Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:53

Vəkillər dövlət ittihamçısını ədalətsizlikdə günahlandırırlar…


Adil İsmayılov: «Hacı Məmmədovun kimlərləsə sövdələşməyə getdiyi göz qabağındadır»
Adil İsmayılov: «Hacı Məmmədovun kimlərləsə sövdələşməyə getdiyi göz qabağındadır»
Hacı Məmmədov və digər 26 nəfərin dekabrın 5-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı 10 nəfərə ömürlük, digər təqsirləndirilən şəxslərə isə 15 ildən 2 ilə qədər həbs cəzası istədi. Dekabrın 6-da keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən bəzilərinin vəkilləri bildirdilər ki, prokuror heç də baş verən cinayətlərə uyğun cəza istəməyib. Ağır qətllərdə və adam oğurluqlarında ittiham edilən Hacı Məmmədov və daha 26 nəfərdən ibarət olan bu dəstənin məhkəmə istintaqı artıq 6 aya yaxındır ki, davam edir. Təqsirləndirilənlərdən biri Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov deyir ki, hüquqlarını müdafiə etdiyi şəxsə də dəstənin rəhbəri hesab edilən Hacı Məmmədov kimi ömürlük həbs cəzası istəmək düzgün deyil. Nəzərə alaq ki, Hacı Məmmədov DİN-də Zahir Nəsirovun tabeliyində işləmişdi.

Məhkəmədəki ifadələrində Zakir Nəsirov ağır qətl və adam oğurluqlarında iştirak etməsi barədə ittihamları rədd etsə də, Hacı Məmmədov bir sıra cinayətlərin məhz onun himayəsi ilə həyata keçirildiyini deyir. Vəkil hesab edir ki, cəza istənilərkən bəzi dəstə üzvlərinə yanaşmada qanunun tələblərinə yox, xüsusi münasibətlərə üstünlük verilib. Vəkilin iddialarına görə, bu da bəzi qüvvələrlə Hacı Məmmədov arasında müəyyən razılığın əldə edildiyini göstərir: «Bu gün Hacı Məmmədovun kimlərləsə sövdələşməyə getdiyi göz qabağındadır».


«Bu, əsrin tam açılmamış cinayətləridir. Onlar yüksək səviyyədə himayə olunmasaydılar uzun müddət belə cinayətlər törədə bilməzdilər…»
Hələ məhkəmə prosesi yenicə başlayarkən bəzi müstəqil və müxalifət qəzetləri Hacı Məmmədovla hakimiyyət orqanları arasında gizli sövdələşmələrdən bəhs edirdilər. Qəzetlərin yazdığına görə Hacı Məmmədov jurnalist Elmar Hüseynovun qətlinin sifarişini keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin verməsini demək və bəzi sifarişçilərin adlarını gizli saxlamaqla müəyyən güzəştlərə nail olmaq istəyir. Yəni qəzetlərin təxminlərinə görə, Hacı Məmmədov ona verilən sifarişləri yerinə-yetirməklə təqsirləndirilənlər sırasında olan bəzi yaxınlarının cəzalarını yüngülləşdirməyə çalışırdı. Dövlət ittihamçısı isə Hacı Məmmədovun bacısı oğlu Elçin Əliyevə 10 il, onun faktiki nikahda olduğu Nailə Quliyevaya isə 15 il cəza istədi.


Əgər Hacı Məmmədovla bu cür razılaşma barədə iddialar doğrudursa, onun öz yaxınlarına istənən cəza ilə razılaşıb razılaşmadığını yəqin ki, məhkəmədə deyəcəyi son sözündə bilmək mümkün olacaq. Amma, Hacı Məmmədov məhkəmə prosesinin özündə də onunla hansısa qüvvələrin razılığa gəlməsi barədə fikirləri rədd edirdi. Bununla belə, Hacı Məmmədov ifadələrində sanki yaxınlarını qorumağa çalışır, deyirdi ki, törətdiyi adam oğurluğu və qətllərdən bu prosesdə təqsirləndirilən bacısı oğlu və nikahsız yaşadığı xanımının xəbəri olmayıb.


Bu cinayətlərdə təqsirləndirilənlərdən daha birinin vəkili Həzi Məmmədov isə Hacı Məmmədovla hakimiyyət orqanları arasında gizli saziş bağlandığı haqda iddialara inanmır. Vəkil deyir ki, elə Hacı Məmmədovun yaxınlarına da sərt cəza istənib. O, hesab edir ki, ümumiyyətlə bu cinayət işlərində Hacı Məmmədov icraçı kimi ittiham edilməli idi. Onun gümanına görə, daha böyük fiqurlar hələ də azadlıqdadır: «Bu, əsrin tam açılmamış cinayətləridir. Onlar yüksək səviyyədə himayə olunmasaydılar uzun müddət belə cinayətlər törədə bilməzdilər…»


Elə Hacı Məmmədovun özü də məhkəmədə bəzi cinayətlər üzrə dindirilərkən ona sifarişlərin verildiyini, amma həmin sifarişçilərin kim olduğunu deyə bilməyəcəyini söyləyirdi. Hacı Məmmədovdan bəzi qüvvələrin istifadə etmək istədikləri haqda fikirlər bəzi dövlət rəsmilərinin də dilindən eşidilirdi. «Qanun» jurnalının redaktoru Şahbaz Xudoğlunun sözlərinə görə hələ bir neçə ay əvvəl redaktorlarla Daxili İşlər naziri Ramil Usubovun görüşündə nazir də onlara deyib ki, Hacı Məmmədovdan istifadə etmək istəyən qüvvələr var. Həmin görüşdə Daxili İşlər naziri konkret ad çəkməsə də Şahbaz Xudoğlu iddia edir ki, Hacı Məmmədovdan yalnız hakimiyyət orqanları istifadə etmək gücündədir. Şahbaz Xuduoğlu deyir ki, bu məhkəmədən təkcə bəzi keçmiş məmurları ləkələmək üçün yox, hətta indiki bəzi vəzifəli şəxsləri şantaj etmək üçün istifadə ediblər. Nəticədə də məhkəmə öz məqsədlərindən kənara çıxaraq əsil həqiqətlərin üzə çıxarılmasına yox, məhz siyasi və maddi maraqlara xidmət edib…


Hələlik, məhkəməni tam yekunlaşmış da saymaq olmaz. Çünki, Hacı Məmmədov yekunda son söz deməlidir. Yəni, onun bəzi mətləblərə aydınlıq gətirməsi üçün yenə də imkanı qalır. Amma, Hacı Məmmədovun bu imkandan istifadə edib-etməyəcəyini indidən söyləmək mümkün deyil.


XS
SM
MD
LG