Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:47

Paşinyan Ayvazanın istefa izahatına izahat istəyir


Ara Ayvazyan Xarici İşlər Nazirliyində vida nitqi söyləyib
Ara Ayvazyan Xarici İşlər Nazirliyində vida nitqi söyləyib

Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan keçmiş xarici işlər naziri Ara Ayvazyanın istefaya getməsi barədə verdiyi izahatın aydınlaşdırılmasını tələb edir.

Ayvazyan demişdi ki, o hökumətin milli maraqlara zidd olan təşəbbüsləri ilə bağlı istefa verib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu barədə Ermənistanın Armenpress dövlət xəbər agentliyinə Paşinyanın mətbuat katibi Mane Gevorkyan bildirib.

“Biz cənab Ayvazana gördüyü işlər üçün minnətdarıq, amma hesab edirik ki, bizim dövlətçilik və milli marağımız onun açıq izahat verməsini tələb edir. Qoy ictimaiyyət qarşısında cavab versin: Kim, nə vaxt, harada və necə ölkəmizin dövlətçilik və milli maraqlarına zidd olacaq hansısa bir addım atmaq və ya qərar qəbul etmək niyyətində olub? Gözləyirik ki, cənab Ayvazyan bu barədə açıq izahat verəcək”.

Vida nitqi

Azatutyun yazır ki, xarici işlər naziri postundan istefa vermiş Ara Ayvazyan mayın 31-də nazirliyin kollektivi ilə vida görüşü keçirərkən deyib:

“Mən bu qərarı çox çətin qəbul etdim, amma bu vəzifəyə gələrkən mənim üçün bir kriteriya vardı: müstəqilliyimizin bəhrəsi olan bu nazirlik suverenliyimizi, müstəqilliyimizi, dövlət və milli maraqlarımızı mətinliklə müdafiə etməlidir. Ümid edirəm ki, özümdən sonra sizin üçün utanc hissi qoyub getmirəm”.

Ara Ayvazyan bəyan edib ki, onun istefasına məhz bu məsələlər səbəb olub.

O deyib ki, “bu nazirliyin dövlətçiliyimizə, milli və dövlət maraqlarına zidd olan ideyalar və təşəbbüslərlə razılaşacağına və ya bu yöndə hansısa addım atmacağına heç bir şübhə ola bilməzdi”.

Ayvazyan deyib ki, “bizim diplomatiyamız məğlubiyyətə düçar olmayıb”.

“Artsax məğlub olmayıb...”

Keçmiş nazir daha sonra deyib:

“Çoxları mənimlə razı deyillər, amma bütün bu müddət ərazində biz burda və səfirliklərdə sübut etdik ki, nəinki məğlub olmamışıq, hətta dövlətçilik və milli maraqlarımızı irəlilədə, qırmızı xətlər qoya bilmişik. Doğrudan da çox iş görülüb. İndi hamısını demək və qiymət vermək istəmirəm. Bu, gələcəyin işidir. Amma düşünürəm ki, biz küçəyə alnıaçıq çıxa bilərik. Fikrimcə, bizim beynəlxalq partnyorlarımız başa düşdülər ki, Ermənistan məğlub olmayıb, Artsax (Qarabağ – red) məğlub olmayıb, ermənilər məğlub olmayıb. Bunu bizim düşmənlərimiz də başa düşüblər...”

Ayvazyan qeyd edib ki, onun iş üslubu daim kollegial olub və bütün qərarlar peşəkar əsasda qəbul olunub.

Azatutyun xatırladır ki, Ara Ayvazyan istefasını mayın 27-də Ermənistan Təhlükəsizlik Şurasının fövqəladə iclasından bir neçə saat sonra elan edib.

Həmin gün baş nazir əvəzi Paşinyan sərhəddəki vəziyyətin çözülməsi üçün təkliflərini səsləndirmişdi.

Bakı ilə Yerevandan ziddiyyətli bəyanat: Zəngəzur dəhlizində nə yenilik var?
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

Ermənistan mediası Ayvazyanın Paşinyanla müqayisədə daha sərt və barışmaz mövqe tutduğunu və bu səbəbdən onunla baş nazir arasında ziddiyyət yarandığını yazırdı.

Baş nazir əvəzi Paşinyan sərhəd bölgələrindəki Azərbaycan və Ermənistan hərbi qüvvələrinin geri çəkilməsini və sərhəd boyunca beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təklif etmişdi.

52 yaşlı Ayvazyan nazir vəzifəsinə 2020-ci ilin 18 noyabrında təyin olunmuşdu. O 44 günlük müharibədən sonra istefa verən ikinci xarici işlər naziridir.

Azatutyun yazır ki, Ayvazyanın istefa bəyan etməsindən 4 gün keçir, amma Paşinyan hələki bu istefanı qəbul edib-etmədiyini bildirməyib.

XS
SM
MD
LG