Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:44

'…Yəni, prezident icazə verirsə, qanunlar pozula bilər'


İ.Əliyev R.Mehdiyevi 'Heydər Əliyev' ordeni ilə təltif edir
İ.Əliyev R.Mehdiyevi 'Heydər Əliyev' ordeni ilə təltif edir

Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin karantin dövründə toy mərasiminin keçirilməsi ətrafında baş verən gəlişmələr səngimək bilmir. Həmin toyda Ombudsman olan həyat yoldaşı Səbinə Əliyeva ilə iştirak edən deputat Siyavuş Novruzov bu gün, avqustun 24-də prezident İlham Əliyevə müraciət edərək onu Yeni Azərbaycan Partiyası icra katibinin müavini vəzifəsindən azad etmək barədə xahiş edib.

Bundan əvvəl isə S.Novruzov bununla bağlı həm inzibati qaydada cərimələnib, həm də partiyasının töhmətini alıb.

Ötən gün, avqustun 23-də isə S.Novruzov özünün Facebook profilində status yazaraq aldandığını iddia edib: "…Bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən "Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir. Hətta məclis zamanı onun "Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb" deməyi də həqiqəti əks etdirmir. Yəni, cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdı və bizi aldatmışlar".

Toyun görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra təşkilatçılar qismində R.Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev əlləri qandallı şəkildə media qarşısında məhkəmə önünə çıxarıldı və hər birinə 15 sutka inzibati həbs verildi.

Ə.Məmmədli
Ə.Məmmədli

"Azərbaycanda karantin barədə hüquqi rejimi Milli Məclis qəbul edib"

Hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosuna deyib ki, deputat hər hansı bir addım atarkən özünə və təmsil etdiyi quruma hörmət etməlidir: "Azərbaycanda karantin barədə hüquqi rejimi Milli Məclis qəbul edib. Parlamentin əhalinin sağlamlığı ilə bağlı qəbul etdiyi qanuna uyğun olaraq, Nazirlər Kabineti karantin elan edib. Parlamentin qəbul etdiyi qanun çərçivəsində karantini icra edən Nazirlər Kabinetinin qərarında istisna hal yoxdur ki, onu prezident və ya baş nazir poza bilər. Konstitusiyanın 25-ci maddəsinə görə, qanun hər kəs üçün bərabər tətbiq olunmalıdır. Yalnız qanunun normativ aktlar çərçivəsində Konstitusiyaya uyğunluğu mübahisələndirilə bilər".

Ə.Məmmədlinin fikrincə, S.Novruzovun açıqlaması onu deməyə əsas verir ki, deputat olaraq o bu qanunun qəbul olunmasına səs verib və indiki halda bu qanunu özü bilərəkdən pozub:

"Qanunu pozarkən istinad yeri kimi prezidenti göstərib"

"Qanunu pozarkən istinad yeri kimi prezidenti göstərib. Bu, siyasi baxımdan prezidenti hədəf göstərməkdir ki, yəni, prezident icazə verirsə, qanunlar pozula bilər. "Ramiz Mehdiyev səhv məlumat vermişdir" deməklə S.Novruzov bunu fərqli formada deyir…".

Hüquqşünasın fikrincə, deputat S.Novruzovun belə deməsi onun hüquqi və siyasi mövqeyinə haqq qazandırmır.

E.Qədirli
E.Qədirli

"Prezident bunu etməz"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli isə "Turan" agentliyinə açıqlamasında bildirib ki, prezident istənilən vaxt Nazirlər Kabinetinin qərarını ləğv edə bilər: "Prezident istədiyi vaxt Nazirlər Kabinetinin qərarını ləğv edə bilər. Amma bu, tamam başqa kontekstdir. Prezident özü tapşırıq verib ki, bu işlərlə Nazirlər Kabineti məşğul olsun və onun yanında Operativ Qərargah yaradıb. Açıqlamalarından və çıxışlarından görünür ki, prezident o quruma güvənir. Ona görə də, hamıya toy etmək qadağan olunduğu halda, kiməsə xüsusi imtiyaz vermək, kiməsə müstəsna halda toy keçirmək icazəsi vermək çox anlamsızdır. Prezident bunu etməz".

Deputat əlavə edib ki, qanun hamı üçün birdir: "Prezident karantin rejiminin ləğvini istəsə, özü tapşırar Nazirlər Kabinetinə, ya da özü elə Nazirlər Kabinetinin qərarını ləğv edər. Prezidentin hüquqi baxımdan buna səlahiyyəti var".

Erkin Qədirli sonda da deyib: "Anlaşılan odur ki, Siyavuş Novruzovun sözlərinə görə, Ramiz Mehdiyev prezidentin adından sui-istifadə etməklə onları aldadıb. Bu açıqlama istənilən halda prezidentə yox, Ramiz Mehdiyevə qarşı yönəlik fikirdir".

Bu fikirlərə, hələlik, Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti R.Mehdiyevin münasibətini öyrənmək mümkün olmayıb.

Xatırlatma

Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti R.Mehdiyevin kürəkəni, keçmiş deputat İ.Əliyevin qızının toyu olduğu bildirilir. Sosial şəbəkələrdə həmin toyla və toyda iştirak edənlərlə bağlı bir sıra videolar, məlumatlar paylaşılıb. Yerli saytların məlumatına görə, adıçəkilən şəxslərdən bəzisi toyda iştirakını inkar etməyib. Koronavirus pandemiyası ilə bağlı mart ayından Azərbaycanda toylara icazə verilmir.

Həmin məclisdə Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri S.Novruzov və onun xanımı, Ombudsman S.Əliyevanın da iştirak etdiyi bildirilir. YAP buna görə S.Novruzova töhmət verib. Eyni zamanda, həm onun, həm xanımının, həm də toyda iştirak etdikləri bildirilən Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmovun, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA Prezidentinin müşaviri Əli Abbasovun və daha başqa şəxslərin xüsusi karantin qaydalarını pozduqlarına görə 400 manat cərimə olunduqları açıqlanıb. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyevin kürəkəni, keçmiş deputat İ.Əliyev və onun qudası R.Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunublar.

XS
SM
MD
LG