Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:23

Nardaranda seçkilər necə keçirilib?


Nardaranda seçkilər
Nardaranda seçkilər

-

Nardaran qəsəbəsində baş verən silahlı qarşıdurmadan 10 gün keçir. Daxili qoşunlar qəsəbədə tam nəzarəti ələ keçirsələr də, gərginlik qalır. Qəsəbəyə qaz, elektrik enerjisi hələ də verilməyib. Axtarışlar davam edir, yenə saxlananlar var. Elə noyabrın 26-dan sonra 30-dan çox kənd sakinin saxlandığı bildirilir...

İndi rəsmi təbliğatda bu hadisələrin baş vermə səbəbləri kimi əsasən bir neçə arqument səslənir: «Bu qəsəbə Azərbaycanın qanunları ilə yaşamayıb. Qəsəbədə şəriət qanunları hökm sürüb, yerli hakimiyyət orqanlarına heç bir etimad göstərilməyib. Üstəlik, Nardaranda İran İslam Respublikasının təsiri açıqca hiss olunub...».

Nardaranda baş verən qanlı toqquşmadan düz 25 gün öncə bütün ölkədə parlament seçkiləri keçirilib. Halbuki, indi aparılan rəsmi təbliğatın əksinə olaraq Nardaran qəsəbəsi də bu prosesdən kənarda qalmayıb. Bu ziddiyyətli məqamı biz yox, Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlər üzə çıxarır...

NARDARANDA PARLAMENT SEÇKİLƏRİ...

Nardaran qəsəbəsi 28 saylı Sabunçu üçüncü seçki dairəsinə düşür. Qəsəbədə 3 məntəqə olub -14, 15 və 27. Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə, 14 saylı məntəqədə 547 seçici seçkiyə gəlib. Onların 284-ü Milli Məclisin Aqrar siyasəti daimi komissiyasının sədr müavini Eldar Quliyevə səs verib. Eldar Quliyev bundan əvvəl də 3 dəfə deputat seçilib.

Keçmiş və indiki deputat 15 və 27 saylı məntəqələrdən də seçkiyə qatılan şəxslərin yarıdan çoxunun səsini qazanıb. 15 saylı məntəqədən 315, 27 saylı məntəqədən isə 299 səs alıb.

Ortaya sual çıxır. Nardaran sakinləri Azərbaycan qanunlarını tanımırdılarsa, 2011-ci il iyunun 18-də prezident İlham Əliyevin sərəncamı ilə «Şöhrət» ordeni alan Eldar Quliyevə niyə səs veriblər?

SEÇKİYƏ İNANAQ, YOXSA TƏBLİĞATA?

Nardarandan seçkiyə gedənlərin 90 faizə yaxınının hakim kursu müdafiə etdiyi bildirilir.

Mərkəzi Seçki Komissiyasının Ümid Partiyasından olan üzvü Akif Qurbanov da deyir ki, seçkinin rəsmi rəqəmləri vəziyyətin nədən ibarət olduğunu aydın şəkildə ifadə edir. O da rəqəmlərin dili ilə danışır:

«Son parlament seçkilərində həmin seçki dairəsi üzrə 5 nəfərin namizədliyi qeydə alınmışdı. Ancaq oradan müxalif və ya gerçək müstəqil şəxslərin heç birinin namizədliyi qeydə alınmamışdı. Bunla bağlı qeydə alınmayan namizədlərin rəsmi şikayətləri də var idi və onların heç biri təmin edilmədi. Qeydə alınan namizədlər isə birmənalı olaraq hakimiyyətin siyasətini dəstəkləyirdilər. Seçkinin rəsmi nəticələrinə görə, Nardaranda yerləşən 3 seçki məntəqəsi üzrə 4419 seçicidən 1701 nəfəri iştirak edib. Bu da 38.5 faiz seçicinin seçkidə iştirakını göstərir. Məntəqələr üzrə səslərin nisbətinə baxdıqda isə belə mənzərə alınır: 14 saylı məntəqə üzrə 547 səsdən 182-i YAP-ın rəsmi namizədi Xatirə Cabbarovaya verilib. 284 səs isə hakimiyyətin həmişə müdafiə etdiyi, mövcud deputat Eldar Quliyevə verilib. Geridə qalan 3 namizəd isə cəmi 81 səs qazanıb. 15 saylı məntəqə üzrə 173 səsi Xatirə Cabbarova, 315 səsi isə Eldar Quliyev alıb. 27 saylı məntəqə üzrə isə 571 səsdən 211-ni YAP namizədi, 299-nu isə Eldar Quliyev alıb. Göründüyü kimi, hakimiyyətin rəsmi və gerçək namizədlərinə seçkidə iştirak edənlərin 90 faizə yaxını səsi verilib. Yəni, rəsmi rəqəmlər seçkidə iştirak edən seçicilərin mütləq əksəriyyətinin hakim siyasi kursu dəstəklədiyini ifadə edir».

Akif Qurbanov
Akif Qurbanov

NARDARANDA BƏLƏDİYYƏ SEÇKİLƏRİ...

Akif Qurbanov deyir ki, indiki rəsmi təbliğatla seçkilərə dair rəsmi nəticələr arasında ciddi ziddiyyət yaranıb:

«Qənaətim odur ki, seçkilərin nəticələri də, indiki təbliğat da real gerçəkliyi əks etdirmir. Seçkilərin xalqın gerçək iradəsini ifadə etməməsi və şəffaf olmaması barədə öz yekun rəyimdə ətraflı göstərmişəm. Hesab edirəm ki, indiki təbliğat da seçkilər kimi eyni mərkəzdən idarə olunur».

Akif Qurbanov deyir ki, əslində nardaranlılar bələdiyyələrin formalaşmasında yaxından iştirak etmək istəyiblər:

«2009-cu ildə bələdiyyə seçkilərini MSK üzvü olaraq yaxşı xatırlayıram. 1999 və 2004-cü il seçkilərini boykot edən nardaranlılar bu seçkilərdə fəal iştirak qərarı vermişdilər. Nardaranlıların ozamankı Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rasim Əlizadə də daxil 13 nəfər komanda şəklində bələdiyyəyə namizədliklərini irəli sürmüşdülər. Lakin həmin namizədləri hakimiyyət nəzarət altına ala bilmədiyinə və icmanın maraqlarını təmsil etdiklərinə görə qeydə almadılar. Qanunsuz olaraq DSK, MSK və məhkəmələr həmin şəxsləri seçkidən kənar qoydu. Hakimiyyət istədiyi və nəzarətində olan şəxslərdən ibarət bələdiyyə formalaşdı. Eyni yanaşma ilə 2014-cü il bələdiyyə seçkiləri keçirildi. İndiki nəticələr də göstərdi ki, seçkili orqanlar gerçək olmadıqda, əhalinin iradəsi ilə formalaşmadıqda real iş görmə imkanlarını itirir. Xüsusən də icma aktivliyi yüksək olan Nardaran kəndində belə qurumlar, sadəcə, hakimiyyətin rəsmi siyasətini formal olaraq imitasiya etməkdən başqa bir işə yaramırlar. Bu cür yanaşma təəssüf ki, sonda dövlət ilə əhali arasında böyük uçuruma səbəb oldu».

Eldar Quliyev
Eldar Quliyev

NARDARAN DEPUTATININ MÖVQEYİ...

O ki, qaldı Nardarandan seçilən deputat Eldar Quliyevin mövqeyinə, bu da son dərəcə maraqlıdır. Eldar Quliyev moderator.az saytına müsahibəsində nardaranlıları «xurafatçı» adlandırıb. Üstəlik deputat bildirib ki, nardaranlılara heç bir güzəşt edilməməlidir:

«İndi yaranan borclar 2000-ci ildən bu yana olan borclardır. Sual olunur, onlar niyə borclarını ödəməməlidirlər? Dünyanın heç yerində qaz, işıq, su pulsuz verilmir. Mən hesab edirəm ki, nardaranlılara heç bir güzəşt olmalı deyil. Güzəşt etdikcə, onlar bundan sui-istifadə edirlər».

Deputat Nardaranda baş verən hadisələri də pisləyib:

«Mən bununla bağlı ölkə rəhbərliyinə müraciət ünvanlayıb, Nardaranda baş verən hadisələrə son qoyulmasını xahiş etmişəm. Bu hadisələrdə birbaşa günahkar olan Taleh Bağırov və onun tərəfdarlarıdır. Çünki onlar dövlətimizə qarşı anti-təbliğat aparıblar. Onlar dövlətçiliyimizə qarşı çıxıblar…».

XS
SM
MD
LG