Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:24

İran Səudiyyə ilə danışıqlar apardığını təsdiqləyir


2016-cı ildə etirazçılar Səudiyyənin Tehrandakı səfirliyini yandırmışdılar
2016-cı ildə etirazçılar Səudiyyənin Tehrandakı səfirliyini yandırmışdılar

Tərəflər son vaxtlar ritorikanı yumşaltmış kimi görünür, barışığa hazır olduqlarını dilə gətiriblər

İran regiondakı qatı rəqibi Səudiyyə Ərəbistanı ilə danışıqlar apardığını ilk dəfə olaraq təsdiqləyib, Fars Körfəzində gərginliyin azaldılmasının hər iki ölkənin və regionun marağında olduğunu bildirib.

“İkitərəfli və regional məsələlər üzrə danışıqlar aparılıb”, – Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mayın 10-da mətbuat konfransında deyib.

Azı iki raund...

O, nəticələri müzakirə etmək üçün “çox tez” olduğunu deyərək Tehranın səudiyyəlilərlə “istənilən formada və istənilən səviyyədə” danışıqları həmişə alqışladığını vurğulayıb.

İraq Prezidenti Barham Salihin mayın 5-də deməsinə görə, İran və Səudiyyə təmsilçiləri arasında danışıqların azı iki raundu onun ölkəsində keçirilib, müzakirələr “vacib və əhəmiyyətli” olub.

Danışıqların ötən ay Bağdadda baş tutduğu bildirilir. Ər-Riyad Tehranla diplomatik münasibətləri 2016-cı ildə kəsib.

Ötən həftə Səudiyyə XİN-in təmsilçisi “Reuters”ə deyirdi ki, prosesin nəticəsini dəyərləndirmək üçün çox tezdir, məqsəd regional gərginliyi azaltmaqdır.

Yumşalma səbəbi

Sünnilərin idarə etdiyi krallıqla şiə çoxluğun yaşadığı İran region boyunca – Yəməndən tutmuş Suriyaya qədər bir sıra proksi münaqişələrdə qarşı tərəfləri dəstəkləyib.

Ancaq tərəflər son vaxtlar ritorikanı yumşaltmış kimi görünür, barışığa hazır olduqlarını dilə gətiriblər.

Səudiyyənin Vəliəhd şahzadəsi Məhəmməd bin Salman deyib ki, Tehran mənfi davranışına son qoyarsa, ər-Riyad onunla “yaxşı və xüsusi münasibət”ə hazırdır.

Təhlilçilərin fikrincə, Səudiyyənin regionda siyasətini dəyişməsinə Vaşinqtonda administrasiya dəyişikliyi səbəb ola bilər. Co Bayden administrasiyası ər-Riyadın insan haqları sahəsində və regional siyasətini tənqid edir.

Keçmiş prezident Donald Tramp isə İrana qarşı “maksimum təzyiq” kampaniyası yürüdür, Səudiyyənin siyasətini ümumilikdə dəstəkləyirdi.

Onun xələfi Bayden isə İranla nüvə sazişinə qayıtmaq istəyir, üstəlik, Səudiyyənin Yəməndə İrana bağlı husi üsyançılara qarşı müharibəsinə dözümlü yanaşmayacağını bildirib.

XS
SM
MD
LG