Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:51

NATO Rusiyadan ‘çox ciddi suala’ cavab tələb edir


Jens Stoltenberg
Jens Stoltenberg

NATO “inadkar” Rusiyanı müxalifət lideri Aleksei Navalny-nın zəhərlənməsi ilə bağlı Kimyəvi Silahların Qadağanı təşkilatı tərəfindən aparılacaq beynəlxalq müstəqil araşdırma ilə “tam əməkdaşlıq” etməyə çağırıb.

Qərbin 30 ölkəsini birləşdirən şimal alyansının baş katibi Jens Stoltenberg sentyabrın 4-də deyib ki, Rusiya indi “çox ciddi bir suala cavab verməli olacaq”.

Stoltenberg bildirib ki, kimyəvi silahdan hər hansı bir şəkildə istifadə edilməsi insan həyatına hörmətsizlikdir və beynəlxalq norma və qanunların qeyri-məqbul şəkildə pozulması deməkdir.

"Təkzibolunmaz" analiz nəticəsi

Almaniya sentyabrın 2-də bildirib ki, bu ölkədə keçirilmiş toksikoloji analiz Kremlin qatı tənqidçisi Aleksei Navalny-ya qarşı sovet dövründən qalma Noviçok adlı zəhərdən istifadə edildiyini “təkzibolunmaz” bir şəkildə göstərib.

Stoltenberg bunu da bildirib ki, NATO müttəfiqləri Moskvadan Noviçok maddəsinin tərkibi barədə Kimyəvi Silahların Qadağanı təşkilatına açıqlama verməyi tələb ediblər.

Navalny ilə bağlı hadisəni “təməl demokratik hüquqlara hücum adılandıran” Stoltenberg əlavə edib ki, alyans üzvləri bu insidentlə bağlı mümkün nəticələri müzakirə edəcəklər.

Rusiyanın hakimiyyət orqanları Navalny ilə bağlı son insident barədə indiyədək tam inkar mövqeyi tutub.

Moskva bildirir ki, müxalifətçinin zəhərlənməsinə dair tutarlı sübutlar yoxdur.

44 yaşlı Navalny Rusiyada zəhərləndikdən sonra hələ də Berlin xəstəxanalarından birində ağır vəziyyətdədir.

Almaniya Navalny-nın zəhərlənməsi ilə bağlı Avropa İttifaqı və NATO-dan birgə bəyanatın verilməsini gözləyir.

Rusiyadan qaz kəməri çəkilişinə etirazlar artır

Avropa İttifaqı xarici işlər komissarı Josep Borrell-in sentyabrın 4-də dərc etdiyi məktubda ittifaqın 100-dən çox millət vəkili jurnalistlərə və müxalifət fiqurlarına qarşı hücumlara görə məsuliyyət daşıyan rusiyalılalrın məsuliyyətə cəlb edilməsini tələb edir.

Bu arada Rusiyadan Almaniyaya Baltik dənizinin dibi ilə Rusiya qazını nəql edəcək ŞimalAxını 2 kəmərinin çəkilişindən imtina etməsi üçün Berlin üzərinə təzyiqlər artır.

Sentybarın 2-də Almaniya Bundestaqının xarici əlaqələr komissiyasının sədri Norbert Roettgen demişdi ki, Rusiya ilə münasibətlərdə yalnız diplomatik gedişlər artıq fayda vermir:

"Navalny-nın zəhərlənməsindən sonra Avropa Putinə onun anlaya biləcəyi tərzdə cavab vermçəlidir. Avropa İttifaqı ŞimalAxını 2 kəməri tikintisinin dayandırılmasını yekdil səslə tələb etməlidir”.

Ötən həftə Almaniya kansleri Angela Merkel Navalny məsələsinin ŞimalAxını 2 kəməri ilə bağlanmamasına çağırmışdı.

ABŞ bu kəmərin çəkilməsinə qarşıdır.

Putin danışmaq istəmir

Borrel sentyabrın 3-də Avropa İttifaqı üzvləri adından verdiyi bəyanatda Navalny-ya qarşı “sui-qəsd cəhdini” pisləyib və Moskvadan bu cinayətin araşdırılmasında əməkdaşlıq tələb edib.

Borrellin bu bəyanatına cavabında Rusiya xarici işlər nazirinin müavini Aleksandr Grushko sentyabrın 4-də deyib ki, “bu məsələnin siyasiləşdirilməsi qəbuledilməzdir”.

Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Interfax agentliyinə deyib ki, Navalny-ya qarşı cinayət törədildiyinə dair hazırda heç bir dəlil yoxdur.

Bundan əvvəl Kremlin sözçüsü Dmitry Peskov demişdi ki, prezident Vladimir Putin Navalny məsələsi ilə bağlı heç bir bəyanat verməyi planlaşdırmır.

XS
SM
MD
LG