Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:45

ABŞ Şimal Axını 2 kəmərinə yeni sanksiyalar qoymayacaq


Birləşmiş Ştatlar Baltik dənizinin dibi ilə çəkilən Şimal Axını 2 kəmərinin borularını düzən şirkət və onun rəhbərliyi üzərinə yeni sanksiyalar qoymayacaq.

Bu barədə bəyanatı mayın 19-da dövlət katibi Entoni Blinken verib.

O bildirib ki, Vaşinqton “milli maraqlara” görə əlavə sanksiyaları dayandırır.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Heyko Maas demişdi ki, ABŞ sanksiyaları bir neçə vahidin üzərinə qoyula bilər.

Lakin o əlavə etmişdi ki, bu layihə üzrə işləyən Nord Stream 2 AG və onun baş direktoruna qarşı sanksiyalardan “prezident güzəşti” mövcuddur.

Sözü gedən şirkətin rəhbəri Matias Uorniq Almaniya vətəndaşı olsa da, Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqidir.

Berlin razı qalıb

Maas deyib ki, Berlin Vaşinqtonun bu addımını “kostruktiv” hesab edir və Almaniya ABŞ-la müzakirələrini bundan sonra da davam etdirəcək.

Rusiya və Almaniyanı Baltik dənizinin dibi ilə birləşdirəcək qaz kəmərinin artıq 95 faizi hazır olsa da, layihə Vaşinqton tərəfindən kəskin tənqid olunurdu.

ABŞ rəsmiləri xəbərdarlıq edirlər ki, tikintisi sentyabrda başa çatmalı olan Şimal Axını 2 kəməri Avropanın Rusiya qazından asılılığını daha da artıracaq.

Onlar həm də narahatdırlar ki, qazı bir başa Almaniyaya nəql edən Rusiya Ukrayna və Belarusdan keçən tranziti dayandıra bilər.

Almaniya hökuməti bu arqumentləri rədd edir və bildirir ki, layihə sırf iqtisadi səciyyə daşıyır.

Kəmərin tikintisini müdafiə edən kasnsler Angela Merkel vurğulayıb ki, Rusiya qazı Almaniya kəməri olmadan da Şimal Axını 1 də daxil başqa marşrutlarla Avropa boyunca sərbəst nəql olunur.

“Putinə hədiyyə”

Prezident Co Baydenin administrasiyası Şimal Axını 2 layihəsi üzərinə əlavə sanksiyalar qoyulması üçün, bəziləri hətta demokrat olmaqla Konqres üzvlərinin təzyiqi altında idi.

Konqresin Xarici Münasibətlər Komitəsinin demokrat üzvü Ceyn Şahin sanksiyaların dayandırılması ilə bağlı məyusluğunu bildirib:

“Mən ilk gündən Bayden administrasiyasına bildirmişdim ki, Şimal Axını 2 layihəsinin dayandırlması üçün bütün səyləri göstərmək lazımdır”.

Həmin komitənin respublikaçı üzvü, senator Cim Riş administrasiyanın bu addımını “Putinə hədiyyə” adlandırıb.

Rusiyanın Gazprom dövlət şirkəti Şimal Axını 2 kəmərinin ən böyük səhm payçısıdır.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Interfax agentliyinə deyib ki, sanksiyalardan güzəşt tədbiri Moskvada müsbət qarşılanacaq.

XS
SM
MD
LG