“Prezident Donald Trump-ın nekroloqunun birinci sətri artıq yazıldı. Trump vəzifədən kənarlaşdırılmayacağından əmin olsa da, çərşənbə günü onun irsinin bir hissəsi artıq formalaşdı, Amerika tarixinə Nümayəndələr Palatasında impiçment elan olunan üçüncü prezident kimi düşdü”. “The Associated Press” agentliyindən Jonathan Lemire yazır ki, dekabrın 18-də Palatada prezidentə elan olunan iki ittiham Trump-ın adının yanına yazılacaq konstitusiya töhmətidir. Baxmayaraq ki, prezident bu maddələrin əhəmiyyətini kiçiltməyə, yenidən seçilmək üçün onlardan yararlanmağa çalışır.
Trump vəzifədən sui-istifadədə və Konqresin işinə əngəl törətməkdə ittiham olunur. Yanvarda Senatda onun məhkəməsi qurulmalıdır.
Demokratların fikrincə, Trump ukraynalı həmkarı Volodymyr Zelenskiy-dən seçkidə rəqibi Joe Biden barəsində təhqiqat aparmağı istəməklə vəzifəsindən sui-istifadə edib.
Özü də məsələdən “agahdır”
“Onun prezidentliyini nəzərdən keçirəndə impiçmenti müzakirə etməmək mümkün olmayacaq. Bu, onun tarixçəsinə həmişəlik həkk olundu”, – Prinston Universitetində prezident tarixçisi Julian Zelizer deyib.
“Prezident səlahiyyətindən sui-istifadədən söz düşəndə Trump söhbətin mövzusuna çevrilir. Ukrayna onun Uoterqeyti olacaq. Ukrayna onun Levinskisi olacaq”, – tarixçi söyləyib.
Müəllif yazır ki, Trump tarix kitablarında impiçmentlə üzləşmiş keçmiş prezidentlərlə bir bölümdə yer alacaq. 21 il qabaq Bill Clinton Ağ evdə çalışmış Monica Lewinsky ilə intim əlaqə barədə yalan danışdığına görə, Andrew Johnson isə 151 öncə Yenidənqurma dövründə Konqresə meydan oxuduğu üçün impiç olunub. Richard Nixon isə Uoterqeyt təhqiqatı vaxtı impiçment olunmamaqdan ötrü istefa verib.
Müəllif elə Trump-ın özünün də impiçmentin onun siyasi irsinə təsirindən agah olduğunu vurğulayır. Müttəfiqlərinin deməsinə görə, o, son vaxtlar impiçment məsələsindən çox qəzəblənib, bunu şəxsinə hücum kimi qəbul edib. Trump dekabrın 17-də deyib ki, gözlənən impiçment üçün “sıfır” məsuliyyət daşıyır.
“Ali vəzifədə olan çox az adam bu sınağa dözər, yaxud ondan keçərdi. Mənim gözəl və sevimli ailə üzvlərimə vurduğunuz böyük ziyandan xəbəriniz yoxdur, heç vecinizə də deyil”, – o, impiçment ərəfəsində Nümayəndələr Palatasının spikeri Nancy Pelosiyə altı səhifəlik məktubunda yazıb.
Məktub durğu işarələri, müxtəlif yerlərdə böyük hərflər, şikayətlə doludur və prezidenti ədalətsiz və siyasi motivli hücumun qurbanı kimi qələmə verir.
“Yüz il sonra, adamlar bu işə bir də baxanda istəyirəm anlasınlar və öyrənsinlər ki, bu, başqa bir prezidentin başına heç vaxt gəlməyəcək”, – Trump yazıb.
Trump-a dəstək artır
Senat Trump-ın respublikaçı partiyadaşlarının nəzarətində olduğundan, onun təqsirli bilinəcəyi real görünmür. Prezidentin vəzifədən kənarlaşdırılması üçün Senatın 100 üzvündən üçdə ikisi buna səs verməlidir.
Bu arada Trump-ın işinə dəstək reytinqi yüksəlib və 45 faizə çatıb. “Gallup” sorğu mərkəzi bildirir ki, Nümayəndələr Palatası payızda impiçment araşdırmasına başlayanı prezidentin reytinqi altı faiz yüksəlib.
Prezidentin perfomansını respuslikaçıların 89, demokratların cəmi 8 faizi dəstəkləyir.
İmpiçment məsələsində isə amerikalıların mövqeyi ziddiyyətlidir. Hazırda respondentlərin 46 faizi impiçmenti və prezidentin vəzifədən kənarlaşdırılmasına tərəfdardır. Bu, impiçment araşdırması elan olunandan altı faiz azalma deməkdir.
51 faiz isə prezidentin impiç olunması və vəzifədən kənarlaşdırılmasına qarşı çıxır ki, bu isə sözügedən müddətdən beş faiz çox deməkdir.