Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:33

50 ən yaxşı rusiyalı kinorejissorun siyahısı hazırlanıb


A.Zvyaqintsev
A.Zvyaqintsev

Rusiyanın "Byulleten kinoprokatçika" saytı 50 ən yaxşı rusiyalı kinorejissorun siyahısını dərc edib.

Siyahının tərtib olunması üçün rejissorların fəaliyyətinə yeddi meyar üzrə qiymət verilib. Həmin meyarlar bunlardır:

  • Rejissorun filmlərini kinoteatrlarda izləyən auditoriyanın həcmi;
  • Prodüserlərin rejissora etibar etdiyi büdcənin həcmi;
  • Festival və kino mükafatları;
  • Kassa gəlirlərinin çəkiliş büdcəsinə nisbəti;
  • Rejissorun layihədə icra etdiyi funksiyaların sayı;
  • Layihələrin mediada işıqlandırılma səviyyəsi;
  • Rejissorun işlərinin "KinoPoisk" portalında aldığı orta qiymət

Kassa gəliri 10 milyon rubldan çox olmuş filmlər

Reytinq cədvəlinə yalnız 2010-cu il yanvarın 1-dən 2019-ci il dekabrın 31-dək kinoteatr prokatlarına çıxmış və kassa gəliri 10 milyon rubldan çox olmuş tammetrajlı layihələr daxildir. Alternativ şərt kimi tammetrajlı filmin hər hansı kinofestivalın müsabiqəsində iştirakı, yaxud Rusiya və ya xarici tədbirdə "Ən yaxşı film" və ya "Ən yaxşı rejissor" nominasiyasına təqdim edilməsi nəzərə alınıb. Başqa sözlə, məsələn, Rusiyanın "Kinotavr" müsabiqəsində iştirak etmiş, ancaq hər hansı səbəbdən kinoteatr ekranlarına yol tapmamış filmlər də nəzərə alınıb.

Bütün meyarlar nəzərə alınmaqla, reytinqin başında Andrey Zvyaqintsev gəlir. Rejissorun üç filmindən hər biri geniş ictimai əks-səda yarada bilib və Rusiya kino həyatının mühüm hadisəsinə çevrilib. Zvyaqintsevin qələbəsinin əsas amili isə onun filmlərinin festivallardakı uğurları olub. Son onillikdə onun filmləri iki dəfə Rusiyanı Kann kinofestivalının əsas müsabiqəsində, bir dəfə də "Xüsusi baxış" müsabiqəsində təmsil edib. Zvyaqintsevin filmləri dəfələrlə ən iri beynəlxalq kino mükafatlarına namizəd göstərilib.

"Leviafan" filmi "ən yaxşı xarici" film nominasiyasında "Golden Globe" mükafatına layiq görülüb. Portal yazır ki, bu böyük uğur Zvyaqintsevin prodüserlər Aleksandr Rondnyanski və Sergey Melkumovla əməkdaşlığı sayəsində mümkün olub.

İlk beşliyin digər üzvləri

Reytinq cədvəlində ikinci yer Aleksey Sidorova məxsusdur. 2010–2019-cu illər ərzində o, iki blokbasterə imza atıb: "Kölgə ilə döyüş 3: sonuncu raund" (Бой с тенью 3: последний раунд) adlı döyüş filmi və "T-34" hərbi dramı. Filmin gəliri 2.274 milyard rubl (30.6 milyon dollar) olub.

Reytinq cədvəlinin üçüncü sırasında isə Nikolay Lebedev bərqərar olub. Onun da iki böyük layihəsi var: "17 nömrəli əfsanə" (Легенда №17) və "Ekipaj" (Экипаж). Bu layihələrin hər birinin dəyəri 600 min rubldan (8 milyon dollar) yüksək olub. Tanınmış xokkeyçi Valeri Xarlamov haqqında çəkilmiş "17 nömrəli əfsanə" 2013-cü ildə 923 milyon rubl (12.4 milyon dollar) gəlir gətirərək Rusiyada idman-vətənpərvərlik filmləri silsiləsinin başlanğıcı olub.

Dördüncü yerin sahibi "Rublyovkadan olan polis" (Полицейский из Рублевки) komediya silsiləsinin müəllifi İlya Kulikovdur. Bu silsilədən olan hər iki filmə birlikdə 10 milyon tamaşaçı baxıb. Hər ikisi Rusiya kinoprokatının "milyarder"i olub.

İlk beşliyi Fyodor Bondarçuk tamamlayıb. O, daha çox "Stalinqrad" və "Cazibə" (Притяжение) filmləri ilə tanınır. Onun filmlərinin hər biri çəkilən xərcdən üç dəfə artıq gəlir gətirib. Filmlərin büdcələri də irihəcmli olub. Bondarçukun filmləri həm də mətbuatda geniş işıqlandırılıb. O, "Stalinqrad" filmi üzərində prodüser Aleksandr Rondyanski ilə birgə çalışıb.

Ümumilikdə Top-10-luq belədir:

  1. Andrey Zvyaqintsev
  2. Aleksey Sidorov
  3. Nikolay Lebedev
  4. İlya Kulikov
  5. Fyodor Bondarçuk
  6. Anton Meqerdiçev
  7. Kantemir Balaqov
  8. Klim Şipenko
  9. Andrey Konçalovski
  10. Jora Krıjovnikov
XS
SM
MD
LG