Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:33

'Oskar' alan ilk afroamerikalı kinorejissor nələr yaşadı


 Rocer Ross Uilliams
Rocer Ross Uilliams

10 il bundan əvvəl Rocer Ross Uilliams "Oskar" mükafatına layiq görülmüş ilk afroamerikalı kinorejissor oldu. Mükafatı ona çəkdiyi "Music by Prudence" (Ehtiyatlı musiqi) adlı sənədli film qazandırmışdı. Rejissor bunun onun karyerasında dönüş nöqtəsi olacağını düşünürdü.

"Sadəlövhcəsinə düşünürdüm ki, bütün qapılar qarşımda açılacaq… Heç nə baş vermədi. Heç kim zəng vurmadı", – Uilliams "Indiewire" saytına müsahibəsində deyib.

Rejissorun sözlərinə görə, əksinə, bundan sonra ilk bədii filmini çəkmək daha da çətinləşib. O, "Sandens" kinofestivalında yarışan "God Loves Uganda" (Tanrı Uqandanı sevir) sənədli filmini 2013-cü ildə bitirib. İllərlə bu film üçün maliyyə toplayıb. "Mən qısametrajlı film üçün "Oskar" almış ağdərili rejissor olmuş olsaydım, …qarşımda imkanlar açılardı. Mənə elə gəlir, özümü bu sahəyə sübut etməyə həddindən çox vaxtım gedib", – o deyir.

"Bunu yeni bir mərhələyə qaldırmalıyam"

Son illər ərzində Uilliams ən üzdə olan amerikalı sənədli film rejissorlarından birinə çevrilib. 2016-cı ildə o, "Life, Animated" (Canlandırılmış həyat) filminə görə ikinci dəfə "Oskar"a namizəd göstərilib. 2016-cı ildə "Oskar" mükafatlarını təqdim edən Amerika Kino Akademiyasının sənədli filmlər bölməsinin rəhbəri kimi direktorlar şurasında oturur. Bundan başqa, özünün "One Story Up" adlı sənədli və publisistik filmlər çəkən şirkəti var. Hazırda şirkət onlarla layihənin üzərində işləyir.

ABŞ-da qaradərili vətəndaşların hüquqları ilə bağlı etiraz dalğası fonunda Uilliams qaradərili kinematoqrafçılara dəstəyini gücləndirmək haqda düşünür: "Anladım ki, bunu yeni bir mərhələyə qaldırmalıyam. Kontent yaradan və qaradərili rejissorlara, az təmsil olunan icmalardan olan kinematoqrafçılara imkanlar verən bir prodakşn şirkəti qurmalıyam. Ən iri şirkətlərlə rəqabət aparmaq üçün bunu daha iri miqyasda etməliyəm".

Hazırda Uilliams yeni investorlar və daha çox əməkdaş cəlb etmək üzərində çalışır. Şirkətin Nyu-York şəhərində üç montaj otağı var. Yaxın gələcəkdə daha çox montaj otağı əlavə ediləcək. "Mən istəyirəm kino sahəsində adamlar bilsinlər ki, mənimki kimi, əsasən, qaradərililərə aid şirkətlər var və onlar biznesə açıqdırlar", – o deyir.

Gənc qaradərili rejissorlarla əməkdaşlıq edir

Uilliams "One Story Up"ı iki il bundan əvvəl Ceff Martsla birlikdə təsis edib. Bu müddət ərzində o, sənədli filmlər çəkən gənc qaradərili rejissorlara yaxınlaşaraq onlarla əməkdaşlıq edib. Belə filmlərdən biri ötən il çəkilən "After Maria" (Mariyadan sonra) filmidir. "After Maria" Nadya Hallqrenin ilk bədii filmidir. Hallqren həm də Mişel Obama haqda "Becoming" filminin rejissorudur. Bu yaxınlarda "Netflix"də filmin premyerası olub.

Uilliams ötən ilki Traybeka Film Festivalında Sofiya Nali Ellisonun "A Love Song for Latasha" (Lataşa üçün sevgi nəğməsi) adlı qısametrajlı filmini görəndən sonra onunla əməkdaşlıq etmək qərarına gəlib. O, sonradan Ellisonun bədii film debütünün maliyyəsini təmin edib.

Uilliamsın əməkdaşlıq etdiyi gənc rejissorlardan biri də Mett Keydir. Onun "Little Miss Sumo" (Balaca Miss Sumo) adlı qısametrajlı sənədli filmi yaxın zamanlarda Uilliamsın şirkətində hazırlanan bədii filmə çevriləcək.

Uilliams deyir ki, karyerasına yeni başlayanda qaradərili insanlara məxsus prodakşn şirkətinin mövcudluğunu təsəvvürünə belə gətirə bilmirdi: "Mənim şirkətim əlaqələrimdən yararlanaraq …özüm kimi insanlara dəstək verməklə məşğuldur".

Hazırda "One Story Up" müxtəlif istehsal mərhələlərində olan 14 film və televiziya layihəsi üzərində işləyir. Onların çoxu ağdərili olmayan, yaxud qadın rejissorların işləridir. Onlardan biri də "Netflix"in "The Innocence Files" (Məsumiyyət sənədləri) miniserialıdır. Bundan başqa, "Netflix"in striminqinə yaşıl işıq yandırılmış, ancaq, hələlik, adları çəkilməyən başqa serialları da bu şirkətdə hazırlanır.

XS
SM
MD
LG