Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:58

Estoniya biraylıq karantinə gedir


Arxiv fotosu
Arxiv fotosu

“AFP” agentliyi yazır ki, Latın Amerikası və Karib regionunda koronavirusdan ölüm 700 mini keçib

Estoniyanın Baş naziri Kaja Kallas ölkədə biraylıq karantin elan olunacağını bildirib. Bu Baltik ölkəsi koronavirusun Britaniya ştammının yayılmasını səngitməyə çalışır.

“Estoniyada COVID-19-la bağlı vəziyyət həddən artıq kritikdir. Bunu tez yoluna qoymaq lazımdır. Biz ölkəni mümkün qədər uzun müddətə qapatmaq qərarına gəldik”, – o, martın 8-də televiziya ilə çıxışında bildirib.

Britaniya ştammı sürətlə yayılır

“Bu yalnız təmasları azaltmaq, yoluxma zəncirini qırmaq üçündür”, – baş nazir vurğulayıb.

Demək olar, bütün məktəblər məsafədən tədrisə keçir, restoranlar, kafelər, pərakəndə satış obyektləri bağlanır. Yalnız vacib məhsullar satılan mağazalar açıq qalacaq.

Britaniya ştammı virusun orijinal formasından daha yoluxucu hesab olunur.

Estoniya mediasının ötən həftə yazmasına görə, son araşdırma bu ştammın ölkədəki koronavirus yoluxmalarının 13 faizə qədərini təşkil etdiyini göstərir.

1.9 milyon əhalisi olan Estoniyada Avropa üzrə yüksək yoluxma statistikası var.

Fevralın 23-dən hər gün mindən çox yeni yoluxma aşkarlanır.

Pandemiya başlanandan Estoniyada koronavirusa 76 mindən çox yoluxma, 667 ölüm qeydə alınıb.

ABŞ-da əhalinin 10 faizinə peyvənd vurulub

Birləşmiş Ştatlardan isə ruhlandırıcı xəbərlər gəlir. Son üç ay yarım ərzində ilk dəfə olaraq martın 8-də günə mindən az ölüm qeydə alınıb.

Son 24 saat ərzində koronavirusdan 749 nəfərin öldüyü açıqlanıb. Yanvarın 12-də isə ölü sayı 4 min 473 nəfər idi.

Noyabrın 29-dan Birləşmiş Ştatlarda gündəlik ölüm mindən aşağı olmayıb. Həmin gün son 24 saat ərzində 822 nəfərin öldüyü açıqlanmışdı.

ABŞ-da dekabrda başlanmış vaksinasiya tam sürətlə gedir, əhalinin 10 faizə yaxını – 31.5 milyon nəfərə peyvənd vurulduğu bildirilir. Həmin şəxslərə ya Pfizer, yaxud Moderna vaksinlərinin hər iki dozası, ya da birdozalı Johnson & Johnson vaksini vurulub.

“AFP” agentliyi yazır ki, Latın Amerikası və Karib regionunda koronavirusdan ölüm 700 mini keçib. Bu regiona Cənubi və Şimali Amerikada 34 ölkə və ərazi, Karib və Meksika daxildir.

700 min ölü sayı virusdan ölüm üzrə Avropadan sonra ikinci yer deməkdir.

2019-cu ilin dekabrından dünya üzrə koronavirusa 117 milyona yaxın yoluxma qeydə alınıb, 2.26 milyon nəfər dünyasını dəyişib.

XS
SM
MD
LG