Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:20

Trump-ın dünyaya ‘nüvə silahlı İran hədiyyəsi’ – Qərb mediası


Tehran, arxiv fotosu
Tehran, arxiv fotosu

Birləşmiş Ştatlar və İran arasında son aylar dərinləşən gərginlik, durumdan çıxış yolları beynəlxalq mediada müzakirə olunmaqdadır.

“The National İnterest” portalında Amitai Etzioni hələ avqustda irəli sürdüyü proqnozunun özünü doğrultduğunu yazır. Müəllif ABŞ-ın İranın aqressiv hərəkətlərinə tutarlı reaksiya verməməsinin vəziyyəti daha da qızışdıracağını yazırdı.

Trump-ın vida hədiyyəsi

“Avropa Birliyindən ABŞ sanksiyalarından yayınmaqda kömək ala bilməyən İran qərar verdi ki, sanksiyaları tətbiq edənlərə ziyan vursun. Güclü reaksiya görmədiyindən diqqətlə nə qədər uzağa gedə biləcəyini yoxlayırdı. Əvvəlcə, qüvvələri neft tankerlərinə minalar yerləşdirdi, ancaq elə etdi ki, tankerlər batmasın və ölüm-itim olmasın. İran bu hərəkətdə əli olmadığını bildirdi. Daha sonra ABŞ dronunu vurduğunu boynuna aldı, onun İran ərazisində vurulduğunu bildirdi. Bütün bunlara Qərb yenə də çox zəif cavab verdi... Sonucda İran bir az da dərinə gedərək neft tankerini saxladı və uran zənginləşdirməyə başladığını açıqladı”, – məqalədə deyilir.

Müəllifin fikrincə, İranın provokasiyalarına qətiyyətli cavab verilməsə, tez, ya gec ya açıq, ya da gizli şəkildə nüvə silahları proqramını genişləndirmək istəyəcək.

“İran çoxdandır kütləvi qırğın silahları proqramından əl çəkməli olmuş Liviya ilə müqayisədə Şimali Koreyaya necə münasibət bəsləndiyinə göz qoyur. İran yaxşı anlayır ki, nüvə silahları onun milli təhlükəsizliyi, regionda dominantlığına imkan verən qoruyucu qalxanı üçün ən yaxşı təminatdır. Nüvə silahlı İranın Prezident Donald Trump-ın beynəlxalq ictimaiyyətə gedərayaq hədiyyələrindən biri olacağını təsəvvür eləmək çətin deyil”, – müəllif vurğulayır.

Çıxış yolu nədir

“Project Syndicate” portalında Bernard Haykel isə İrana necə reaksiya verməyin yollarını təhlil edir. O qeyd edir ki, Səudiyyə Ərəbistanında neft obyektlərinə son hücumlarla İran Amerikanın Fars körfəzində dominantlığına və Səudiyyə Ərəbistanının dünyanın neft təchizatçısı kimi roluna birbaşa meydan oxuyur. “İrana qarşı yalnız ABŞ sanksiyalarını sərtləşdirmək isə İranın daha bir hücumunun qarşısını almaq əvəzinə, onu buna təhrik edəcək”, – yazan müəllif İrana proporsional cavab zərbəsi endirməli olduğunu yazır.

“Səudiyyə Ərəbistanı bunu regionda qarşıdurmanı kəskin qızışdırmadan həyata keçirə bilməz, ancaq Birləşmiş Ştatlar edə bilər. ABŞ məhdud və proporsional reaksiya verərsə, bu, hərtərəfli müharibəylə sonuclanmaz. Hər halda, İran canından bezməyib. İsrail İran qüvvələrinə dəfələrlə etdiyi hücumlara cavab verməyib”, – müəllif yazır və ABŞ-ın İrana sanksiyalardan məhdud möhlət də verməli olduğunu qeyd edir.

ABŞ Prezidenti Donald Trump ötən ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxdı və Tehrana sanksiyaları bərpa etdi. İran isə bu il nüvə sazişi öhdəliklərini məhdudlaşdırmağa başladığını, sənəddə nəzərdə tutulmuş bəzi məhdudiyyətləri keçdiyini açıqladı.

XS
SM
MD
LG