Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:54

İşsizliyi necə önləməli - Almaniya, Rusiya təcrübəsi


Tacikistanda işsizlər
Tacikistanda işsizlər

Koronavirus pandemiyasından dolayı dünyada işsizlik artır və ölkələr buna fərqli reaksiyalar verir. AzadAvropa/AzadlıqRadiosu bu yanaşmalara nəzər salır.

Beynəlxalq Əmək Təşkilatının son hesablamasına görə, bu ilin birinci yarısında dünyadakı əmək qüvvəsinin yarısının, təxminən 1,6 milyard nəfərin gəlirlərini itirəcəyi gözlənir.

BMT-nin bu qurumu azalan iş saatlarının ümumilikdə 305 milyon tamştatlı işə bərabər olacağını proqnozlaşdırır. İqtisadi fəaliyyət azalacaq, hətta işləyənlər arasında nisbi yoxsulluq artacaq, ən böyük zərbəni isə pərakəndə ticarət, sənaye, avtomobil təmiri, gecələmə və ərzaq xidmətləri və daşınmaz əmlak yeyəcək.

Hazırda dünyanın hər yerində vəziyyətin pisləşdiyi bildirilir. Amerikalarda iş saatlarının 12 faizindən çoxu itirilib. Avropa və Orta Asiyada bu, 11,8 faiz, digər regionlarda 9,5 faizdən yuxarıdır.

ABŞ-da apreldə işsizlik 14,7 faizə çatıb ki, bu da 1930-cu illərin Böyük Depressiyasından bəri ən pis göstəricidir. İl ərzində bu rəqəmin 12 faizə qədər olacağı bildirilir.

Prezident Donald Trump-ın iqtisadi müşavirləri vəziyyətin getdikcə pisləşdiyini, işsizliyin may və iyun aylarında 20 faizi keçəcəyini deyirlər. Onlar daimi iqtisadi ziyandan qaçmaqdan ötrü iqtisadiyyatın tezliklə açılmasına çağırırlar.

Artıq ölkədə müxtəlif yardım paketlərinin həcmi 3 trilyon dolları aşıb, Nümayəndələr Palatasındakı demokratlar daha bir 3 trilyon dollarlıq paket hazırlayıblar. Respublikaçılar sonuncu layihəyə qarşı çıxırlar, demokratlar isə fərdi maaşların tam ödənilməyəcəyindən məyusluq ifadə edirlər.

Universal Təməl Gəlir

Finlandiya 2017-2018-ci illərdə təsadüfi seçilmiş 2 min işsizə ayda daimi olaraq 600 dollar ödədi. Bu pulu alanların iş axtarmaq öhdəliyi yox idi, eyni zamanda təqaüdlərində də hər hansı azalma olmadı.

Bu ayın əvvəlində ikiillik tədqiqatın nəticələri dərc olundu. Bəlli olan odur ki, bu müddətdə iştirakçıların mental və maliyyə durumu yaxşılaşıb, özlərini daha xoşbəxt hiss edirlər, amma iş tapmaq şansları yaxşılaşmayıb.

Koronavirus pandemiyası gücləndikcə, Universal Təməl Gəlir ideyasının tərəfdarları da artıb.

Pandemiyanın ciddi ziyan vurduğu İspaniya bildirir ki, bu ay qəbul edəcəyi qanunvericilik 3 milyonadək ən yoxsul sakinini təməl gəlirlə təmin edəcək.

İspaniyada evlərin beşdə birinə ayda 270 dollardan da az gəlir daxil olur. Avropanın dördüncü iqtisadiyyatı sayılan bu ölkədə ilin birinci rübündə işsizlik 14,4 faiz olub.

Çoxları gözlərini avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniyaya dikib. Qısamüddətli iş proqramı sayılan “kurzarbeit” çərçivəsində bizneslərə hökumət subsidiyaları verilir və onlar da iş saatlarını azalda, eyni zamanda işçilərinin azı 60 faizinin maaşlarını ödəyə bilirlər.

Maaşlara bu dərəcədə dəstək Almaniyada işsizliyin nəzarətdə qalmasına kömək edib. Beynəlxalq Valyuta Fondu bu il işsizliyin 3,9 faiz olacağını proqnozlaşdırır, ötən il 3,2 faiz idi.

Almaniyanı nümunə göstərirlər

Beynəlxalq Əmək Təşkilatı Almaniyanı başqa ölkələrə nümunə göstərir. 2008-2009-cu illərin maliyyə böhranından da Almaniya kurzarbeit proqramı sayəsində uğurla çıxıb. Bundan sonra Britaniya, İtaliya, Niderland da proqramın özlərinə uyğun versiyalarını işə salıblar.

Bəziləri isə bu proqramın uzun müddətə işləyə bilməyəcəyini deyirlər. Münhendəki İqtisadi Tədqiqatlar İnstitutunun bildirməsinə görə, Almaniyadakı şirkətlərin yarısı işçilərinin bir hissəsini, ya da hamısını bu proqrama salıb ki, bu da 10 milyon işçi deməkdir.

Azərbaycanın qonşusu Rusiyanın Prezidenti Vladimir Putin mayın 11-də elan elədi ki, “qeyri-iş günləri” başa çatır. Ölkədə bir ayın içində rəsmi işsizlərin sayı 1,4 milyon nəfəri keçib.

Ailələr üçün bəzi ödəniş proqramları elan olunub, şirkətlərə vergi fasiləsi veriləcəyi bildirilib. Amma pulun haradan gələcəyi bəlli deyil. Hökumət əvvəl deyirdi ki, iş yerlərinin qorunması prioritetdir, amma onlara əsasən kreditlər ayrıldı, birbaşa maliyyə yardımı kimi 1 milyard dollardan artıq vəsait verildi.

Azərbaycan rəsmiləri bildirirlər ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, sahibkarlıq və məşğulluğa mənfi təsirlərini azaltmaq üçün ümumilikdə 3,5 milyard manat vəsait ayrılıb. İqtisadçı Qubad İbadoğlu isə bildirir ki, pandemiya dövründə sahibkarlara və əhaliyə ayrılmış yardımın məbləği 600 milyon manat civarındadır.

XS
SM
MD
LG