Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:43

Xersonda ərazi müdafiə​​​​​​​ dəstələri yaradılır


Nikolayev, 23 oktyabr, 2022-ci il
Nikolayev, 23 oktyabr, 2022-ci il

Ukraynanın əhalisi köçürülən Xerson vilayətinə Moskvanın təyin etdiyi məmurlar yerli ərazi müdafiə dəstələrinin yaradılacağını deyirlər. Onlar şəhərdə qalan kişilərin hamısını bu dəstələrə qoşulmağa çağırıblar.

İşğal hakimiyyəti oktyabrın 24-də Telegram sosial şəbəkəsində yazıb ki, şəhərdə qalmağı seçən kişilərin ərazi müdafiə birliklərinə qoşulmaq “imkanı” var.

Artıq bir neçə gündür Xerson sakinləri köçürülür. Xerson Rusiyanın ötən ay ilhaqını elan etdiyi dörd vilayətdən biridir. Rusiyanın işğal etdiyi digər vilayətlərdə isə kişiləri məcburən döyüşlərə cəlb edirlər.

Oktyabrın 18-dən vilayətdən 25 minədək sakinin köçürüldüyü bildirilir.

Blinkendən "çirkli bomba" iddialarına cavab

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın guya öz ərazisində çirkli bombadan istifadəyə hazırlaşması haqda Rusiyanın “birmənalı saxta iddialarını” rədd edib, Vaşinqtonun işğalçı Rusiya qüvvələrinə qarşı Kiyevə dəstək verəcəyini bir daha dilə gətirib.

“Birləşmiş Ştatlar Ukraynanın öz ərazisində çirkli bombadan istifadəyə hazırlaşması haqda Rusiya Müdafiə naziri (Sergey) Şoyqunun birmənalı şəffaf iddialarını rədd edir. Dünya Rusiyanın bu iddiadan müharibəni genişləndirməyə bəhanə kimi istifadə cəhdlərini anlayacaq”, – Blinken oktyabrın 23-də ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon söhbətində deyib.

Şoyqunun iddiası

Şoyqu deyib ki, Rusiya “Ukraynanın çirkli bombadan istifadəylə bağı mümkün provokasiyasından narahatdır”. O, oktyabrın 23-də Türkiyə, Britaniya və Fransa müdafiə nazirləri ilə telefon söhbətində bu haqda danışıb. Ancaq nazir iddianı əsaslandıracaq dəlil göstərməyib.

Çirkli bomba dinamit kimi partlayıcının radioaktiv maddəylə qarışığıdır. Dinamit, yaxud digər partlayıcı işə düşəndə radioaktiv maddə ətraf mühitə yayılır.

Dronlar “getdikcə daha uğurla” vurulur

Blinkenlə Kuleba ABŞ və beynəlxalq ictimaiyyətin Ukraynaya dəstəyi davam etdirməsini müzakirə edirlər.

Bu arada Britaniya kəşfiyyatının yaydığı məlumata görə, Ukrayna İran istehsalı Şahid-136 dronlarını “getdikcə daha uğurla” vurur. Rusiya Ukraynadakı hədəflərə məhz bu dronlarla zərbə endirir.

Britaniya Müdafiə Nazirliyinin oktyabrın 24-də yaydığı bülletendə deyilir ki, bu dronlar aşağı sürətli, səs-küylüdür, alçaqdan uçur və onları adi havadan müdafiə sistemləri asanlıqla hədəfə ala bilir.

Bülletendə Ukraynadakı rəsmi mənbələrə, o cümlədən Prezident Volodimir Zelenskiyə istinadla qeyd olunur ki, “hücumların 85 faizə yaxını aşkarlanır”.

Xeyli Şahed-136 işlənir

Ukrayna infrastrukturunun Şahed-136 dronları ilə vurulduğunu deyir. Ancaq İran və Rusiya ittihamları rədd edir.

Fransa, Almaniya və Britaniya BMT-ni Rusiyanın Ukraynadakı müharibədə İran dronlarından istifadəsini araşdırmağa çağırıb. Tehran oktyabrın 22-də bu çağırışı tənqid edib.

Britaniya kəşfiyyatı onu da qeyd edir ki, Rusiya Ukraynanın getdikcə daha effektli işləyən havadan müdafiə sistemlərini aşkarlamaqdan ötrü xeyli sayda Şahed-136 sərf edir.

Bülletendə belə bir ehtimal irəli sürülür ki, Rusiya həmin dronlardan özünün azalmaqda olan dəqiq silahlarının əvəzedicisi kimi yararlanır.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG