Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:39

Çin vaksinasiya sertifikatı verməyə başlayır


Çində vaksinasiya məntəqəsi
Çində vaksinasiya məntəqəsi

ABŞ-da COVID-19-a qarşı tam vaksin olunmuş şəxslər digər peyvənd edilmişlərlə qapalı məkanlarda kiçik qruplarla yığışa bilərlər

Çin səyahətə çıxmağı planlaşdıran vətəndaşlarına rəqəmsal COVID-19 vaksinasiya sertifikatı verməyə başlayıb.

Rəqəmsal sertifikatda şəxsin peyvəndlənməsi, virus testləri haqda məlumatlar yer alır. Sertifikatlar martın 8-dən Çinin WeChat sosial media platformasındakı proqram vasitəsilə verilir.

Xarici İşlər Nazirliyinin sözçüsünün martın 9-da bildirməsinə görə, şəhadətnamənin məqsədi “dünyanın iqtisadi dirçəlişinə töhfə vermək, sərhədlərarası səyahəti asanlaşdırmaqdır”.

İlk “virus pasportu”

Sertifikat yalnız Çin vətəndaşları üçündür, hələlik, məcburi deyil və dünyada ilk “virus pasportu” sayılır.

Sənədi kağız formasında da əldə etmək mümkündür.

Hazırda Birləşmiş Ştatlar və Britaniya da oxşar icazələrin verilməsinin mümkünlüyünü nəzərdən keçirir.

Avropa Birliyi də vaksin “yaşıl pasportu” üzərində işləyir, üzv ölkə sakinlərinin öz aralarında və xaricə səyahətinə imkan yaranacağını bildirir.

Çinin rəsmi Sinxua agentliyi martın 8-də yazıb ki, sertifikatdakı QR kodu hər bir ölkəyə səyahətçinin sağlamlığı haqqında informasiya almaq imkanı verəcək.

Artıq Çində WeChat və digər smartfon əplərindəki “QR sağlamlıq kodları” ölkədə nəqliyyatdan və bir çox ictimai məkanlardan istifadə üçün tələb olunur. Amma bu proqram gizliliklə bağlı narahatlığa səbəb olub, hökumətin nəzarəti genişləndirməsi sarıdan qorxular var.

Peyvənd vurduranlar yığışa bilərlər

COVID-19-a qarşı tam vaksin olunmuş şəxslər digər peyvənd edilmişlərlə qapalı məkanlarda kiçik qruplarla yığışa bilərlər. Amma yenə də vacib olmayan səyahətə çıxmamaq, ictimaiyyət arasında maska taxmaq lazımdır. Bunu Bayden administrasiyası dünən – martın 8-də bildirib.

ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) yaydığı məlumata görə, tam peyvənd olunanlar hətta vaksin vurdurmamış şəxslərlə belə kiçik qruplar halında görüşə bilərlər.

CDC tam vaksin olunmuşları böyük toplantılardan çəkinməyə, peyvənd vurdurmamış şəxslərə baş çəkəndə maska taxmağa çağırır.

Qurumun direktoru Roçel Valenski jurnalistlərə deyib ki, hələ peyvənd olunmamışları qorumaq vacibdir. Hazırda günə 60 min yoluxma qeydə alındığından sonuncular hələ həssas durumdadırlar.

“Biz ciddi pandemiyanın ortasındayıq, əhalimizin 90 faizindən çoxuna hələ peyvənd vurulmayıb. Bu səbəbdən, peyvənd vurdurmağından asılı olmayaraq istənilən şəxs orta və böyük yığıncaqlardan, vacib olmayan səyahətlərdən çəkinməlidir”, – o vurğulayıb.

Birləşmiş Ştatlarda COVID-19-dan 525 mindən çox insan vəfat edib. Yanvarın 20-dən vəzifəsinin icrasına başlamış Co Bayden isə amerikalıları prezidentliyinin ilk 100 günündə maska taxmağa çağırıb. Keçmiş prezident Donald Tramp pandemiyanın, maskaların əhəmiyyətini kiçildirdi. Bəzi ştatlar isə artıq qadağaları qaldırmağa başlayıblar.

XS
SM
MD
LG