Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:34

Türkmənistan «Altın Asır»ının sualları var


G. Berdymukhamedov İrana yeni qaz kəmərinin açılışında - 2006.
G. Berdymukhamedov İrana yeni qaz kəmərinin açılışında - 2006.

-

Türkmənistanın təbii qaz ixracından asılılığı onu regiondakı digər qonşularından daha həssas vəziyyətə salıb.

Hökumət bahalı və verimsiz olduğu deyilən çox sayda layihəyə o ki var pullar səpələyir. Hökumətin fikrincə, burada hələ də «Altın Asır», yəni daxildə ölkənin çiçəkləndiyi, dünyada isə əhəmiyyətinin artdığı Qızıl Əsr sürür.

1991-ci ildə - Türkmənistan müstəqillik əldə edəndən sonra hökumət əhaliyə su, qaz və elektrikin bəlli miqdarını, eləcə də əsas qida məhsullarını pulsuz verirdi. Ancaq son bir neçə ildə hökumət bu subsidiyaları azaltmağa başlayıb. Bəlli həddən sonra kommunal xidmətlərdən istifadəyə görə pul ödəmək lazım gəlir, üstəlik, əsas qida məhsullarının da qiyməti yavaş-yavaş qalxmağa başlayıb.

HÖKUMƏT QƏNAƏT BARƏDƏ DÜŞÜNMÜR

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov artıq dekabrda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin ölkə ərazisindən keçən hissəsinin tikilməyə başlanacağını bildirib. Şimali Əfqanıstan və Cənubi Pakistanın Bəlucistan əyalətində yetərincə təhlükəli vəziyyət olsa da, Türkmənistan 8-10 milyard dollarlıq bu layihəni maliyyələşdirmək fikrindədir.

Ölkə rəsmiləri Türkmənistan-Əfqanıstan-Tacikistan (TAT) dəmiryol xətti çəkilişinin öz ərazilərindəki bölümünün artıq başa çatdığını açıqlayıblar. Əfqanıstanın şimalında döyüşlərin getdiyi, Tacikistanın bu layihəyə ayırmağa pulunun olmadığı bir vaxtda Türkmənistan hökuməti gələn il Əfqanıstan ərazisində də dəmiryol çəkəcəyini elan edib.

Aşqabadda Şadlıq Sarayının açılış mərasimi – 2011.
Aşqabadda Şadlıq Sarayının açılış mərasimi – 2011.

QAZ KƏMƏRİNİN XƏZƏR ÇIXMAZI

Bu qəbildən olan digər layihənin tikintisi dekabrda başa çatır. Söhbət 30 milyard kubmetrədək qazı Türkmənistanın qərbinə - Xəzər sahillərinə daşıyacaq qaz kəmərindən gedir. Maraqlı məqam odur ki, hələ bu qazı Xəzər sahillərindən hər hansı başqa ölkəyə axıdacaq kəmər mövcud deyil.

Türkmənistan hökuməti 2017-ci ildə Aşqabadda keçiriləcək Asiya Oyunları üçün məkanların tikintisinə də milyardlarla dollar xərcləməkdədir.

Azadlıq Radiosunun türkmən xidməti ölkə iqtisadiyyatının böhran durumunu, milyardlarla dolların hələ də səmərəsiz layihələrə xərclənməsinin səbəblərini araşdırmaq üçün müzakirə təşkil edib.

Aşqabadda yeni stadionun inşası.
Aşqabadda yeni stadionun inşası.

TÜRKMƏNİSTANDA HƏLƏ 1995-Cİ İLDİR?

Mərkəzi Asiya ölkələri üzrə mütəxəssis, Qlazqo Universitetinin professoru Luca Anceschi də müzakirəyə qatılanlar arasında olub. O, Türkmənistanın dövlət gəlirlərinin qaz ixracından asılılığına diqqət çəkərək belə deyib: «Biz 2015-ci ilin türkmən iqtisadiyyatına baxsaq, onun 1995-ci ildəki durumla tam eyni olduğunu söyləyə bilərik. Bu müddətdə hər hansı önəmli dəyişiklik baş verməyib».

L.Anceschi çoxmilyardlıq layihələrdə yerli elitanın korrupsiya maraqlarının rolu barədə sualları cavablamağa Türkmənistan hökumətinin elə həvəsli olmadığını da vurğulayıb. O, iqtisadi məsələlərdən söz gedərkən, Türkmənistan rəsmilərinin mümkün qədər səssiz qalmağa çalışdığına diqqət çəkib.

«GƏLƏCƏKDƏ, BƏLKƏ DƏ…»

Müzakirəyə qatılan digər tədqiqatçı - Praqa Karl Universitetinin əməkdaşı doktor Slavomir Horak bildirib ki, iqtisadi durumun ağırlaşması Türkmənistandakı rejimin tezliklə çökəcəyi demək deyil. O, ölkənin gələcəyi barədə L.Anceschi ilə eyni fikirdə olduğunu söyləyib: «Gələcəkdə, bəlkə də, Türkmənistan rejiminin indikindən daha davamlı olacağını görəcəyik».

XS
SM
MD
LG