Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:59

Sputnik V ilə bağlı xəbərdarlıq


Sputnik V vaksini
Sputnik V vaksini

Birləşmiş Ştatlar Rusiyanın kəşfiyyat agentliklərini Qərbin koronovirusa qarşı vaksinləri barədə dezinformasiya yaymaqda suçlayır

Avropa Tibb Agentliyinin (ATA) aparıcı rəsmisi Avropa Birliyi üzvlərinə xəbərdarlıq edib ki, Rusiyanın COVID-19-a qarşı Sputnik V vaksininin təsdiqlənməsini təxirə salsınlar, agentliyin təhlükəsizliklə bağlı araşdırmasını başa çatdırmasını gözləsinlər.

“Ekspertiza üçün bizə sənədlər lazımdır. Həm də hal-hazırda... peyvənd olunmuş adamlar barədə bizdə məlumat yoxdur”, – ATA-nın idarə heyətinin rəhbəri Krista Virtumer-Hoş martın 7-də Avstriyanın ORF televiziyasına deyib.

Mərhələli ekspertiza başlanıb

“Bəlli deyil. Bu səbəbdən vaksinin təcili təsdiqlənməsini təcili təxirə salmağı tövsiyə edirəm. Müvafiq məlumat öyrəniləndən sonra gələcəkdə Sputnik V burada bazara çıxarıla bilər. Hazırda ATA-da mərhələləri ekspertiza başlanıb”, – o vurğulayıb.

Rəsminin sözlərinə görə, Rusiyadakı istehsalçılardan məlumatlar gəlməkdədir və onlar Avropanın keyfiyyət, təhlükəsizlik və effektivlik standartlarına uyğun öyrəniləcək.

Avropanın dərmanlar üzrə agentliyinin martın 4-də bildirməsinə görə, Sputnik V vaksininin “mərhələli ekspertizası” başlanıb. Bu isə AB-nin 27 üzv ölkəsi ərazisində təsdiqlənmək yönündə əsas addımdır.

Ötən ay “The Lancet” tibb dərgisində dərc olunmuş araşdırmada ikidozalı Sputnik V vaksininin simptomatik COVID-19-a qarşı 91.6 faiz effektiv olduğu qeyd edilirdi. Bu, Qərbdəki aparıcı vaksinlərlə eyni səviyyə deməkdir.

Artıq Avropanın bəzi ölkələri, Macarıstan və Slovakiya daxil olmaqla Sputnik V vaksinindən istifadəyə başlayıb.

Şimali Makedoniyaya ilk partiya martın 7-də çatdırılıb. Ümumilikdə bu ölkə 200 min Sputnik V vaksini sifariş edib, onun ilk- 3 min dozası artıq göndərilib.

ABŞ Rusiyanı ittiham edir

Bu arada Birləşmiş Ştatlar Rusiyanın kəşfiyyat agentliklərini Qərbin koronovirusa qarşı vaksinləri barədə dezinformasiya yaymaqda suçlayır. “Wall Street Journal” yazır ki, Rusiya bununla həmin vaksinlərə qlobal inama zərbə vurmağa çalışmaqda ittiham edilir.

Dövlət Departamentinin Qlobal Fəaliyyət Mərkəzi xarici dezinformasiya cəhdlərinə nəzarət edir. Qurumun bildirməsinə görə, Rusiya kəşfiyyatına bağlı dörd vebsayt vaksinlərin effekti, onların yan təsirləri haqda suallar qoyan məqalələr dərc edib.

Qərb vaksinləri sərt sınaqlardan sonra 60 faizdən çox effektlilik ortaya qoyub, iki vaksinin effekti isə 90 faizdən yuxarı olub. Qərb vaksinlərinin rəqibi olan Rusiyanın Sputnik V vaksininin də 90 faizdən çox effektli olması bildirilir.

Sözügedən vebsaytlar “New Eastern Outlook”, “Oriental Review”, “News Front” və “Rebel Inside” adlanır. Onların Rusiya xarici kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilir.

ABŞ-ın sosial media şirkətləri bu dörd vebsayta bağlı hesabları siliblər. Amma bu ilin əvvəlində onlarla əlaqəli bəzi qeyri-ingilis dilli hesablar hələ də fəaliyyət göstərirdi.

Kremlin sözçüsü Dmitri Peskov isə Rusiya kəşfiyyat agentliklərinin Qərb vaksinləri haqda dezinformasiya yaydığını təkzib edib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Rusiyanı koronavirus vaksinləri üzrə beynəlxalq debata səbəb olduğu üçün suçlamağa çalışır.

Ekspertlərin qəzetə deməsinə görə, Birləşmiş Ştatlar hələ sovet dönəmində Rusiyanı tibbi məsələlərlə bağlı dezinformasiya yaymaqda ittiham edib. Sovet vaxtı KQB kampaniyası QİÇS pandemiyasının ABŞ-ın bioloji silah laboratoriyalarından qaynaqlandığını iddia edirdi.

XS
SM
MD
LG