Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:45

'Azərbaycan polisi bacılarımı, körpəni polisə aparır, İlham Əliyevsə...'


"Bacını götürmüşük...". Karikatura. Gündüz Ağayev.
"Bacını götürmüşük...". Karikatura. Gündüz Ağayev.

Ötən həftə bacıları, qardaşı və onların övladları polis bölməsinə aparılan bloqqer Orduxan Teymurxan AzadlıqRadiosu-na müsahibə verib.

– Vəziyyət indi necədir, Orduxan bəy?

– Heç bir dəyişiklik yoxdur. Mənim ailəmə təzyiq birinci dəfə fevralın 18-də göstərilməyib. Bu cür basqılar 2-3 ildir davam edir. Arada bacımın, qardaşımın uşaqlarını tuturdular. Qardaşlarıma basqı edirdilər. Amma sonuncu dəfə iki bacımı və iki yaşlı Selcanı polisə aparmaları dəhşətli hadisəydi. Qardaşımın və bacımoğlunun vəkili Elçin Sadıqovun verdiyi məlumata görə, onlar “polisə müqavimətlə” 30 sutka həbs alıblar. Bunların məqsədi məni susdurmaqdır. Mən antiazərbaycan hərəkət etmirəm. Məqsədim Azərbaycanda demokratiyanın və insan haqlarının bərpa edilməsidir, Azərbaycanda hüquqi dövlətin qurulmasıdır. Vətəndaşı, xalqı qorumalı olan polisin mənim ailəmə etdiyi təcavüz antiinsan və antidövlət hərəkətdir. Bu qədərini gözləmirdim, əlbəttə. Bacım telefonda ağlayanda və polisin həmin vaxt “Sən kişi olsaydın, bacılarını bura gətirməzdik” deməsi məni şok etdi. Bir daha əmin oldum ki, bu hakimiyyətin başında duranlar hakimiyyəti əldən verməmək üçün bütün xalqı məhv etməyə hazırdırlar.

Buna da bax:​ Bloqqer: 'Ölkəmiz dövlət kimi yox, kolxoz kimi idarə olunur'

– Yaxınlarınıza basqılar artacağı halda, onları necə qorumağı və ya belə deyək, sığortalamağı düşünürsünüz?

– Mən burda onları qoruya bilmərəm. Amma son hadisələrdən bütün beynəlxalq təşkilatlar, media, hüquq müdafiəçiləri xəbərdardır. Basqılar davam edəcəyi halda, ailəmi daha yüksək səviyyədə və hüquqi yolla müdafiə etməyə çalışacam. Ancaq bu qədər edə bilərəm. Aksiyalarımızı, öz mübarizəmi isə davam etdirəcəm.

– Son zamanlar belə tendensiya yaranıb. Bəzən təzyiqlə üzləşən ailə üzvləri yaxınlarından imtina etdiklərini bəyan edirlər. Yaxınlarınıza bu yöndə təzyiqlər varmı?

– Belə bir söhbət mənim ailəmlə də olmuşdu. Azərbaycanda yaşayan ailələrin xaricdə rejim əleyhinə çıxan qohumlarından imtina etmələrinin səbəbini hamı bilir. Ailəm məndən imtina etmədi. Mənim ailəmə də bir şey təklif edildi, amma bununla belə, bacım da, onun oğlu, qızı da fevralın 18-də polisə aparıldı...

Buna da bax:​ Bloqqerin yaxınları apellyasiya şikayəti verib

– Belə bir addımın atılmasına hazırsınızmı?

– Nəyə görə ailəm məndən imtina etməlidir? Mən də sizə sual verirəm. Durduğu yerdə ailəm niyə hansısa qəzetə çıxıb deməlidir ki, Orduxandan imtina edirəm? Son hadisə bir daha sübut etdi ki, ailələrə təzyiq edirlər, onları terror edirlər, onlar bəzi addımlara məcbur edilirlər. Amma mən ailəmdən, bacımdan, qardaşımdan imtina etmirəm. Mən ailəmi on ildir görmürəm. İkincisi də, hərəkətlərimə özüm cavabdehəm.

– Fevralın 21-də “Facebook” səhifənizdə yazırsınız ki, iki bacınız polisə aparılır, İlham Əliyevsə xanımını birinci vitse-prezident təyin edir. “Bəs mənim iki bacım bu xalqın namusu deyilmi?” Bu statusu niyə yazdınız?

– Xədicə (araşdırmaçı jurnalist Xədicə İsmayılovanı nəzərdə tutur – red.) də, Qiyasın (10 illik həbs cəzası almış gənc fəal Qiyas İbrahimov – red.) anası Şura xanım da, bütün Azərbaycan qadınları da mənim namusumdur. Mən bu statusu namusdan-qeyrətdən danışan oğullara həsr etdim. Bu gün hamı ana-bacı namusundan danışır. Bizim ana-bacımızı ermənilər Xocalıda, Kəlbəcərdə aparmışdı... Bu gün də Azərbaycan polisi mənim bacılarımı, körpə Selcanı polisə aparır. Amma İlham Əliyev xanımını - Mehriban Əliyevanı birinci vitse-prezident təyin edir. Mənim anamın-bacımın namusu da sizin namusunuz deyilmi? Yoxsa sizə ancaq əl çalmaq qalır?..

Buna da bax:​ Bloqqer bacılarının polisdə incidildiyini deyir [yenilənib]

– Azərbaycanda birinci ledinin birinci vitse-prezident təyin edilməsi Türkiyədə ironiyayla, gülüşlə qarşılanıb. Avropadan necə görünür bu hadisə?

– Bütün xəbərlərdə bu məlumatı paylaşırlar. Çox gülünc hadisədir, amma Azərbaycan xalqı üçün tragik durumdur. Bu, bir tragediyadır Azərbaycan üçün. Bu hadisə bu gün baş verməyib ki. Referendum keçiriləndə Azərbaycan xalqının, azı, 40-50 faizi başa düşürdü ki, proses hara gedir. Susqunluqla, hər şeyi normal qəbul etməklə Azərbaycan xalqı bir daha dünyanı özünə güldürdü, o, qıraqdan yox olmuş bir xalq kimi görünür. Sanki xalq yoxdur. Buna görə də Heydər Əliyev, İlham Əliyev, Mehriban Əliyeva xalqla bu cür davranırlar. Doğrudan da, artıq “Mən azərbaycanlıyam” deməyə utanıram. Əgər mən burda rejim əleyhinə çıxış edən fəallardan olmasaydım, hərəkatda olmasaydım, heç kimin yanında azərbaycanlı olduğumu deməzdim. Açıq deyirəm, adam utanır və başını yerə soxmaq istəyirsən... Özü də bu, hələ son deyil, nöqtə deyil. Bunun sonrası da var. Əzdikcə əzəcəklər bu xalqı. Bu gün tragikomediyadır baş verənlər.

Buna da bax:​ 'Heydər Əliyevin simvolik heykəli yıxılan aksiyada o aparıcı idi' [video]

– Bəzən siyasi mühacirlər, xaricdə yaşayanlar Azərbaycanda baş verənlərə görə toplumu, xalqı tənqid edəndə buna qıcıqlananlar olur, “asanıydısa, qalıb mübarizə aparaydınız” deyə cavab verirlər. Belə bir irad sizə tutulsa, cavabınız nə olardı?

– Birincisi, bu gün Azərbaycanda rejimə qarşı vuruşan, tutulan, döyülən, öldürülən azdırmı? Cavab verim: Yox, çoxdur! Bu gün Bayram (10 illik həbs cəzası almış gənc fəal Bayram Məmmədov – red.), Qiyas, Fuad (AXCP sədrinin müavini Fuad Qəhrəmanlı – red.), Taleh (Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə – red.) və başqaları dediklərimi sübut edir. İkincisi, bu gün Avropada yaşayan 500-600 min azərbaycanlıdan 95 faizi ağzını açıb bir söz deyirmi? Ortalıqda heç min nəfər yoxdur. Cürətli insan, xalqını sevən insan qorxmadan sözünü deyə bilməlidir. Biz heç kimi iğtişaşa səsləmirik. Sadəcə, sözünüzü deməkdən, haqqınızı istəməkdən qorxmayın. Nə qədər sussaq, qorxsaq, rejim bizi əzdikcə əzəcək, dünyada gülünc, bayrağımızı əlimizdə qaldırmağa utanan xalq kimi görünəcəyik.

XS
SM
MD
LG