş miniatür
Nizaminin "Leyli və Məcnun" poemasına çəkilmiş miniatür

Bu kitabçada sadə adamlardan tutmuş yerli, əcnəbi dövlət xadimlərinin, tanınmış insanların imzasına rast gəlmək olar.

Kitabçada müxtəlif əlifbalarda rəylər də var. Təbii, çoxunu əlifba fərqinə görə oxuyub başa düşmədik. Rəylər arasında isə bir qeyd diqqətimizi çəkdi, müəllif imzasını yazmasa da, ürəyini bu səhifəyə boşaltmışdı:

“Mən özümü çox xoşbəxt hiss edirəm. Bu gün böyük Nizaminin məzarını ziyarət etdim yolüstü. Baxmayaraq ki axşam çağı idi, Nizami məqbərəsinin gözətçisi İsmayıl Tağı oğlu Məhəmmədov bizə böyük Nizaminin tarixi əsərlərindən parçalar söylədi, çox razı qaldıq. 15.12.1957”.

XS
SM
MD
LG