Dünən – oktyabrın 7-də Ağ ev bəyanat yaydı ki, Türkiyə Suriyanın şimal-şərqində əməliyyatlara başlarsa, buna qoşulmayacaq və qüvvələrini çıxaracaq. Artıq dünəndən həmin ərazidə iki müşahidə postundan ABŞ hərbçilərinin çıxarıldığı xəbər verildi. Türkiyə isə əməliyyatlara istənilən vaxt başlamağa hazır olduğunu açıqladı.
Suriyanın şimal-şərqindəki kürd döyüşçülər isə ABŞ-ın qərarını “arxadan vurulan zərbə” adlandırdılar.
Qərbin aparıcı media orqanları ABŞ Prezidenti Donald Trump-ın bu qərarını müzakirə edirlər. “Trump kürdləri özünə xas yolla satır”; “Suriya kürdləri Amerikanın xəyanətini görür və xəbərdarlıq edirlər ki, İŞİD-lə mübarizə indi şübhə altındadır”; “Respublikaçılar Trump-ın Suriyanın şimalından əsgərləri çıxarmaq qərarını tənqid edirlər, Türkiyə isə hücuma hazırlaşır”; “İslam Dövlətini məğlub etməkdə Birləşmiş Ştatlara kömək etmiş Suriya Demokratik Qüvvələri kürd alyansının qısa tarixi” – “The Washington Post” qəzetində dərc olunmuş məqalələr belə adlanır.
“The New York Times” qəzeti isə “Donald Trump Suriya siyasətinin nə olduğunu bilirmi” başlıqlı redaksiya məqaləsi; “Türkiyənin qaçqınları Suriyaya köçürmək planı təhlükəlidir” başlıqlı daha bir məqalə dərc edib.
“Limondan limonad düzəltmək”
Qəzet digər yazısında Pentaqonun ölkənin Suriya strategiyasını qorumaq cabalarından söz açır. Müəlliflər Helene Cooper və Eric Schmitt yazırlar ki, doqquz ay ərzində Pentaqon Suriyadakı 1000 nəfərlik hərbçinin elə də böyük qüvvə olmadığını göstərməyə çalışdı, ümid elədi ki, Prezident Trump İslam Dövləti qruplaşması ilə mübarizə aparan bu qüvvələrin miqyasına diqqət ayırmayacaq. Axı, prezident hələ dekabrda qüvvələri çıxarmaq göstərişi vermişdi.
Prezident Suriyaya, İŞİD-lə mübarizəyə qazanılmış müharibə kimi baxır. Müdafiə Departamenti, Dövlət Departamenti, Konqres isə prezidentin dediklərini cavablandırmağa çalışırlar.
“Müdafiə Departamentinin rəsmiləri isə artıq parçalanmış Suriya hərbi strategiyasını hissə-hissə birləşdirməyə çalışırlar. Ancaq bu asan olmayacaq. Bir tərəfdə Trump-ın açıqlamasından qəzəblənmiş kürd müttəfiqlər, digər tərəfdən Trump-ın sözlərini Suriyanın şimalında kürdlərə qarşı hərəkətə keçməkdən ötrü icazə kimi qəbul edə biləcək avtoritar Türkiyə lideri və regiondan çıxmaq istədiyini açıq bildirmiş Amerika prezidenti... Pentaqon elə bir kəsişmə nöqtəsinə yaxınlaşır ki, ordu bunun nə zamansa gəlib çatacağınan ehtiyatlanırdılar”, – məqalədə deyilir.
Obama administrasiyası dövründə müdafiə nazirinin köməkçisi olmuş Derek Chollet-in fikrincə, Trump Suriyadan qüvvələri çıxaracağını ilk dəfə elan edəndə Müdafiə Departamenti “limondan limonad düzəltdi”. Belə ki Pentaqon 2000 əsgərin minini çıxardı, komandanlığın bəzi elementlərini İraqa köçürdü və kürd döyüşçülərə yardımı davam etdirdi. Kürdlər hələ də İŞİD-lə savaşır və əllərində qruplaşmanın 11 minlik hərbi əsiri var.
Pentaqon rəsmiləri dünən təkidlə bildiriblər ki, Birləşmiş Ştatlar Türkiyənin Suriyaya müdaxiləsinə qətiyyətlə qarşı çıxır. Müəlliflər qeyd edirlər ki, Amerika əsgərlərinin Suriyanın şimalından çıxması İŞİD-ə qarşı koalisiyanı bir arada saxlamağı çətinləşdirəcək.