Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:42

Ucuzlaşan neft dünya bazarını pis günə qoyub


Neft və pul
Neft və pul

Dünya bazarında neftin ucuzlaşmasından bir il ötür. Ötən ilin avqustunda dünya bazarında brent markalı neft ucuzlaşmağa başlayıb. Bir il öncə dünya bazarında 115 dollara satılan neft, indi 45 dollardan da aşağıdır.

NEFT BAZARI YENİ MƏRHƏLƏDƏ…

İqtisadçı Azər Mehtiyev öz facebook hesabında neft və onun ətrafında baş verən son olaylarla bağlı yazır:

“ABŞ dünya neft bazarına zəlzələ salıb, az bir müddətdə dünyanın ən böyük neft idxalçısından ən böyük neft hasilatçısına çevrilməklə nəinki idxaldan tam imtina edib, hətta ixraca başlayıb. Dünya iqtisadiyyatının durumu neftə tələbatın azalmasına və neft bazarının daralmasına meyllidir. OPEC Səudiyyə Ərəbistanının hasilatı azalması hesabına neftin qiymətini yüksəltməyi düşünür. Görünən odur ki, bu qurumda durum çox gərgindir və neftin qiyməti düşdükcə "qızdırma" daha da yüksəlir. Düşünürəm ki, OPEC-in sonunu çatıb. Dünya neft bazarı ötən ildən yeni mərhələyə qədəm qoyub”.

Azərba Mehtiyev
Azərba Mehtiyev

Azər Mehtiyev fikirlərini aşağdakı suallarla davam etdirir:

· Rusiya OPEC-ə üzv olub həm bu qurumu xilas edə, həm də neft bazarında bu kartelin mövqeyini gücləndirə bilərmi?

· Rusiya - Səudiyyə Ərəbistanı - İran üçlüyü arasındakı maraqlar konflikti buna imkan verə bilərmi?

· ABŞ belə inteqrasiyaya imkan verə bilərmi?

NEFT ERASI BİTİB?

Azər Mehtiyevin qaldırdığı suallar ətrafında başlayan müzakirəyə iqtisadçı Natiq Cəfərli də qatılıb. Onun da fikrincə, OPEC bitib və formal bir quruma çevrilib:

Natiq Cəfərli
Natiq Cəfərli

“Ümumiyyətlə, neft erası bitib, neftdən siyasi alət kimi istifadə dövrü arxada qalıb. Rusiyaya dəfərlərlə OPEC-ə üzvlük təklif olunub, amma getməyib, məncə, getməyəcək də. Çünki, Rusiya kollektiv oyunçusu deyil. Ən maraqlı məqam İranın bazara qayıtmasından sonra olacaq, 2011-ci ildə, İrana qarşı embarqo sərtləşdiriləndə OPEC-dəki kvotasının böyük hissəsi Səudiyyəyə keçdi. İndi kvotalarını geri almaq üçün İran OPEC-də mühim addımlar atacaq. Səudiyyə də bilir ki, hasilatı azaltsa, onun bazardakı payına İran və İraq girəcək. Ona görə də hasilatı azaltmaq istəmir”.

İRANIN MƏQSƏDİ BAZARDAKI PAYINI GERİ QAYTARMAQDIR…

Avqustun 24-də İranın neft naziri Bijan Zanganeh OPEC-in təcili iclas çağırmasını təklif edib. Bildirib ki, fövqəladə iclasının çağırılması dünya bazarında neftin qiymətini sabitləşdirməyə yardımçı ola bilər.

OPEC belə bir görüşün gündəlikdə olmadığını bildirib. Növbəti iclas isə dekabrın 4-dən tez nəzərdə tutulmur.

İranın da yenidən neft bazarına qoşulması, digər istehsalçı ölkələrin hasilatı artırmaq niyyətləri neftin ucuzlaşmaqda davam edəcəyini göstərir.

Neftin uculaşmasına əsas kimi aşağıdakılar göstərilir:

Amerika neft hasilatını artırır;

Dünyanın ən böyük neft istehlakçısı olan Çin istehlakı azaldır;

Səudiyyə Ərəbistanı neft bazarındakı payının az bir hissəsindən belə imtina etmək niyyətində deyil (hətta tədricən artırmaqdadır);

Sanksiyalar götürüləndən sonra İran dünya neft bazarındakı payını artırmaqda israrlıdır (rəsmən bəyan edib);

Rusiya neft hasilatını və satışlarını artırmağa (ən azı azaltmamağa) can atır (hərçəndki texnoloji imkanları getdikcə məhdudlaşır) iqtisadi durum onu buna vadar edir;

NEFTİN UCUZLAŞMASININ AZƏRBAYCANA TƏSİRİ…

Dünya bazarında neftin ucuzlaşması iri neft istehsalçılarından başqa, Azərbaycan, Qazaxstan, Özbəkistan və digər neft hasil edən ölkələrin də iqtisadiyyatına ciddi təsir edib. Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsi hesablanarkən neftin barreli 90 dollardan götürülüb. Neft ucuzlaşandan sonra büdcə gəlirləri azaldığından bəzi layihələr ya ixtisar olundu, ya da icrası təxirə salındı.

Bakı ətrafında su problemi , arxiv fotosu
Bakı ətrafında su problemi , arxiv fotosu

Bu günlərdə Bakının Zığ qəsəbəsinin sakinləri su olmamasına etiraz edirdi. Həmin vaxt su idarəsinin rəsmisi deyib ki, pul qurtarıb, deyə işlər yarımçıq qalıb.

AzadlıqRadiosu bundan öncəki yazılarında, özəlliklə, dövlət müəssisələrində “paket maaşların” kəsilməsi, bəzi idarə və müəssisələrin bağlanması haqda reportajları olub.

İqtisadçılar böhranlı vəziyyətdən çıxış yolunu, inhisarın aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı, azad bazar mühitinin yaradılmasında görürlər.

XS
SM
MD
LG