Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:44

Bərpaolunan enerjiyə yeni təkan gözlənir


Günəş panelləri
Günəş panelləri

İngiltərənin Oksford şəhərindən tutmuş Kaliforniyanın Redvud Siti şəhərinədək dünyanın bir çox yerində fəaliyyət göstərən şirkətlər yeni günəş enerjisi texnologiyası üzərində çalışır. Bu yeni texnologiya bərpa oluna bilən enerji sahəsinin inkişafına yeni təkan verə bilər.

Bu ilin əvvəlində Oksford Universiteti ilə birgə işləyən Oxford PV startapı Böyük Britaniya hökumətindən 3 milyon dollarlıq qrant alıb. Qrant fotoelement istehsalı üçün yeni növ materialdan istifadəni nəzərdə tutan yeni texnologiyanın hazırlanmasına verilib. Ötən ay ABŞ-da Swift Solar adlı şirkət eyni texnologiyanı bazara çıxarmaqdan ötrü 7 milyon dollar vəsait cəlb edib. ABŞ-ın Təhlükəsizlik və Mübadilə Komissiyasının sənədlərində belə deyilir.

Daha ucuz

Yeni fotovoltaik texnologiya «perovskit elementi» adlanır. Bu elementin aktiv qatını qurğuşun (Pb) və ya qalayın (Sn) halogen duzları əsasında hazırlanan üzvi və qeyri-üzvi hibrid material təşkil edir. Bu yeni texnologiya işığın elektrik enerjisinə mövcud texnologiyalardan daha az məsrəflə çevrilməsini vəd edir. Bu, uzun illər ərzində bu qəbildən ilk yenilikdir.

«Perovskit bizi hazırda damlarımızdakı silikon əsaslı günəş panelləri ilə nə edəcəyimiz ətrafında yenidən düşünməyə vadar etdi. Məni çox həyəcanlandıran digər bir aspekt isə budur: bunları nə dərəcədə ucuz düzəltmək olar? Bu nazik kristallin plyonkalar iki ucuz, hazır və çox rast gəlinən duzun qarışığından hazırlanan, müxtəlif yollarla saxlana bilən mürəkkəbdən düzəldilir... Bu o deməkdir ki, perovskit günəş panelləri silikon panellərin qiymətinin yarısından da az məbləğə başa gələ bilər», - Swift Solar şirkətinin təsisçilərindən biri və elmi məsləhətçisi Sam Stranks öz TED çıxışında deyib.

İlk dəfə 2009-cu ildə yapon alimləri tərəfindən fotoelementə daxil edilən perovskit günəş elementlərinin səmərəliliyi aşağı idi. Üstəlik, onların istehsalatda istifadə üçün yetərincə stabilliyi yox idi. Ancaq son 9 il ərzində alimlər həm bu elementlərin hazırlanmasında işlədilən birləşmələrin sabitliyini, həm də məhsulun səmərəliliyini get-gedə artırıblar.

Britaniyada yerləşən Oxford PV şirkəti hazırda 37 faizlik konversiya səmərəliliyinə qədər çatan günəş elementlərinin hazırlanması üzərində işləyir. Bu göstərici mövcud polikristallik fotovoltaik, yaxud nazik plyonkalı fotoelementlərin göstəricisindən xeyli daha yüksəkdir.

Çinin rolu

Günəş elementləri istehsalında yeni kimyəvi tərkiblər keçmişdə də təklif olunub. Ancaq qiymətlərin baha başa gəlməsi bu təkliflərin istehsal və satışa keçməsini əngəlləyib. Çin hökumətinin ölkənin istehsalat gücünü artırmaq üçün göstərdiyi nəhəng səylər sayəsində günəş panellərinin ucuz başa gəlməsi də bu məsələdə rol oynayıb.

Həmin istehsalçıların bir çoxu sonradan fəaliyyətini dayandırıb. Ancaq bu günə gəlib çatanlar bu sahədə dominant mövqelərini saxlamağa müvəffəq olublar. Bu, alıcıların yeni texnologiyalar axtarmaq ehtiyacının azaldılması hesabına baş verib.

Bu yeni texnologiyanın da üzləşə biləcəyi risklər var. Ancaq səmərəliliyin artırılması və qiymətin azaldılması vədləri alıcıları cəlb edə bilər. Bu isə investorları növbəti dəfə günəş enerjisi yönlü kimya sənayesinə sərmayə yatırmağa həvəsləndirə bilər.

Oxford PV artıq perovskit əsaslı fotoelementlərin ən yüksək səmərəlilik göstəricisini (27.3%) nümayiş etdirməyə nail olub. Bu, artıq bu gün mövcud olan monokristallin silikon panellərin səmərəliliyindən 4% yüksəkdir.

«Bu gün silikon üzərində perovskit tandemli, kommersiya ölçülü günəş panelləri pilot layihə kimi istehsal olunur. Biz kommersiya məcrasına keçməyə hazırlıq kimi avadanlıq və prosesləri optimallaşdırmaqla məşğuluq», - Oxford PV-nin baş texniki direktoru Chris Case deyib.

XS
SM
MD
LG