Bakıdakı “Location” gecə klubunda 3 nəfərin öldüyü, 37 nəfərin yaralandığı partlayışla bağlı iki ay davam edən məhkəmə araşdırmaları yekunlaşıb.
Sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu hadisəyə görə mühakimə olunan üç nəfərə ümumilikdə 18 il həbs cəzası istəyib.
Özlərini təqsirli bilmirlər
Cinayət məsuliyyətinə cəlb olunmuş üç nəfər bunlardır - obyekti icarəyə götürmüş “Merser food” MMC-nin administratoru Rəsul Rəsulov, şirkətin rəsmi təsisçisi Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov.
Prokuror Rəsulova 7 il 6 ay, Səfərov və Məmmədovun hər birinə isə 5 il 3 ay həbs cəzası verilməsini təklif edib. Onların vəkilləri isə əksinə, müvəkkillərinin təqsirsiz olduğunu bildirib, məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər.
Adları çəkilənlərdən təqsirləndirilən şəxslərdən FHN əməkdaşı azadlıqdadır. O, öncə həbs olunsa da, sonradan ev dustaqlığına buraxılıb. Digər iki nəfər isə həbsdədir. Onlar yanğın təhlükəsizliyi qaydalarını pozma, səhlənkarlıq kimi əməllərdə suçlanır.
Mühakimə olunanların heç biri özünü təqsirli bilmir.
Qaz balonunun partlaması...
Hadisə aprelin 3-də gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində baş verib. “Location” gecə klubunda partlayış nəticəsində 3 nəfər ölüb, 37 nəfər xəsarət alıb, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.
İstintaq belə nəticəyə gəlib ki, obyektin mətbəxində istifadə olunan qaz balonunun partlaması nəticəsində hadisə baş verib.
Ölənlərdən biri elə gecə klubunun işçisi - mətbəxdə çalışan 43-yaşlı Maya Axundova olub. Daha iki nəfər – Fərqanə Eynullayeva və Gülbala Abdullayev isə sonradan xəstəxanada vəfat edib.
İş üzrə ümumilikdə 52 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onların arasında “Bakı Lift Təmir” İstehsalat Birliyinin sabiq baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova da var. Həmin gecə o da klubda xəsarət alıb.
Zərərçəkmişlər arasında obyektin yerləşdiyi binadakı mənzillərin, partlayış nəticəsində ətrafda ziyan çəkən avtomobillərin sahibləri də var.