Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:47

Yusif Hansen: '23 illik diktatoru niyə devirildi?'


Misirin Təhrir meydanında "İnqilab" yazısı
Misirin Təhrir meydanında "İnqilab" yazısı

"- Əziz xalqım, məni prezident seçəndə and içmişdim ki, sizin mənafeyinizi qoruyacam, həyatınızı, yaşayışınızı yaxşılaşdıracam. Bu gün sizin qarşınızda çıxış edərək bildirirəm ki, ölkəmizdə bir qrup şəxs azadlığımızı əlimizdən almaq, totalitar bir idarəetmə qurmaq istəyir. Həmin adamlar ordunun, dövlət idarələrinin içində nüfuza sahibdir".

Yusif Hansen

Cənab prezident

hekayə

General İsmayıl otağa daxil olub arxasınca qapını bərk çırpanda Abdul kresloda gözlərini yumaraq oturmuşdu.

- Bu necə otağa daxil olmaqdır, general? - Abdulla soruşdu.

- Cənab prezident, mərkəzi meydanda toplaşan insanların sayı artır. Televiziyada çıxış eləyib insanlardan meydanı boşaltmağı tələb etmək lazımdır. - General iki əlini stolun üstünə qoyub prezidentin gözlərinin içinə baxırdı.

- General, xalqa seçkilərdə söz verdiyim islahatları etmək lazımdır. Əks halda narazı kütlə meydanı boşaltmaz. - Prezident cavab verdi.

- Çıxışınızı edin, əgər meydanı boşaltmasalar ordunu yeridərik. - General sərt şəkildə bildirdi.

- General, xalq niyə məni seçdi? Ölkəni dəyişdirmək, çiçəkləndirmək üçün. Əgər əvvəlki yaşayış onu qane etsəydi, 23 illik diktatoru niyə devirirdi? Mən diktator deyiləm, ordunu xalqa qarşı istifadə edim...

- Cənab prezident, ordu onsuz sizin deyil, mənim sözümlə hərəkət edir. Biz sizi niyə bu kresloda oturtduq? Diktatoru devirməyə biz imkan verməsəydik, xalq heç nə edə bilməzdi. - General əsəbi halda prezidentin sözünü kəsərək dedi.

- General, məni prezident edən xalq idi, siz deyil. Xalqın üstünə ordu və muzdlu hərbçiləri göndərsəz, qərb ölkələrinin buna səssiz qalacağını, göz yumacağını düşünürsüz?

- Qərb ölkələri adəti üzrə bir az hürəcək, sonra da susacaq. Mən yerinizdə olsam, özümü, ailəmi düşünərdim. - General gülümsündü.

- Bu təhdiddir, general? - Prezident əsəbi halda soruşdu.

- Siz ağıllı adamsız, özünüz dəqiq bilərsiz, nədir. Səhər tezdən televiziyada çıxış edilməlidir. Aydındır? - General dönüb qapını yenə bərk çırparaq getdi.

* * *

Buna da bax: 'Nəyimə gərək idi, bu xaraba Əlcəzair, bu qədirbilməz xalq?'

.

Saat 10 olmuş, hava çoxdan qaralmış, Abdul isə öz kabinetində qaranlıqda oturmuşdu. General İsmayılın istədiyi televiziya çıxışı barədə düşünürdü.
O, indi çətin, hətta çıxılmaz vəziyyətə düşdüyünü anlayırdı. Bir il öncə prezidentlik iddiasına düşdüyü üçün özünü qınayırdı.

Nəyisə dəyişə biləcəyinə inanırdı bir il öncə. Lakin seçkidən 7 ay keçsə də heç bir şey dəyişiklik edə bilmədi. General İsmayıl və onun komandası imkan vermədi.

Hələ prezidentlik vəzifəsinin ilk günlərində idarəetmədə olan vəzifəli şəxsləri dəyişdirmək üçün çalışdı. Lakin keçmiş prezident zamanı yığdıqları pullar ilə bir çoxunu satın aldıqlarından prezident kimi onun sözü keçərli olmadı.
Generalın oyuncağına çevrildiyini bilirdi. İndi isə onu çox sevdiyi xalqına qarşı güc göstərməyə, qorxutmağa məcbur etmək istəyirdilər.

O, yaxşı başa düşürdü ki, səhərki çıxışı etməsə, özünü və ailəsini öldürə bilərlər. Onların qaydaları ilə oynamayan prezidentə ehtiyacları yox idi.
Generalın əlində ordu, hərbi texnika var idi, onun isə müqavimət göstərmək üçün heç nəyi. Düşünürdü ki, yeganə üstünlük qazandıra biləcək şey gözlənilməz hücum ola bilərdi.

Stolüstü lampanı yandırdı, daxili telefonla nömrə yığdı. - Dostum İbrahimin evinə gedin, onu görmək istədiyimi deyin və yanıma gətirin. - dedi və dəstəyi yerinə qoydu.

Stolun aşağı rəfini açdı, orda saxladığı revolveri götürdü, içində olan güllələrə baxdı, revolverin barabanını fırladıb taxdı və silahı yerinə qoydu. Üst rəfdən ağ kağız və qələm götürdü, yazmağa başladı.

* * *

İbrahim otağa daxil olanda prezident ayağa qalxıb gülərüzlə ona yaxınlaşıb qucaqladı. - Xoş gördük, əziz dostum. - dedi.

- Gecə vaxtı bura çağırmısansa, önəmli bir söhbətin olmalıdır, - nəsə içmək təklifindən imtina edən İbrahim dedi.

- Sadəcə köhnə dostumu görmək istədim, olmaz? - gülümsəyərək Abdul cavab verdi.

Ümumi şeylərdən, ölkədə olan narazılıqdan söhbət etdilər. İbrahim gedərkən prezident onunla qucaqlaşdı və ovcuna zərfi basdı.

- Bunu heç kim görməsin, zərfin üstündə olan ünvana çatdır. - Abdul otağını dinlədiklərindən ehtiyat etdiyindən İbrahimin qulağına pıçıldadı.

* * *

Buna da bax: "Kulturnı" olmağı, növbəyə durmağı bacarmadıq ki, bacarmadıq

Gecə saat 4 idi. Abdul hərəkətsiz kreslosunda oturmuşdu.

- Cənab prezident, üsyançılar bura hücum ediblər. Sizi dərhal burdan çıxarmalıyam. - prezidentin mühafizə xidmətinin rəhbəri Mahmud otağa daxil olaraq dedi.

- Sən General İsmayılın adamı idin? - prezident gülümsədi.

- Vaxtı itirməyək, çıxaq burdan, - Mahmud təşviş içində dedi.

Abdul stolun altında gizlətdiyi, revolveri tutduğu sağ əlini çıxardı, Mahmudu nişan aldı və atəş açdı. Silahı stolun üstünə atdı və hərəkətsiz dayandı.
Xalqın içində hörmət qazanmış, natiqlik qabiliyyətinə malik Mansur otağa daxil oldu, yerdə yaralı Mahmudun üstündən keçib prezidentin stoluna yaxınlaşdı.

- Deyirlər ki, cənab prezident xalqın qanını içənlərə qarşı mübarizədə bizə kömək etmək istəyir. - Mansur gülümsədi.

- Əlbəttə, doğru deyirlər. Məktubda yazdığım istəyimi yerinə yetirdiz? - Abdul dedi.

- Bəli, cənab prezident. Ailənizi evinizdən götürüb etibarlı yerdə gizlətmişik. - Mansur cavab verdi.

- Elə isə gedək, işimiz çoxdur. - prezident ayağa qalxıb qapıya doğru getdi.

* * *

Səhər saat 9-da televiya kanallarında prezidentin xalqa müraciəti başladı:

- Əziz xalqım, məni prezident seçəndə and içmişdim ki, sizin mənafeyinizi qoruyacam, həyatınızı, yaşayışınızı yaxşılaşdıracam. Bu gün sizin qarşınızda çıxış edərək bildirirəm ki, ölkəmizdə bir qrup şəxs azadlığımızı əlimizdən almaq, totalitar bir idarəetmə qurmaq istəyir. Həmin adamlar ordunun, dövlət idarələrinin içində nüfuza sahibdir. Sizin dəstəyinizlə müstəqilliyimizə təhlükə yaradanları dəmir barmaqlıqlar arxasına göndərəcəyimə söz verirəm.

* * *

"Nyu-York Times" qəzetinin növbəti gün buraxılışının 3-cü səhifəsində "Misirdə prezident öldürüldü" adlı kiçik məqalə çap olundu. Məqalədə aşağıdakılar göstərilirdi:

"Ötən gün televiziyada çıxışından sonra paytaxt Qahirədə prezident öldürülüb. Prezident televiziyadan çıxarkən snayperin açdığı atəş ilə yerindəcə ölüb. Ölkədə hərbi vəziyyət elan olunub. Prezidentin öldürülmə əmrini General İsmayılın verdiyi bildirilir. İnsanlar küçələrə tökülüşüb, hərbçilər isə yerli sakinlərə atəş açır. Ölkə keçmiş diktatorun vaxtında sərvət yığmış insanlarla sadə xalqın arasında vətəndaş müharibəsinin bir addımlığındadır".

Budapeşt, 2017.

XS
SM
MD
LG