Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:40

Lift işləmədiyi üçün anasını qucağında qaldırır...


“Bir ayın azı 15 günü lift işləmir”
“Bir ayın azı 15 günü lift işləmir”

►Son on ildə Bakıda liftlərin təmir-bərpasına 15 milyon manatdan artıq vəsait ayrılıb.

Amma paytaxtda yüzlərlə binanın lifti bu gün də təhlükə mənbəyi olaraq qalır. Təsadüfi deyil ki, təkcə bu il Bakıda liftlərin nasazlığı üzündən bir neçə faciə baş verib.

Binəqədi rayonu, Mir Cəlal küçəsindəki 11 saylı binada yaşayan sakinlər lift faciəsinin onların da başına gələcəyindən narahatdır. Çünki binanın liftləri bərbad vəziyyətdədir.

Buna da bax: “Banklar iflas olacaq”

"İstifadə etməyəcəyiksə, niyə pul veririk?"

"Xeyli vaxtdır ki, biz ölüm təhlükəsilə üz-üzəyik. Qorxudan 14-15 yaşlı uşaqları da tək buraxmırıq. Vaxtlı-vaxtında pulu ödəyirik, amma bir ayın azı 15 günü liftdən istifadə edə bilmirik. Qalan vaxtda da ürəyimizi yeyə-yeyə çıxıb düşürük. Əgər biz bundan istifadə etməyəcəyiksə, onda niyə pul veririk?", - deyə bina sakini Nisə Xəlilova sual edir.

Digər sakin Ceyhun Məmmədovun sözlərinə görə, bu liftlər təxminən 35 il əvvəl bina istifadəyə verilərkən quraşdırılıb. Yəni istismar müddəti çoxdan başa çatıb:

“"JEK"ə, lift idarəsinə zəng eləməkdən yorulmuşuq. Başa sala bilmirik ki, bu lift ölüm mənbəyidir. Gərək kimsə ölsün, yaxud əl-ayağı kəsilsin ki, bunlar tədbir görsün? Evdə yaşlı, xəstə anam var. Onu mütəmadi olaraq, müalicə üçün xəstəxanaya aparıb-gətiririk. Hər dəfə də qucağımızda. Hə qədər olar?!"

Buna da bax: Rusiya Ermənistanla birgə havadan müdafiə sistemi qurur

"Bacım ölsəydi, kim cavab verəcəkdi?"

Sevinc Məmmədova deyir ki, bu yaxınlarda 30 yaşlı bacısı ölümdən dönüb:

"Lift hərəkət edərkən qəfildən dayanıb və tüstülənib. Təsəvvür edin, bütün bloku tüstü basmışdı. Bacım az qala, boğulacaqdı. Dərhal Fövqəladə Hallar Nazirliyinə, "JEK"in məsul əməkdaşına zəng elədik. "JEK"dən bizim binaya cəmi 5 dəqiqəlik yoldur, yarım saat ərzində gəlib çıxmadılar. Sonradan müəyyənləşdirildi ki, liftin hansısa detalı yanıbmış. Bacım ölsəydi, kim cavab verəcəkdi? Axı biz dəfələrlə vəziyyətin nə yerdə olduğunu onlara çatdırmışıq, niyə tədbir görmürlər?"

Sözügedən ünvanda olarkən həqiqətən lift işləmirdi. Sakinlərin sözlərinə görə, uzun müddətdir ki, liftin qapıları özü-özünə açılıb bağlanırmış. Piyada qalxıb-düşə bilməyib, risk eləyənlər gərək qapı açılan kimi 2-3 saniyə ərzində liftdən çıxsınlar. Əks halda, qapılar bağlanır və lift özü-özünə hərəkət edir. Hətta bəzən uzun müddət qapını açmaq mümkün olmur.

Sakinlərin sözlərinə görə, iki ildir ki, onlara binanın liftlərinin dəyişdiriləcəyi barədə vəd verilir, amma əməl olunmur.

Buna da bax: Sürücülərin kütləvi etirazı

"Liftlərin nə vaxt dəyişdiriləcəyini deyə bilmərəm"

Bakı Lift-Təmir İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynov AzadlıqRadiosuna açıqlamasında sözügedən ünvandakı liftlərdə problem olduğunu təsdiqlədi. Binəqədi rayonu üzrə liftlərə məsul qurumla məsələni dəqiqləşdirən Mehdi Hüseynovun sözlərinə görə, həmin lift su ilə dolub: "Həmin ünvandan vətəndaşlar da müraciət edib. Lift su ilə dolubsa və təhlükə potensialı varsa, onun işləməsinə özümüz də imkan vermirik. Bu cür hallarda liftə baxış keçirilir və lift bundan sonra açılır".

Liftlərin dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir. Bakı şəhəri üzrə Mənzil İstismar Sahələrinin balansında 5275 lift var. Bunların da 1590-nı artıq dəyişdirilib, 950-si əsaslı təmir olunub.

Mehdi Hüseynov qeyd edib ki, sözügedən ünvandakı liftlər 1981-82-ci illərdə quraşdırılıb və dəyişdirilməsi nəzərdə tutulub. Amma bunun nə vaxt baş verəcəyini heç özü də bilmir:

"Liftlərin dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir. Bakı şəhəri üzrə Mənzil İstismar Sahələrinin balansında 5275 lift var. Bunların da 1590-nı artıq dəyişdirilib, 950-si əsaslı təmir olunub. Dediyiniz ünvanlardakı liftlər də dəyişdirilməsi nəzərdə tutulanlar siyahısındadır. Amma nə vaxt dəyişdiriləcəyini deyə bilmərəm, bu il də ola bilər, gələn il də, iki ildən sonra da. Nə vaxt yeni liftlər gətirilsə, o zaman mütləq dəyişəcəyik. Amma hələ ki, nəzarət altında istifadə olunur. Bir məsələni də qeyd edim ki, liftlərin 1982-83-cü illərdə quraşdırılması heç də onların hamısının təhlükəli olması anlamına gəlməməlidir. Nəsimi, Xətai rayonlarındakı binalarda daha köhnə liftlər var".

Buna da bax: Putinin qızlarının milyardları aşkarlanıb

Təəssüf ki, Azərbaycanda dövlət tərəfindən ayrılan vəsaitlərin şəffaf xərclənməsi praktikası yoxdur. Aidiyyəti qurumlar ayrılmış vəsaitin necə xərclənməsi barədə hesabat vermirlər.

Bakı liftlərinə 15 milyon manatdan çox vəsait ayrılıb

Qadir İbrahimli
Qadir İbrahimli

Qeyd edək ki, 2005-ci ildən bəri bir neçə dəfə dövlət tərəfindən lift təsərrüfatına milyonlarla vəsait ayrılıb. Konkret olaraq, bu məqsədlə 2005-ci ildə 600 min, 2008-ci ildə Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon vəsait ayrılıb. 2013-cü ildə yenə də Prezidentin ehtiyat fondundan 7 milyon Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ayrılıb. Bu vəsaitin də 5 milyonu Bakı Şəhər İcra Hakimiyyətinə, qalanı isə hərəsinə 1 milyon olmaqla, Gəncə və Sumqayıt Şəhər İcra Hakimiyyətlərinə verilib.

Beləliklə, məlum olur ki, son on ildə təkcə Bakıdakı liftlərə 15 milyon manatdan artıq vəsait ayrılıb, amma paytaxtdakı liftlərin heç yarısına xərclənməyib.

Liftlərə ayrılan pulların hara getdiyi açıqlanmır

"Güzəran" Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli belə bir vəziyyətin yaranmasını lift təsərrüfatının hələ də "JEK"lərin öhdəliyində olması ilə əlaqələndirir. Onun fikrincə, binaların öz təsərrüfatları yaransa, şəhər liftlərində də problem olmaz, eyni zamanda, dövlət büdcəsinin də yükü yüngülləşər: "Ümumiyyətlə, Azərbaycanda şəhər təsərrüfatlarının idarə olunması qanunvericiliklə normal şəkildə tənzimlənmir".

Lift təsərrüfatına ayrılan milyonlara gəlincə, ekspert deyir ki, həmin vəsaitin necə xərclənməsi barədə heç bir rəsmi hesabat yoxdur: "Təəssüf ki, Azərbaycanda dövlət tərəfindən ayrılan vəsaitlərin şəffaf xərclənməsi praktikası yoxdur. Aidiyyəti qurumlar ayrılmış vəsaitin necə xərclənməsi barədə hesabat vermirlər. Nəticədə həmin vəsaitlər bir sıra hallarda korrupsiya maşınının yeminə çevrilir və təyinatı üzrə xərclənmir. Liftlərə ayrılan vəsaitin necə xərclənməsi barədə də rəsmi məlumat yoxdur".

XS
SM
MD
LG