Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:05

Azərbaycanın trol şəbəkəsi yenə iş başında – Qərb mediası


Trol, illüstrativ foto
Trol, illüstrativ foto

Qəzet daha öncə də Facebook-da Azərbaycanın hakim YAP partiyasına bağlı hesabların qısnama kampaniyası aparmasından yazmışdı

"The Guardian" qəzetinin aprelin 15-də məqaləyə etdiyi düzəliş yazının sonundadır

“Facebook” sosial şəbəkəsi Azərbaycanda müstəqil xəbər orqanları və müxalifətçilərə qarşı dövlətin dəstəklədiyi təzyiq kampaniyasının bərpasına imkan verib. Sosial platforma trol şəbəkəsinə altı aylıq qadağanı qaldırıb. Bu haqda “The Guardian” qəzeti geniş araşdırma dərc edib.

Qəzet daha öncə də Facebook-da Azərbaycanın hakim YAP partiyasına bağlı hesabların qısnama kampaniyası aparmasından yazmışdı. Sosial şəbəkənin əməkdaşı Sofi Janq bu haqda hələ 2019-cu ilin avqustunda menecerlərinə məlumat veribmiş.

Facebook isə 14 aydan sonra - 2020-ci ilin oktyabrında elan elədi ki, YAP-a bağlı 8 mindən çox Facebook və Instagram hesabını silib. Onların sosial şəbəkənin koordinasiyalı saxta davranışa qarşı siyasətini pozduğu, bu fəaliyyətin Rusiyanın 2016-cı ildə ABŞ-da seçkiyə müdaxilə əməliyyatına oxşar olduğu deyilirdi.

Şərhlərin 97 faizindən çoxu oxşar hesablardan yazılıb

“The Guardian” trol əməliyyatının bərpa edildiyini aşkarlayıb. "Azad Söz" müstəqil informasiya kanalının Facebook səhifəsində bir post təhlil olunub. İlk 301 şərhdən 294-nün (97.7%) oxşar hesablardan yazıldığı üzə çıxıb. Bu isə “Facebook”un qaydalarına ziddir.

Məqalədə deyilir ki, bu, avtoritar rejimə Azərbaycanda azsaylı azad söz platformalarında debatı boğmağa imkan verir.

“Facebook Azərbaycan kimi ölkələrlə maraqlanmır. Sizin hesabat diqqət mərkəzində olmayan, az tanınmış ölkələrə qarşı platformanın laqeydliyini göstərir”, – Türkiyədə yaşayan azərbaycanlı jurnalist Arzu Qeybullayeva deyib.

Azərbaycan Sərhədsiz Reportyorlar Təşkilatının Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə içində 168-ci yerdədir.

Janq data təhlilçisi kimi işləyərkən trol əməliyyatını faş etmişdi, Azərbaycanın azsaylı müstəqil xəbər orqanlarının, müxalifətçilərinin səhifələrində onların sərt qrafiklə çalışdığını müəyyənləşdirmişdi. Şərhlər həftəiçi səhər 9-dan axşam 6-dək günorta bir saatlıq yemək fasiləsini çıxmaqla yazılırdı.

10 minlik trol ordusu

AXCP müxalifət partiyasının lideri Əli Kərimlinin qəzetə deməsinə görə, YAP-ın “nəhəng trol ordusu” hökumətin koordinasiyalı kampaniyasının tərkib hissəsidir. Müxalifət lideri onun sosial media hesablarının sındırıldığını, internetə çıxışının əngəlləndiyini də vurğulayıb.

“Çox repressiv rejimimiz var. Ölkədə müstəqil qəzet, yaxud TV yoxdur. Fikrini azad şəkildə yalnız sosial media vasitəsilə ifadə edə bilərsən. Facebook, Instagram və digər platformaların burada rolu böyükdür. Facebook ona görə populyardır ki, bizim azad informasiya məkanımız yoxdur”, – Kərimli vurğulayıb.

Partiya lideri hakim rejimin 10 min nəfərlik trolunun olduğunu, onların paytaxt Bakıda işlədiyini, daha çox YAP-ın gənclər təşkilatından, o cümlədən daxili işlər nazirliyi, dövlət QHT-lərində çalışdığını bildirir.

“The Guardian” bu deyilənlərə YAP-dan münasibət ala bilməyib.

Hakimiyyət təmsilçiləri indiyədək troll fabriki haqda beynəlxalq mediada yazılanlara reaksiya verməyib. Amma ölkədə hüquq və azadlıqların məhdudlaşdırılması haqda tənqidləri qəbul etmirlər, deyilənləri qərəzli sayırlar.

***

Facebook-dan isə aprelin 12-də bildirilib ki, qəzetin aşkarladığı səhifələrdən 300-dən çoxu deaktiv olunub. “The Guardian” həmin səhifələrin saxta davranışa qarşı qaydaları pozduğunu müəyyənləşdirmişdi. Ancaq bu məqalə dərc olunandan sonra “Facebook” bəyan edib ki, səhifələrin siyahısı nəzərdən keçirilib, onların YAP-a bağlılığı müəyyən edilməyib.

Qəzet “Facebook”dan bundan əlavə açıqlama ala bilməyib.

Hakim YAP isə aprelin 14-də "The Guardian" qəzetindən təkzib verməsini tələb edib. Partiya bildirib ki, məqalə müəllifi jurnalistikanın məsuliyyət, dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərini pozub. YAP qeyd edib ki, 760 min üzvləri var və bu qədər üzvünün olması partiyanın trol qrupları saxladığını deməyə əsas vermir.

XS
SM
MD
LG