Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:20

İranda məhbus qiyamı


İranda məhbuslar, arxiv fotosu
İranda məhbuslar, arxiv fotosu

İranda yeni koronovirusdan ölənlərin sayı 2 min 757 nəfərə çatıb, son 24 saat ərzində 117 nəfər xəstəliyə yoluxub. Bunu Səhiyyə Nazirliyinin sözçüsü Kianush Jahanpur martın 30-da dövlət televiziyasına deyib. Ölkə üzrə 41 min 495 nəfərin virusa yoluxduğu bildirilir.

İran dünyada koronavirusun ən çox yayıldığı ölkələr sırasındadır, ekspertlər rəsmi rəqəmlərə şübhəylə yanaşırlar, çünki islam rejimi yerli və xarici medianı sərt nəzarətdə saxlayır.

Dövlət mediasının martın 30-da yaydığı məlumata görə, İranın cənubunda məhbuslar qiyam qaldırıb, kameraları sındırıblar.

Fars vilayətinin valisi Enayatollah Rahimi IRNA dövlət xəbər agentliyinə deyib ki, qiyam Şiraz şəhərindəki Adel Abad həbsxanasında baş verib. Rahimi xəsarət alan, yaxud həbsxanadan qaçan olmadığını bildirib.

Məhbusların buraxılma müddəti uzadılıb

İran pandemiyanın yayılmasını önləmək məqsədilə 100 minədək məhbusu azad edib, amma zorakı cinayətlər törədənlər, yaxud hakimiyyətin “təhlükəsizlik işləri” saydığı hallar istisnadır, barmaqlıqlar arxasında 50 min məhbus qalıb. “Təhlükəsizlik” işləri adətən ikili vətəndaşlığı və Qərblə əlaqələri olanlara şamil olunur.

Martın 29-da hökumət məhbusların müvəqqəti azadlığa buraxılma müddətini uzadıb.

IRNA martın 27-də xəbər verirdi ki, qərbi Kürdüstan vilayətində 70 məhbus həbsxanadan qaçıb. Məlumatda bəzi məhbusların sonradan həbsxanaya qayıtdığı vurğulanırdı.

Agentlik ilin əvvəlindən Əligüdarz, Həmədan və Təbrizdə həbsxana qiyamlarının baş verdiyini yazırdı.

Dünyada koronavirusa 720 min nəfər yoluxub, 34 mindən çox insan vəfat edib. 150 mindən çox yoluxan sağalıb. Bu məlumatları Johns Hopkins Universiteti toplayır.

XS
SM
MD
LG