ABŞ-ın müdafiə rəsmiləri Suriyanın şimalında, kürdlərin nəzarətində olan ərazilərdə ölümlərin artması ilə bağlı Türkiyəyə xəbərdarlıqlarını kəskinləşdiriblər.
Türkiyənin Suriyanın şimalında üç gün əvvəl başlanmış hücum əməliyyatı ilə bağlı ABŞ-ın müdafiə naziri Mark Esper oktyabrın 11-də Türkiyənin müdafiə naziri Hulusi Akara xəbərdarlıq edib.
Bəzi xəbərlərə görə Pentaqon Türkiyənin bu hücumu dayandırmasına çalışır.
ABŞ xəbərdarlıq edir ki, bu hücumun “çox ciddi nəticələri ola bilər”.
Xəbər verilir ki, Türkiyə ordusunun Suriyanın şimalına müdaxiləsi nəticəsində on minlərlə insan evlərindən didərgin düşüb.
Suriya İnsan Haqları Müşahidə qrupunun verdiyi məlumata görə Türkiyə əsgərləri Suriyanın Ras əl-Ayn və Tel-Abyad şəhərləri yaxınlığında 7 kəndi ələ keçiriblər.
Britaniyada mənzillənmiş qrup bildirib ki, Türkiyənin hava zərbələri və snayper atəşləri nəticəsində Suriyada ölən mülkilərin sayı 17-yə çatıb.
Təşkilat bunu da xəbər verir ki, kürdlərin Suriya Demokratik Qüvvələri dəstələrinin 29 döyüşçüsü həlak olub, lakin türkiyəyönlü ərəb döyüşçülərin də 17-si öldürülüb.
***
Tel Abyad şəhərinə Türkiyənin raket zərbələrində daha 7 dinc sakin öldürülüb. Beləliklə də oktyabrın 9-da əməliyyat başlanandan öldürülən dinc sakinlərin sayı 17-yə çatıb. Məlumatı Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müdafiə Təşkilatı yayıb.
Türkiyənin Müdafiə naziri Hulusi Akar bu günədək cəmi 342 “terrorçunun” öldürüldüyünü bildirib.
***
Suriyadakı əməliyyatda onlarla ölən var
Suriyanın şimal-şərqində kürdlərin nəzarətində olan ərazilərdə Türkiyənin apardığı əməliyyatda ölənlərin sayı artır. Beynəlxalq ictimaiyyət isə hücumu dayandırmağa çağırır.
Məlumatlara görə, oktyabrın 10-da Türkiyə qüvvələri Suriya ərazisində bir az da irəliləyib. Suriya İnsan Haqlarını Müdafiə Təşkilatının məlumatına görə, Türkiyə qüvvələri Ras əl-Ayn və Tel Abyad şəhərləri ətrafında yeddi kəndi tutublar.
Hər iki tərəfdən itki var
Qurum oktyabrın 9-da əməliyyat başlayanı azı 10 dinc sakinin və 29 SDF döyüşçüsünün qətlə yetirildyini bildirir.
Türkiyə-pərəst suriyalı döyüşçülərdən isə 17 nəfəri öldürülüb.
Türkiyə tərəf bir əsgərinin öldürüldüyünü, üçünün yaralandığını bildirir. Türkiyə rəsmilərinin məlumatına görə, ölkənin sərhəd şəhərlərinin bombalanmsı nəticəsində biri körpə olmaqla azı 5 nəfər öldürülüb.
Türkiyənin “Anadolu” xəbər agentliyi oktyabrın 10-da axşam əməliyyat başlayanı 228 kürd döyüşçünün “neytrallaşdırıdığını” xəbər verib.
Ankara Suriyanın 30 kilometr dərinliyində “təhlükəsiz zona” yaratmaq, Suriya ilə sərhədini terrorçu saydığı kürd döyüşçülərdən təmizləmək istədiyini deyir. Bu zonada 2 milyon suriyalı qaçqının yerləşdiriləcəyi vurğulanır. Hazırda Türkiyədə 3,6 milyon suriyalı qaçqın yaşayır.
Prezident Donald Trump hücumu öncəsi ərazidən ABŞ əsgərlərinin çıxarılmasına göstəriş verib.
64 minədək məcburi köçkün
Beynəlxalq ictimaiyyət bu əməliyyatı pisləyir, qaçqın böhranının daha da dərinləşəcəyi vurğulanır.
Beynəlxalq Xilasetmə Komitəsi 64 minədək adamın artıq evindən didərgin düşdüyünü bildirir.
Kürd qüvvələrin nəzarət etdiyi həbsxanalarda saxlanan şübhəli İŞİD-çilərin taleyi sarıdan da narahatlıq var. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 11-də Türkmənistana səfəri zamanı deyib ki, Türkiyənin hərbi əməliyyatı nəticəsində İŞİD döyüşçüləri qaça bilərlər.
NATO-nun Baş katibi Jens Stoltenberg İstanbula səfəri zamanı Türkiyənin əməliyyatının İŞİD-ə qarşı qazanılmış uğurlara “təhlükə” yaradacağını deyib. Onunla birgə mətbuat konfransında Türkiyənin Xarici İşlər naziri Mevlut Cavusoglu deyib ki, Ankara NATO müttəfiqlərindən “həmrəylik” gözləyir.
Türkiyə Prezidenti Recep Tayyip Erdogan deyib ki, ölkəsinin əməliyyatı işğal kimi qələmə verilərsə, suriyalı qaçqınların bəzilərini Avropaya göndərə bilər.
AB Şurasının Prezidenti Donald Tusk oktyabrın 11-də bu təhdidi “şantaj” cəhdi adlandırıb.
“Türkiyə anlamalıdır ki, bizim əsas narahatlığımız onların hərəkətlərini daha bir humanitar böhrana apara biləcəyindəndir, bu, qəbuledilməzdir”, – Tusk deyib.