Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 20:43

Tramp Ali Məhkəmə ilə hədələyir


C.Bayden (solda) və D.Tramp
C.Bayden (solda) və D.Tramp

Bayden Florida kimi əsas ştatları udmağa ümid edirdi. Ancaq nəticələr gəldikcə Trampın Floridanı qazandığı, Pensilvaniya, Miçiqan və Corciya kimi digər ştatlarda öndə getdiyi görünür

Tramp qalib gəldiyini iddia edir

Prezident Donald Tramp 3 noyabr seçkisində Demokrat Partiyasından rəqibi Co Bayden üzərində qələbə çaldığını iddia edib, hüquqi addımlarla, məsələni Ali Məhkəməyə çıxarmaqla hədələyib. Ancaq hazırda seçkinin nəticəsi bəlli deyil, bir neçə həlledici ştatda bülletenlər sayılmaqdadır.

Onun rəqibi Co Baydenin vəkilləri isə prezidentə qarşı çıxmağa hazır olduqlarını deyib, onun sözlərini “biabırçılıq, misilsiz və qeyri-korrekt” adlandırıblar.

“Biabırçılıqdır, çünki bu, Amerika vətəndaşlarının demokratik hüquqlarını almağa yönəlik açıq cəhddir”, – bəyanatda deyilir.

Pensilvaniya, Viskonsin, Miçiqan və Corciya ştatlarında səssayma davam edir. ABŞ mediası namizədlərdən heç birinin 270 Seçici Kollegiyasının səsini qazanmadığını bildirir.

Baydenin sözlərinə görə, o, 270 səsi qazanmaq üzrədir. Hazırda seçkinin taleyi Miçiqan, Pensilvaniya və Viskonsində həll olunur. Bu üç ştatda udmaqla Bayden qələbə qazana bilər.

Tramp hələ seçkidən öncə dəfələrlə, dəlilsiz deyirdi ki, poçtla səsvermənin artması saxtakarlığa aparacaq.

“Səmimi desəm, seçkini udduq. Bu, Amerika cəmiyyəti üzərində saxtakarlıqdır”, – Tramp vacib ştatlarda qalib gəldiyini iddia edəndən sonra deyib.

Prezidentin özünü seçkinin qalibi elan etmək səlahiyyəti yoxdur, hər bir ştat üzrə nəticələri seçki rəsmiləri müəyyənləşdirir.

“Seçkinin qalibini elan etmək mənə, yaxud Donald Trampa düşmür. Bu, seçicilərin yeridir”, – Bayden Twitter-də yazıb.

***

Həlledici ştatlarda səssayma davam edir

Respublikaçı Prezident Donald Tramp və onun Demokrat partiyasından rəqibi Co Bayden arasında bir sıra həlledici ştatlarda qızğın rəqabət gedir. Bu ştatların nəticələrinin bilinməsi bir neçə gün çəkə bilər.

Bayden noyabrın 4-də çıxışında deyib ki, seçkini udmaq “üzrə” olduğunu hiss edir və seçiciləri səbrli olmağa çağırıb.

Prezident Donald Tramp daha döyüşkən mövqe tutaraq səslərin “oğurlanması”na dair əsassız iddialar səsləndirib. Seçki məmurları bu iddiaları əsaslandırılmamış hesab edir, bülletenlərin hələ sayılmaqda olduğunu bildirir.

Florida...

Bayden Florida kimi əsas ştatları udmağa ümid edirdi. Ancaq nəticələr gəldikcə Trampın Floridanı qazandığı, Pensilvaniya, Miçiqan və Corciya kimi digər ştatlarda öndə getdiyi görünür. Seçki rəsmiləri isə xəbərdarlıq edirlər ki, poçtla göndərilən bülletenlərin sayı çoxdur, ştatlarda fərqli qaydalar tətbiq olunur və bütün səslərin sayılması bir neçə saat, hətta daha çox çəkə bilər.

Pensilvaniyada səssaymanın yekunlaşması Seçki Günündən sonra üç günədək çəkə bilər.

Seçkinin qalibi olmaqdan ötrü 270 elektoral səs lazımdır. CNN televiziyası Baydenin 220, Trampın 210 səs yığdığını xəbər verir.

Böyük seçki gününə qədər 100 milyondan çox seçicinin poçtla, yaxud məntəqələrə gedərək səs verdiyi bildirilirdi. Bu, 2016-cı ildə seçkiyə getmiş seçicilərin 73 faizi demək idi.

Rəy sorğuları

Seçkiöncəsi rəy sorğuları Baydenin 8 faiz öndə olduğunu göstərirdi. Eyni zamanda rəy sorğuları onu da üzə çıxardı ki, Tramp kritik ştatlarda üstünlük qazanarsa qələbə çalmaq şansı var.

Rəy sorğularına görə, hər 10 seçicidən dördü pandemiyanı ölkənin əsas problemi hesab edir, ondan sonra iqtisadiyyat gəlir. Bu il ölkədə irqi ədalətsizliyə etirazlar keçirilib və hər 10 seçicidən biri irqçiliyi ən vacib məsələ sayır.

Hər 10 seçicidən altısı ölkənin getdiyi yoldan məmnun olmadığını dilə gətirib. Respondentlərin 75 faizi isə federal hökumətin işindən narazılığını və qəzəbini ifadə edib.

Seçkidə Nümayəndələr Palatasından yerlər bütünlükdə, Senatda isə 35 yer səsverməyə çıxarılıb. 23 yer respublikaçılara, 12-si isə demokratlara məxsusdur.

Hazırda respublikaçılara senata 53-47 fərqilə nəzarət etsələr də, bəzi senator yerləri üzrə də seçki keçirildiyindən bu nisbətə artıq təhlükə yaranıb. Demokratlar daha 4 yer qazana bilsələr, Senatda çoxluğu ələ alacaqlar. Bayden prezident seçilərsə, 3 yer də kifayətdir. Çünki vitse-prezidentin də səs vermək hüququ var.

Demokratların Nümayəndələr Palatasına nəzarəti saxlayacağı görünür.

XS
SM
MD
LG