Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:48

AŞPA-da erməni əsirlərin məsələsi müzakirə olunacaq


AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) “erməni hərbi əsirlərin, başqa əsirlərin və deportasiya edilmişlərin” məsələsinin müzakirəsini səsvermə yolu ilə plenar iclasın gündəliyinə daxil edib.

Xəbərdə deyilir ki, bu barədə məlumatı özünün Facebook səhifəsində Ermənsitanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Ruben Rubinyan yayıb.

Onun sözlərinə görə plenar iclasda müzakirə aprelin 20-də keçiriləcək.

Başqa strukturlara da şikayət olunub

Bundan əvvəl aprelin 19-da Ermənistan ombudsmeni Arman Tatoyan deyib ki, Azərbaycandakı erməni əsirlərin məsələsi ilə bağlı beynəlxalq strukturlara, o cümlədən ATƏT-in sədrinə, Minks qrupu həmsədrlərinə, Avropa İttifaqının komissarlarına və BMT-nin insan haqları şurasına müraciət edib.

Azatutyun yazır ki, erməni tərəfinin müxtəlif təxminlərinə görə Azərbaycanda hələ də 200-dək erməni hərbi əsir var.

Azərbaycan indiyədək Ermənistana ümumilikdə 69, Ermənistan isə Azərbaycana 16 əsir qaytarıb.

Azərbaycan tərəfi bildirir ki, Azərbaycanda saxlanan şəxslər 9 noyabr atəşkəs razılaşmasından sonra Azərbaycanın nəzarətində olan ərazidə tutulublar və Bakı onları qanuni hərbi əsir yox, “terrorçu” hesab edir.

Kim necə səs verib?

Azərbaycan mediasının verdiyi xəbərlərə görə erməni əsirlərin məsələsinin müzakirəyə çıxarılmasını AŞPA-dakı deputatlardan 93-ü dəstəkləyib. 21 deputat bu müzakirənin əleyhinə səs verib, daha 18 millət vəkili bitərəf qalıb.

Məsələnin müzakirəyə çıxarılmasının əleyhinə səs verən deputatlardan 8-i Türkiyədən, 5-i Rusiyadandır. Macarıstandan və Serbiyadan – hərəsindən bir deputat də müzakirənin əleyhinə səs verib.

Rusiyadan 7 , Ukraynadan 2, Serbiyadan 2, Sloveniyadan, Almaniyadan, İtaliyadan, Çernoqoriyadan, Litvadan, Ruminiyadan – hərəsindən 1 deputat bitərəf qalıb.

Ukrayna, Moldova və Gürcüstandan olan deputatların əksəriyyəti Ermənistanın mövqeyini dəstəkləyib.

Xatırlatma

Atəşkəs razılaşmasının 8-ci bəndində hərbi əsirlərin qaytarılması nəzərdə tutulur. Azərbaycan indiyədək qarşı tərəfə hərbi əsirlərin hamısını qaytardığını, hərbi əməliyyatlar bitəndən sonra saxlananların isə əsir deyil, “terrorçu” olduğunu bildirir.

Avropa İnsan Hüquqları Məhkəməsi martın 16-da 72 erməninin Azərbaycanda olduğunu, Azərbaycan hökumətinin də onların saxlandığını təsdiqlədiyini bildirib.

Xarici işlər naziri Ceyhun Bayramov isə martın 15-də bir daha bəyan edib ki, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb, digər saxlananlar üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad olunmuş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir:

"Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir".

XS
SM
MD
LG