Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:09

20 ilə 2 trilyon dollarlıq şübhəli bank əməliyyatı


Arkadi Rotenberq
Arkadi Rotenberq

Rusiya Prezidenti Vladimir Putinin uşaqlıq dostu olan Rotenberq 2012-2016-cı illərdə “Advantage Alliance” adlı şirkət adından “Barclays” bankı vasitəsilə 60 milyon dollarlıq tranzaksiyalar həyata keçirib

Kremlin adamı Arkadi Rotenberq Avropanın ən böyük banklarından biri vasitəsilə milyonlarla dollarlıq əməliyyatlar həyata keçirib. Bu Birləşmiş Ştatlar və Avropa Birliyinin (AB) ona sanksiyaları qüvvəyə minəndən sonra baş verib. Bunu yeni sızdırılmış sənədlər üzə çıxarıb.

Rusiya Prezidenti Vladimir Putinin uşaqlıq dostu olan Rotenberq 2012-2016-cı illərdə “Advantage Alliance” adlı şirkət adından “Barclays” bankı vasitəsilə 60 milyon dollarlıq tranzaksiyalar həyata keçirib. BBC bu haqda sentyabrın 20-də ABŞ Xəzinədarlığının departamentinə istinadla yazıb.

Bir hesab 2017-ci ilədək açıq qalıb

Birləşmiş Ştatlar və AB Rotenberqə 2014-cə ildə, Rusiya Ukraynanın Krım vilayətini qanunsuz ilhaq edəndən sonra sanksiyalar tətbiq edib. ABŞ Xəzinədarlığı Rotenberqin qardaşı Boris və oğlu İqoru da sanksiya siyahısına salıb. Sanksiyaların məqsədi Rusiya hakimiyyətinə yaxın çevrənin üzvlərini cəzalandırmaq, onları beynəlxalq maliyyə sistemindən təcrid etməkdir.

“Barclays” 2016-cı ilin sonuna yaxın “Advantage Alliance” şirkətinin hesabını bağlayıb, amma Rotenberqə məxsus olduğu iddia olunan “Ayrton Development Limited” hesabı 2017-ci ilədək açıq qalıb.

Bu ilin iyulunda ABŞ Senatının araşdırması Rotenberq qardaşlarının sanksiyalardan yayınmaq məqsədilə dəbdəbəli incəsənət əsərləri aldığını iddia edib. Əməliyyatda iştirak edən şirkətlər sırasında “Advantage Alliance” də vardı.

Rotenberqin hesabları barədə informasiya ABŞ Xəzinədarlığının Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsindən (FinCEN) “Buzzfeed” portalına sızdırılan 2100 sənədin içindədir. “Buzzfeed” isə bu sənədləri Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu və dünyada 400-dən çox jurnalistlə paylaşıb.

Rza Zərrabın da adı var

Araşdırmaya qoşulan xəbər agentlikləri sentyabrın 20-dən sızdırılan sənədlərlə bağlı əhvalatları yaymağa başlayıblar.

Sənədlərə görə, 1999-2017-ci illər ərzində qlobal banklar 2 trilyon dollardan artıq şübhəli görünən ödənişlərlə bağlı əməliyyatlar həyata keçiriblər. Bu isə maliyyə qurumları və hökumətlərin qanunsuz pul axınını dayandırmaqdan ötrü yetərincə iş görməməsi ilə bağlı suallar doğurub.

JPMorgan və Deutsche Bank kimi böyük bankların pulların hərəkət etdirilməsi və gizlədilməsində kriminal şəbəkələrə kömək etdiyi bildirilir.

1990-cı illərdə çox da tanınmayan biznesmen olan Rotenberq Putinin 20 illik hakimiyyəti dövründə milyarderə çevrilib. O, pulunu daha çox dövlətə məxsus şirkətlərlə kontraktlardan qazanıb.

Sənədlərdən o da bəlli olur ki, türkiyəli qızıl alverçisi Rza Zərrabın şəriki olduğu şirkət Rusiya və ofşor şirkətlərlə 1.25 milyard dollarlıq şübhəli əməliyyat həyata keçirib.

Rusiyaya və Ukraynaya axan pullar

20 il müddətində Rusiyaya və oradan 11 milyard dollarlıq, Ukraynaya bağlı 470 milyon dollarlıq əməliyyatın gerçəkləşdiyi bildirilir.

FinCEN-in sənədləri Şübhəli Fəaliyyət Hesabatlarından (SARs) ibarətdir. Banklar tranzaksiyanının qanuniliyindən narahat olanda FinCEN-ə SARs təqdim edirlər.

Son illər ABŞ və digər hökumətlər bankları qanunsuz pul axını ilə mübarizəyə məcbur edən qanunvericilik qəbul ediblər. Əks halda banklar böyük cərimələrlə üzləşə bilərlər.

Təkcə ötən il dünya üzrə bankların 2 milyondan çox SARs təqdim etdiyi bildirilir. Təhlilçilərin fikrincə, 333 işçisi olan FinCEN-in korrupsiya ilə mübarizədə yetərincə işçisi və maliyyəsi yoxdur.

FinCEN-in sızdırdığı sənədləri üzərində işləyən xəbər təşkilatlarının gələn günlər ərzində əlavə məqalələr təqdim edəcəyi gözlənir.

Bu, 2017-ci ildən bəri sızdırılan ən böyük gizli maliyyə sənədləridir. Həmin il Appleby və Estera ofşor hüquqi və korporativ xidmət provayderlərinin sızdırdığı “Cənnət sənədləri” siyasətçilərin, tanınmışların, biznes liderlərinin ofşor maliyyə əməliyyatlarını üzə çıxarmışdı.

XS
SM
MD
LG